AZE | RUS | ENG |

“Qoşulmama Hərəkatında təmsilçilik ölkəmiz üçün əhəmiyyətlidir”

“Qoşulmama Hərəkatında təmsilçilik ölkəmiz üçün əhəmiyyətlidir”
Millət vəkillərinin qənaətinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bu kimi beynəlxalq platformalardan məharətlə istifadə edilir

Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransı keçirilib. Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edib. Nazirlər konfransının Yekun Bakı Sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb. Sənəddə nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri münaqişəni Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış ediblər.
 
 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov paytaxt şəhərimizdə keçirilən növbəti mötəbər toplantını, həmçinin qəbul edilən sənədi şərh edərkən bildirib ki, Yekun Bakı Sənədində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələdə Azərbaycanın mövqeyinin ortaya qoyulması və iştirakçı ölkələrin xarici işlər nazirlərinin bu mövqeyi dəstəkləməsi Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edir. Tərkibinə 120 dövlətin daxil olduğu Qoşulmama Hərəkatına Azərbaycanın 2011-ci ildə tamhüquqlu üzv olduğunu vurğulayan millət vəkili qeyd edib ki, bu təşkilat üzvlərinin sayına görə dünyada 2-ci ən böyük təşkilatdır: "Azərbaycan Prezidentinin balanslaşdırılmış, çevik xarici siyasətinin məntiqindən irəli gələrək Azərbaycan Qoşulmama Hərəkatında da uğurla fəaliyyət göstərir. Bu il Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransı Bakıda keçirilib. Gələn il Qoşulmama Hərəkatına üzv olan dövlətlərin başçılarının zirvə görüşü Bakıda keçiriləcək. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik funksiyasını öz üzərinə götürəcək. Bu baxımdan, Qoşulmama Hərəkatında təmsilçilik Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatına üzv ölkələr beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlərdə ölkəmizi hər zaman müdafiə edirlər. Qoşulmama Hərəkatı hər zaman Dağlıq Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Təşkilatın Azərbaycanda keçirilmiş konfransında qəbul edilmiş Yekun Sənəddə də eyni yanaşma öz əksini tapıb. Bu, o deməkdir ki, Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin hamısı birmənalı şəkildə Azərbaycanın bu münaqişənin həlli ilə bağlı mövqeyini dəstəkləyir. Heç bir halda söhbət xalqların öz müqəddəratını təyin etmək hüququndan getmir. Hesab edirəm ki, Yekun Sənəddə də bu mövqeyin ortaya qoyulması və iştirakçı ölkələrin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi Azərbaycan üçün olduqca əhəmiyyətlidir”.
 
 

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında iştirak etməsinin və "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransına ev sahibliyi etməsinin əsas məqsədlərindən biri ölkəmizin həqiqətlərini dünyaya çatdırmaqdır. Onun sözlərinə görə, Azərbaycan həqiqətləri dünyaya çatdırmaq üçün bütün beynəlxalq platformalardan istifadə edir: "Qoşulmama Hərəkatı da bu platformalardan biridir. Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransının Yekun Sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb. Orada ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüquq normalarına uyğun olaraq dəstəklənir. Azərbaycanın bu hərəkatda iştirakının əsas məqsədi də bundan ibarətdir. Fikrimcə, Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı fəaliyyətini bütün beynəlxalq təşkilatlarda davam etdirməlidir və bütün dünya hüququn aliliyinin pozulduğunu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin sülhə və sabitliyə təhdid törətdiyini bilməlidir”.
 
 

Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə qeyd edib ki, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş nazirlər konfransı artıq Azərbaycan paytaxtının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir. Millət vəkilinin qənaətinə görə, Azərbaycan Qoşulmama Hərəkatına az bir vaxtda üzv olmasına baxmayaraq, qurumda özünü aktiv təqdim edib və hərəkata üzv ölkələrin ümumi maraqlarına uyğun yaradıcı addımları ilə tanınıb. O deyib ki, bu konfransın Bakıda keçirilməsi hərəkata üzv ölkələrin Azərbaycana etimad göstərməsinin nümunəsidir. Millət vəkili vurğulayıb ki, konfransın yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə münasibət bildirilməsi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin yerinə yetirilməsinin vacibliyi bir daha Azərbaycanın haqq işinin dünya tərəfindən qəbul edildiyini göstərir: "Həmçinin Qoşulmama Hərəkatının bir neçə vacib tədbirinin Azərbaycanda keçirilməsinin qərara alınması rəsmi Bakının növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, Azərbaycan növbəti dəfə sivil, demokratik, beynəlxalq hüquq normalarına uyğun hərəkət edən ölkə olduğunu bir daha sübut etdi”.

Alpər TURAN
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000