• çərşənbə axşamı, 19 mart, 15:07
  • Baku Bakı 8°C

“Qorxunun əcələ faydası yoxdur”

20.02.17 12:02 4451
“Qorxunun əcələ faydası yoxdur”
Azərbaycanın istedadlı gənc aktyorları kifayət qədərdir. Onlardan biri də Bakı Uşaq Teatrında çalışdığı vaxtdan tanıdığımız Vüsalə Bəşirovadır. Vüsalə hazırdaTürkiyədə yaşayır. Aktrisa Türkiyəyə gedər getməz orada böyük reytinq toplayan "Beni affet” serialının bir neçə bölümündə çəkilib. O, Türkiyədə fəaliyyət göstərən özəl teatrlarla çalışmaqla bərabər müğənniliklə də məşğul olur.
1986-cı il avqustun 29-da Bakıda doğulan Vüsalə ailələrinin kiçik və ərköyün övladı olub. Məktəbi əla qiymətlərlə bitirib. 2006-cı ildə Vüsalənin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru” fakültəsində tələbə həyatı başlayıb. Onun aktrisalığı seçməyi tam təsadüf nəticəsində baş verib. Məktəbi bitirdiyi 2003-cü ildə "Bakı payızı” adlı musiqi müsabiqəsinə qatılan Vüsalə burada əməkdar artist Tünzalə Ağayeva ilə duet ifa edib. Bu müsabiqə onun həyatını dəyişib. Uşaqlıqdan müğənni olmaq istədiyini deyən müsahibim peşəkar ifaçı olmağı qarşısına məqsəd qoyub. Yaxın dostları ona İncəsənət Universitetinin təkcə musiqini yox, musiqili teatr aktyoru fakültəsini seçməyi məsləhət görüblər. O gündən Vüsalə xanım teatrda müxtəlif obrazlar canlandırıb. Bakı Uşaq Teatrının tamaşalarında çox sayda maraqlı rollar ifa edib. Bundan əlavə "Qaynana”, "Kolxoz” kimi seriallarda da rol alıb. Ancaq uşaqlıq arzusu olan müğənnilikdən də uzaqlaşmayıb.
- Teatra marağın məhz musiqidən qaynaqlandığını deyirsiniz. Bəs sonra?
- 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olanda düşünürdüm ki, gələcəkdə teatrda işləməyəcəyəm. Açığını desəm əvvəllər teatrda işləmək üçün çox da həvəsli deyildim. Bilirdim ki, yaradıcılığıma ifaçı kimi davam edəcəyəm. Ancaq bu sahədə çalışdıqca sənətimi sevməyə başladım. Gördüm ki, teatr daha maraqlıdır. Çalışaraq aktrisalıq sənətinin incəliklərinə yiyələndim. Özümü bu sənətin bir parçası hesab etməyə başladım. 4-cü kursda oxuyarkən kurs rəhbərimiz Telman müəllim məni uşaq teatrına aktrisa kimi göndərəcəyini deyəndə əvvəlcə bir az tərəddüd etdim. Ancaq bugünə qədər heç vaxt Bakı Uşaq Teatrında çalışdığıma görə peşman olmamışam. Mənə elə gəlir ki, bizim - mən hələ də özümü o teatrın bir parçası hesab edirəm - teatr qədər səmimi kollektiv heç yerdə yoxdur.

- Bəs, sizi Türkiyəyə aparan səbəblər nələr oldu? Buradakı fəaliyyətiniz sizi qane etmədimi?
- Mən elə deməzdim. Türkiyəyə getmək səbəbim bir az başqa idi. Belə ki, az da olsa dəyişik həyat tərzi yaşamaq istəyirdim. Bizim sənətimiz elədir ki, hər yerdə fərqli nələrsə öyrənirsən. Bu sənətlə iç dünyanı daha fərqli səhnələrdə açmaq şansın olur. Digər tərəfdən, uşaqlıqdan Türkiyədə musiqi fəaliyyətimi davam etdirmək arzusunda olmuşam. Bu səbəb məni Türkiyəyə gətirdi. Amma Ankarada qalmağım tamamən bir təsadüf nəticəsində baş verdi.
- Bir müddət eşitdik ki, Türkiyədə teatrların birində çalışmısınız...
- Hazırda heç bir teatrda fəaliyyət göstərmirəm. 2016-cı ildə bir neçə ay Matıne Suare adlı teatr toplumunda çalışdım. Ondan sonra "Onuncu Koy” media adlı uşaq teatr qrupunda işlədim. Burada uşaq obrazları yaratmalı oldum.

- Türkiyədəki teatrlarla bizim teatrlar arasında nə kimi fərqlər var?
- Mən Bakıda professional teatrda məşğul idim. Bütün teatrlarımıza tamaşaçı olaraq gedirdim. Teatr camesindən olan insanlarla yaxından tanışlığım vardı. Ancaq Ankarada demək olar ki, özfəaliyyət qruplarla çalışmışam. Onlarla bizim teatrın fərqi çox böyükdür. Buraya dekor, geyim, aktyorluq qabiliyyəti daxildir. Aktyorların tamaşaçı uşaqlarla münasibəti də bir başqadır. Burada teatra maraq çox böyükdür. Hər məktəbdə, bağçada valideyn və müəllimlər maarifləndirici əsərlərin, övladlarının həmin tamaşadan nəyisə öyrənə biləcəyi ssenarilərin olmasını tələb edir.
- Türkiyədə azərbaycanlı aktyorlara münasibət necədir?
- Artıq il yarımdır ki, Ankaradayam. İndiyə kimi işə başlamaq üçün müxtəlif yerlərə müraciət etmişəm. Demək olar ki, hər dəfə də təhsil aldığım yerləri deyəndə eyni reaksiyanı almışam. Azərbaycanın musiqisi və teatr təhsili Türklər üçün əlçatmaz görünür və təbii ki, bizim bu sahədə daha güclü olduğumuzu qəbul edirlər.
- Bildiyimiz qədər siz müğənniliklə də məşğulsunuz, orada bu sənətə tələb necədir?
- 13 ildir ki, ifaçılıqla məşğulam və sadəcə aktyorluqla dolanmaq qeyri-mümkündür. Ona görə də burada musiqi fəaliyyətimi davam etdirirəm. Müxtəlif vaxtlarda toylarda, bəzən canlı musiqi ifa olunan restoranlarda iştirak edirəm. Azərbaycana nəzərən burada musiqili məkanlar çoxdur, ona görə də iş tapmaqda heç bir çətinlik çəkmirəm. Və ifaçılıq sənətimi daha yaxşı inkişaf etdirə bilirəm.
- Türkiyəyə getdikdən sonra da orada Uşaq tamaşalarında rol almanız sizə də qəribə gəlmirmi? Yəqin ki, bu sizin uşaqlara olan sevginizdən qaynaqlanır.
- Mən ölkəmdə də Bakı Uşaq Teatrında çalışırdım. Orada nağıl qəhrəmanlarının obrazını yaratmışam. Türkiyədə çalışdığım teatr da Uşaq Teatrı idi. Ancaq bu teatrda fəaliyyətimi dayandırmalı oldum. Çünki orada peşəkarlıq yox idi. Həm də çox işləyir, az maaş alırdım. İntiqam (Soltan-red.) müəllim məni bu sahədə ixtisaslaşdırdı. Bir sözlə burada Uşaq Teatrına məni bağlayan elə Bakı Uşaq Teatrı oldu.
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomu Türkiyə teatrları tərəfində tanınırmı?
- Çalışdığım teatrlarda məndən diplom tələb etməyiblər. Yəni mənim diplomumla maraqlanmayıblar. Dövlət teatrına getsəydim yəqin ki, onlara diplom lazım olardı. Çalışdığım teatrlar özfəaliyyət teatrları olduğu üçün o qədər də buna əhəmiyyət verməyiblər. Mən Azərbaycanda teatr təhsili almışam deyəndə onlar bunu yüksək qiymətləndirir.
- Bəs seriallara, filmlərə necə dəvət alırsınızmı?
- Burada o işlərə prodakşınlar baxır. Mən də prodakşınların birinə üzv olmuşdum. İndi Fox Televiziyasında yayımlanan "Esaretim sensin” serialının bir iki bölümünə çəkilmişəm. Böyük rollara təklif ala bilmirəm.
- Orada dövlət teatrlarına müraciət etmək şansınız olduğu halda, niyə özəl teatrlara üstünlük verirsiniz?
- Nədənsə dövlət teatrlarına müraciət etmirəm. Əvvəla orada çalışan hər hansı bir tanışım yoxdur. Həm də eşitdiyimə görə Türkiyədə dövlət teatrlarında ancaq türk vətəndaşlarını qəbul edirlər. Onlar da bizim kimi dövlət teatrında işçiləri müqavilə ilə işə götürürlər. Düşündün ki, dövlət teatrında çalışsam zamanın çoxu elə teatra gedəcək. Mənim burada başqa işlərim də olduğu üçün açığı bir az risk edə bilmirəm. İstəmirəm ki, bir yerə bağlı şəkildə qalım. Ona görə də hələ ki, müraciət etmirəm.
- Son bir neçə ildə Türkiyədə ard-arda terror hadisəsi baş verir. Belə olan halda vətənə geri dönməyi düşünürsünüzmü?
- Terror hadisəsi Türkiyədə yaşayan insanları narahat edir, həyəcanlandırır. İnsanların qulağı səsdədir ki, birdən haradasa bomba partlayar. Partlayışların davamlı xarakter alması insanları rahat yaşamağa da imkan vermir. Ankarada belə bir şayiə gəzir ki, guya 2 gün sonra da nəsə olacaq. Hətta xəbərdarlıq da edilib ki, bir müddət insanların çox toplaşdığı mərkəzlərdən uzaq olsunlar. Ancaq terror hadisələri heç də mənim gözümü qorxutmayıb. Bundan sonra da Türkiyədə yaşamağa davam edəcəm. Heç bir narahatlıq hissi keçirmirəm. Əgər alnıma PKK-çılar tərəfindən öldürülmək yazılıbsa, qismətdən qaçış yoxdur. Açığı, heç nədən qorxmuram. Bizə əvvəlcədən xəbərdarlıq edilib ki, hər an hər şey ola bilər. Burada vətən sevgisinə bir daha şahid oldum. Onlar vətənlərini canları bahasına belə olsa, qorumağa hazırdırlar. Gözlərində qəzəb var. Qorxmuram, sadəcə təlaşlanıram. Çünki insan belə vəziyyətlərdə mənən sakit yaşaya bilməz. Yoxsa ölməkdən qorxmuram. Onsuz da bir gün biz də bu dünyadan köçəcəyik. Qorxunun əcələ faydası yoxdur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər