• cümə axşamı, 28 mart, 16:57
  • Baku Bakı 16°C

Qorxaqlıqdan doğan sərsəmləmə

28.01.15 06:28 1082
Qorxaqlıqdan doğan sərsəmləmə
Ermənistan prezidenti növbəti dəfə acı gülüş doğuran sərsəm bəyanatları ilə gündəmə gəlib. Belə ki, o, Ermənistan Müdafiə Nazirliyinin kollegiya iclasında sərhəddə və təmas xəttində böyük və təhlükəli toplanma halında zərbələr endirmə hüquqları olduğunu söyləyib və intiqam aksiyalarının mümkün ola biləcəyini qeyd edib. Öz ordusundakı itkilərdən təəssüfləndiyini bildirən işğalçı ölkənin prezidenti ölkəmizi hədələməyi də unutmayıb. Təbii ki, onun bu cür fikirləri susqunluqla qarşılanmayıb və Müdafiə Nazirliyi Sarkisyanın təhdid dolu bəyanatlarının əslində, ölkəmizdən çəkinməsinin təzahürü kimi qiymətləndirib: “Azərbaycan Silahlı Qüvvələrinin cari ilin yanvar ayında işğalçıların təxribatlarının qarşısının alınması zamanı keçirdiyi əməliyyatlar hərbi cəhətdən məhvedici, tutarlı olmaqla bərabər, Azərbaycan əsgərinin yüksək döyüş ruhunu, qələbə əzmini, silahının gücünü və təsirini bir daha sübut edir. İşğal olunmuş ərazilərimizin tam azad edilməsi üçün Silahlı Qüvvələrimiz istənilən hərbi qüvvəni taktiki və operativ cəhətdən daha zəruri istiqamətdə cəmləşdirmək, yerləşdirmək, hərəkət və istifadə etmək səlahiyyətində olduğundan düşmən dövlətin bu məsələyə hər hansı münasibət bildirməsi tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilir. Hələ də boş xəyallarla, başıdumanlı xatirələrlə yaşayan Ermənistan hərbi-siyasi rəhbərliyi bugünkü reallıqla, Azərbaycanın ərazi bütövlüyü istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələbləri ilə barışaraq anlamalıdır ki, işğalçıların məhv olmaq təhlükəsi onları hər yerdə gözləyir”.
Azərbaycan Silahlı Qüvvələrinin ölkənin ərazi bütövlüyünün bərpası, Azərbaycan bayrağının işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə dalğalanması üçün hərbi imkanlarını daim artıraraq son damla qanınadək vuruşacağı da qeyd olunub: “İşğalçıların planlaşdırdığı istənilən təxribatın qarşısı bütün hərbi imkanlar istifadə edilməklə elə başlanğıc mərhələsində alınacaq və bunun nəticələrinə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi birbaşa məsuliyyət daşıyacaq. Sarkisyanın Azərbaycanın ünvanına hədə-qorxu dolu, məsuliyyətsiz bəyanatla çıxış etməsi hazırda qonşu qurumun daxilində yaranmış gərgin ictimai-siyasi və sosial partlayış həddinə qədər yüksələn xalq etirazlarının artması fonunda təsadüfi sayılmamalıdır. İqtisadi, hərbi, mənəvi və demoqrafik cəhətdən iflasa uğrayan, Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq layihələrdən təcrid olunaraq öz xalqını rəzil vəziyyətə salan dövlətin rəhbərliyi ermənilərin fikrini daxili xaosdan yayındırmaq məqsədilə belə çıxışlar edir".
Onu da deyək ki, Xarici İşlər Nazirliyi də son günlər cəbhə xəttində gərginliyin yaşanması hallarına biganə qalmayaraq mövzu barədə mövqeyini bildirib. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev deyib ki, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycan Respublikasına qarşı işğal və təcavüz törətmiş dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür: “Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu regional sabitlik və təhlükəsizliyi təhdid edən gərginliyin yaranmasının əsas səbəbidir. İşğalçı dövlətin məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaranmış mövcud “status-kvo”nu saxlamaq məqsədi daşıyır. Ermənistan rejimi “cəbhədə vəziyyətin gərginləşməsi” bəhanəsini əlində alət edərək, bu vasitə ilə uğursuz şəkildə ölkədaxili siyasi-iqtisadi və demoqrafik böhrandan, xüsusilə son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən diqqəti yayındırmağa çalışır. Ermənistanın cəbhədə son günlər ərzində verdiyi çoxsaylı itkilər Ermənistan rejiminin bu məsuliyyətsiz siyasətinin nəticəsidir. Bütün bu təxribatçı əməllərin fonunda Ermənistanın münaqişənin həllinə dair danışıqlar prosesində iştirakı siyasi möhtəkirlik xarakteri daşıyaraq, yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir. Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktı aradan qaldırılmalıdır”.
Bu mövzuda fikirlərini bizimlə bölüşən politoloq Qabil Hüseynli də hər şeydən öncə Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmalı olduğunu dedi: “Bütün qanunlar da, beynəlxalq prinsiplər də bunu tələb edir. Sarkisyan işğalçı ordunu torpaqlarımızdan çıxarmaqdansa, əsl erməni həyasızlığı ilə bizə hədə-qorxu gəlir. O, utanmadan iddia edir ki, guya atəşkəsi Azərbaycan tərəfi pozur. Bunu da ona görə edir ki, məsələnin sülh yolu ilə deyil, hərbi yolla həllini istəyir və təmas xəttində daima gərginlik yaradır. Əslində, onun belə danışmağına çox da təəccüblənmədim. Bu, onlara yaraşan bir şeydir. Sarkisyan da, tərəfdarları da heç vaxt Ermənistanı işğalçı adlandırmırlar. Ermənistan rəhbərliyi də onun üçün yaradılmış vəziyyətdən istifadə edərək yenə də beynəlxalq ictimai rəyə təsir və təlqin etməyə çalışır ki, guya təqsirkar Azərbaycandır. Ümumiyyətlə, cəbhə xətti və ya təmas nöqtəsi kəlmələri şərti adlardır. O cür adlandırdıqları ərazilərin hamısı işğal edilmiş Azərbaycan torpaqlarıdır. Bütün beynəlxalq qurumlar və dünya gücləri başa düşməlidir ki, Azərbaycan torpaqlarının işğalı faktını və bu faktın arxasında Ermənistan himayədarlarının dayandığını konkret şəkildə açıqlamalıdır. Yoxsa Sarkisyan həyasızcasına Azərbaycanın sülhdən qaçdığını, hərbi varianta əl atmaqda maraqlı olduğunu və s bu cür sərsəm bəyanatlarını səsləndirməkdə davam edəcək”.
Q.Hüseynli atəşkəs rejiminin pozulmasında birmənalı şəkildə Ermənistanın təqsirkar olduğunu qeyd etdi: “Atəşkəsin pozulması Sarkisyan hakimiyyətinə hava, su kimi lazımdır. Çünki Ermənistanda xalq etirazları çox geniş şəkildə yayılıb. Sarkisyanın özünün iqamətgahı ətrafında da saysız-hesabsız etirazçılar, mitinqə çıxan şəxslər var. Onun hakimiyyəti faktiki olaraq, laxlamaqdadır. Azərbaycanla atəşkəs rejimini də hakimiyyətini qoruyub saxlamaqdan ötrü pozur. Belə deyək, Sarkisyan öz hayındadır. O, Rusiyanın quyruğunda sürünməklə birtəhər başını girləyir. Ermənistandakı hazırkı vəziyyəti, reallığı nəzərdə alıb deyirəm ki, Sarkisyan hakimiyyətini uzun müddət qoruyub saxlaya bilməyəcək. Rusiya ona nə qədər dəstək versə də, xalq kütləvi şəkildə narazıdır və vəziyyət sürətlə gərginləşməkdədir. Ermənilər də, başqaları da bilir ki, Azərbaycanın hərbi potensialı onlardan dəfələrlə güclüdür. Faktiki olaraq, Azərbaycan ordusu nəinki Qarabağı geri qaytara, lazım gəlsə Ermənistanı da tuta bilər. Bunu ona görə deyirəm ki, ermənilər bizim torpaqlarımızı işğal ediblər. Onlardan qisas ala bilərik. Amma biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq. Sarkisyan başa düşməlidir ki, konstruktiv danışıqlara hazırdırsa, heç olmasa, Dağlıq Qarabağın hüdudlarından kənarda işğal etdiyi 7 rayonu qaytarsın. Həmçinin erməniləri işğal edilmiş ərazilərdə məskunlaşmağa çağırmasın. Bir sözlə, heç bir ciddi faktoloji əsası olmayan belə gülünc bəyanatların nəticəsi olmur və olmayacaq da. Həm daxili, həm də xarici siyasətdə manevr etməyə hesablanmış çıxışla heç kimi aldada bilməyəcəklər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər