• cümə, 29 Mart, 18:39
  • Baku Bakı 14°C

“Qorxmasan, nəyisə sevə bilməzsən“

28.10.13 13:52 1352
“Qorxmasan, nəyisə sevə bilməzsən“
Respublikanın əməkdar artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov yenicə Həcc ziyarətindən qayıdıb. Tanınmış musiqiçi təəssüratlarını modern.az-la bölüşüb.
- Hamı kimi biz də illərlə arzu edirdik ki, Allahın vacib buyurduqlarından biri olan Həcc əməlini yerinə yetirək. Hərdən deyirlər ki, nədənsə qorxmaq yox, sevmək lazımdır. Amma mən deyirəm ki, sevgi qorxudan yaranır. Qorxmasan nəyisə sevə bilməzsən. Atanı, ananı, ailəni, bacını, qardaşı itirmək qorxusu olduğuna görə onları sevirsən. İçimizdə qorxu olduğuna görə həyat yoldaşımla Həcci ziyarət elədik. Amma bu qorxu yaxşı mənadadır, sevinc qorxusudur. Allah hər kəsə qismət eləsin. Danışmaqla deyil e, gərək öz gözlərinlə görəsən.
– Neçə ildir namaz qılırsınız?

– On il.
– Deyirlər ki, toy və ibadət bir araya sığmır. Çətin deyil ki?

– Allaha and olsun heç nə çətin deyil. Onu kimsə özü-özündə çətinləşdirir. Hər kəs özünə cavabdehdir. Mən bilirəm ki, dinin özündə də ifrat bağlılıq, fanatizm bəyənilmir. Namazdan, ibadətdən düzgün istifadə etməliyik. Musiqiçi var ki, namaz qılır, sənətini atır, deyir haramdır. Bu da Quranı oxumamaqdan irəli gəlir. Quranın Azərbaycanca tərcüməsini oxuyursan, bilirsən ki, nə olar, nə olmaz.
Əli əleyhissalamdan bir gözəl hədis var. Deyir ki, hər hərfi həftə ilə oxu ki, onu dərk edəsən. Onu düzgün oxuyub dərk edəndə başa düşürsən ki, ən gözəl din İslamdır. İnsan hər şeyi sevir. Bəzi qadağalar var, məsələn, içki içmə. Kim içir, Allah canını sağ eləsin. Biz də vaxtında içmişik də, birdən-birə namaz qılmamışıq ki.
– Neçə yaşınıza qədər içmisiniz?

– Cavan vaxtımda tövbə etmişəm. O da ailə qurmağımla bağlı olub. Ona görə də həm Allaha, həm də ailəmə minnətdaram.
– Neçə yaşınızda ailə qurmusunuz ki?

-21-22 yaşımda ailə qurmuşam.
– Ailədə hər kəs ibadət edir?

– Üzr istəyirəm, kiçik övladım ikinci sinifdə oxuyur. Ailədə 5 nəfərik, hamımız ibadət edirik. Hər kəs öz axirəti üçün ibadət edir.
– Bu ziyarətdən sonra sizin üçün nə dəyişdi?

– Mənim üçün həyat necə var, elə də davam edir. Sözün əsl mənasında, içimdə bir ümid və inam olub ki, Allah bunu mənə qismət edəcək. Bircə ölümümü bilmirəm. Onu da ölümümə bir-iki gün qalmış Allah bildirər. Həyat həmin həyatdır, hər şey gözəldir. Çox sevincli idik. Bu ziyarətin əzəmətini gördük. Danışmaq başqadır, o hissləri yaşamaq daha gözəldir.
– Zəvvarlar arasında sənətçilərdən daha kimlər var idi?

– Rüfət Axundov, Aşıq Əli, nəfəs alətləri ifaçısı Abbasqulu Nəcəfzadə və bir neçə şəxsən tanımadığım musiqiçilərimizi də gördüm.
banner

Oxşar Xəbərlər