“Qoy desinlər, boyunlarına alsınlar”
Son
zamanlar ermənilər arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin, ərazi
bütövlüyünü qəbul edənlərin sayı artır. Nümunə kimi, yaradılan Sülh
Platformasını və ona qoşulan erməniləri göstərmək mümkündür. Bundan əlavə,
ABŞ-da yaşayan yazıçı Anna Paytyan mövqeyini bölüşməkdən çəkinməyib. O, Xocalı
soyqırımı haqda cəsarətli bəyanatı ilə fərqlənib və qanlı qətliamı təşkil etmiş
cəlladların cəzalandırılmasını tələb edib. Bildirib ki, Azərbaycan uşağını
öldürən kəs, erməni uşağını da öldürəcək: "Serj Sarkisyana və Robert Koçaryana əfv
hüququ olmadan ölüm cəzası!"
Ukrayna
Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyan isə APA-ya açıqlamasında
deyib ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması şərti ilə sülh əsasında son qoyulmalıdır: "Bizim
hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi bütövlüyünə təcavüz olub, biz həmişə
bu məsələ ilə paralel, Azərbaycanın da ərazi bütövlüyünün bərpası məsələsini
qaldırırıq. Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Biz bunu
dəfələrlə Ermənistan rəsmiləri ilə, deputat qrupları ilə görüşlərimizdə tələb
etmişik. Azərbaycan mənim vətənimdir, mən orada Oğuz rayonunda doğulmuşam. İndi
də biz ailə olaraq, Azərbaycanı özümüzə vətən hesab edirik. Biz istəyirik ki,
Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Bu münaqişədən erməni xalqı çox əziyyət
çəkir, müharibə bitər, sərhədlər açılarsa, Ermənistan bundan iqtisadi cəhətdən
çox fayda götürəcək. Bu, tək mənim yox, əksər ermənilərin fikridir”.
Göründüyü
kimi, artıq ermənilər içində də həqiqətləri etiraf edənlər var. Təbii ki, ilk
olaraq, bunun nəyin göstəricisi olduğu sual doğurur. Həmçinin, Azərbaycanın bu
cür faktlardan nə cür yararlana biləcəyi də müzakirə mövzusuna çevrilməyə bilməz.
Bu haqda
suallarımızı cavablandıran millət vəkili, AMEA
Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı dedi ki, Sülh
Platformasının yaradılması və son günlər ona qoşulanların sıralarının genişlənməsinə
dair izlədiyimiz xəbərlər bir daha göstərir ki, dünya ermənilərinin heç də
hamısı Serj Sarkisyan və ətrafındakılar kimi düşünmür: "Ermənistan rəhbərliyi
daim belə bir uydurma təbliğat aparır ki, guya azərbaycanlılar və ermənilər bir
yerdə yaşaya bilməzlər. Bu iyrənc təbliğatın da konkret məqsədi Azərbaycanın
Dağlıq Qarabağ regionunun ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsidir.
Belə təbliğatın heç bir tarixi və siyasi təməli yoxdur. Çünki hələ XIX əsrdə Cənubi
Qafqaza gətirilən ermənilərə azərbaycanlılar torpaq, isti yuva veriblər,
onlarla çörəklərini bölüblər. Həm çarizm, həm də sovet dövründə ölkə daxilində
müəyyən qüvvələrin və bəzi xarici ölkələrin iki xalq arasında nifaq salaraq
niyyətlərini reallaşdırmaq üçün törətdikləri qanlı hadisələr istisna olmaqla,
ermənilər daim azərbaycanlılarla yanaşı yaşayıblar. Ermənistanın Azərbaycanın
Dağlıq Qarabağ regionunu və ətraf ərazilərini işğal etməsinə baxmayaraq,
indinin özündə Azərbaycanda ermənilər yaşayırlar, aparıcı informasiya
saytlarında işləyirlər, hətta Bakıya səfərlər də edirlər. Bu, bir daha göstərir
ki, azərbaycanlılar və ermənilər mehriban qonşular kimi yaşaya bilərlər.
Münasibətlərdə olan problemlərin kökü Ermənistanın işğalçılıq siyasətindədir. Rəsmi
İrəvan Azərbaycanın işğal edilmiş bütün ərazilərini boşaltsa, düşmənçilik siyasətindən
əl çəksə, iki ölkə arasında normal münasibətlər qurula bilər. Hesab edirəm ki,
xarici ölkələrdə yaşayan ermənilərin bir qismi yanlış daxili və xarici siyasəti
ilə Ermənistan vətəndaşlarına bədbəxtliklər gətirən, Ermənistan dövlətinin
mövcudluğu üçün təhlükə yaradan indiki rejimə yaxşı münasibət bəsləmir və onlar
da məlum platformaya qoşulacaqlar. Çünki Ermənistanın bir dövlət kimi gələcəyi
Azərbaycan ilə normal münasibətlər qurmasından keçir”.
AMEA Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin
müdiri, professor Qasım Hacıyev də xatırlatdı ki, ermənilər Azərbaycana, Qarabağ ərazisinə 19-cu əsrin
əvvəllərində köçürülüblər. Rusiya tərəfindən onlara müxtəlif şərait yaradılıb:
"Havadarlarının hesabına daha fəal şəkildə ərazi iddialarına başladılar. Dağlıq
Qarabağ onlara aid olmasa da, bu haqda kitablar yazdılar, ideoloji vəsaitlər
hazırladılar. İlk dəfə 20-ci əsrin əvvəllərində soyqırımılar törətdilər. Ərazi
iddiaları özünü 20-ci əsrin sonlarında daha aydın göstərməyə başladı və
torpaqlarımızı işğal etdilər. O vaxt sorğu aparılmışdı və ermənilər Azərbaycanın
tərkibində qalıb yaşamaq istədiklərini demişdilər. İllərlə ermənilərin həqiqətləri
dilə gətirdiklərini görməmişik. Son dövrlərdə bunu Ter-Petrosyandan gördük. Təbii
ki, bu münaqişə ədalətli həllini tapmalıdır. Amma onu da bilirsiniz ki, Ermənistanda
parlamentdə gülləboran yaşanıb, Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırılıb və s.
İndi həqiqətləri etiraf edən ermənilərin sayının artması məni sevindirir. Qoy
desinlər, boyunlarına alsınlar. Təəssüf ki, çox zaman ermənilərin planlarının
ardından məkrli niyyətləri ortaya çıxır. Bunu sırf sonuncu etiraflarla bağlı
demirəm. Bu faktla bağlı onu demək istəyirəm ki, istənilən düşmən olan adamlar
sonra bir yerdə yaşaya bilirlər. Ələlxüsus da, buna məcburdurlarsa. Ola bilsin,
biz onlarla yenə də əvvəlki kimi yaşayaq”.
Professor
hesab edir ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ermənilərə inandığımızı
deməliyik: "Biz çoxdan ermənilərin bu cür mövqe sərgiləyəcəyini gözləyirdik.
Avantürist ermənilərdənsə, faktlara söykənərək həqiqətləri dilə gətirən ermənilərin
olması daha yaxşıdır. Obyektiv fikir söyləyən, Dağlıq Qarabağın Azərbaycana məxsus
olduğunu deyən ermənilərə qarşı heç bir iddiamız yoxdur. Həmişə ümid edirdik
ki, o millətin içindən ağıllı adamlar çıxacaq. Ədalətsiz siyasətin, yersiz
münaqişənin sona çatmağı lazımdır. Bizim arzumuz bu idi ki, həqiqəti onlar da
anlasınlar. Bizim deməyimizdən çox, ermənilərin öz etirafları daha yaxşıdır.
Biz bunu təbliğ etməli, yaymalıyıq”.
Xalq şairi Fikrət Qoca da dedi ki, hər zaman ermənilərin reallıqları başa
düşmələrinə çalışılıb. Nəhayət, onlar dərk edirlər ki, tarixi faktları başqa cür
təqdim etmək lazım deyil: "Çalışırdıq ki, baş verənləri etiraf etsinlər,
boyunlarına alsınlar, Qarabağın Azərbaycana məxsusluğunu dilə gətirsinlər. Nə qədər
dalaşmaq, bir-birini öldürmək olar? Buna son qoyub adam kimi yaşasınlar. Axı
biz qonşuyuq. Sülh şəraitində yaşasaq pismi olar? Əvvəllər qətiyyən sülhə yaxın
gəlmirdilər, bizi eşitmirdilər. Əgər indi başa düşməyə başlayıblarsa, lap
yaxşı. Düzdür, gecikiblər, amma gec də olsa, etiraf etmələri yaxşı haldır. Azərbaycan
bu kimi faktlardan öz təbliğatında istifadə edə bilər. Onlar bizə qarşı
soyqırımı həyata keçiriblər. Bunu etiraf ediblərsə, biz onları dəstəkləməliyik.
Ölkəmiz illərdir təbliğat qurur. Biz elə bunu istəyirdik. Ermənilərin sülhə gəlməsini,
reallığı etiraf etmələrini. Nəhayət ki, onlar haqqı müdafiə etməyə, reallıqları
dilə gətirməyə başlayıblar. Belə faktlar ölkəmizin xeyrinədir”.
Şəfa Tapdıq