• şənbə, 20 Aprel, 12:42
  • Baku Bakı 23°C

Qoruyan, yoxsa öldürən?

02.06.15 11:39 1010
Qoruyan, yoxsa öldürən?
Artıq uzun müddətdir ki, dünya mətbuatında fövqəldövlət hesab olunan ABŞ-da vətəndaşlara qarşı polis zorakılığı ilə bağlı məlumatlar yer alır. Təbii ki, belə hallar birmənalı şəkildə şiddətlə qınanılır və tənqid olunur. Bu barədə növbəti, faktlarla dolu bir yazı ABŞ-ın özünün ən nüfuzlu qəzetlərindən olan “Vaşinqton Post”da dərc olunub. Belə ki, əvvəllər polis zorakılığı haqda şifahi şəkildə dolaşan məlumatlar geniş bir araşdırma mövzusuna çevrilərək, tədqiq olunub. Qəzet bu cür məqamları araşdıraraq, faktlarla dolu hesabat xarakterli yazı dərc edib.
Yazıda statistika oxucuların diqqətinə çatdırılır və ölənlərin sayının durmadan artdığı vurğulanır. Qəzet qeyd edir ki, artıq Birləşmiş Ştatlarda polis gündə iki nəfərdən çox adam öldürür. Belə ki, 2015-ci ilin ilk beş ayı ərzində polis ölkə boyu 385 adam öldürüb. Bu rəqəmlər onu göstərir ki, ilin sonuna qədər ABŞ polisi təxminən min və daha çox vətəndaşı öldürə bilər. Hesabatda o da nəzərə çatdırılır ki, hazırda belə qətllərin sayı federal hökumətin son on ildə göstərdiyi atışmaların sayından iki dəfə çoxdur. Keçmiş polis rəisi, qərargahı Vaşinqtonda yerləşən Polis Fondunun prezidenti Cim Buerman “Vaşinqton Post” qəzetinə bildirib ki, vəziyyətlə əlaqədar düzgün informasiya olmasa, polis tərəfindən atəş açılması hallarının azaldılması mümkün olmayacaq.
Məqalə müəllifi düşünür ki, hadisə qurbanlarının 80 faizi ölümə səbəb ola biləcək potensial əşyalarla silahlanıb, lakin ölən insanların 40 faizi silahlı olmayıb. Yazıda polis işçilərinin yalnız özləri və ya başqalarının həyatına ölüm təhlükəsi yarandığı zaman silahlardan istifadə edə biləcəyi xatırladılır. Bu il ölümlə nəticələnmiş 385 haldan yalnız üçündə polis zabiti ilə bağlı cinayət işi qaldırılıb. Təəssüf ki, ABŞ-da polis tərəfindən öldürülən vətəndaşların sayı rəsmi rəqəmlərdə göstəriləndən iki dəfə çoxdur. Xəbərlərdə polislərin qətlə yetirdiyi şəxslərin yarısının ağ, digər yarısının isə qaradərili olduğu qeyd edilir. Amma faktlar öldürülənlər arasında qaradərili vətəndaşların çoxluq təşkil etdiyini ortaya qoyur. Bunun özü də diqqətçəkən məqamdır. Belə ki, bu cür məlumatlar ABŞ-da irqi ayrı-seçkiliyin hələ də qalmasının göstəricisi hesab olunur. Hesabatda rəsmi statistik rəqəmlərin hüquq-mühafizə orqanlarının təqdim etdiyi məlumatlar əsasında tərtib olunduğu da qeyd edilir. Həmin rəsmi statistikaya əsasən, 2008-ci ildən ABŞ-da hər il polis əməkdaşlarının əli ilə orta hesabla 400 vətəndaş öldürülüb. Ümumiyyətlə, son zamanlar ağdərili polis əməkdaşlarının qaradərili şəxsləri qətlə yetirməsi halları xeyli dərəcədə artıb. Bu isə kütləvi etirazların da çoxalmasına səbəb olub. Onu da deyək ki, son on ildə ABŞ-da yerli və əyalət polisi hər il orta hesabla 545 mülki şəxsi öldürüb. ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatına görə, ABŞ polisi 2005-ci ildə 928 nəfər, 2009-cu ildə 414 nəfər mülki şəxsi öldürüb. 2003-2011-ci illər arasında isə polis barəsində 7427 cinayət işi açılıb. Bundan əlavə, bəzi vətəndaş cəmiyyəti fəalları hesab edirlər ki, ABŞ-da afro-amerikalıların məhkəməyə cəlb olunması halları da ağdərililərə nisbətən 10 dəfə çoxdur. Faktiki olaraq, ABŞ-da qaradərililərin hüquqlarının pozulması ildən-ilə ciddi problemə çevrilir. Bu, müxtəlif hesabat və sənədlərdə əksini tapıb. Hökumət rəsmiləri belə halların qarşısını almaq üçün tədbirlər gördüklərini desələr də, gerçək mənzərə başqadır. Getdikcə qaradərililərin nəinki hüquqları pozulur, onların hüquqlarını qorumalı olan şəxslər, məsələn, polislər özləri zəncilərin həyatına son qoyur. Müntəzəm olaraq xəbərləri izləyən şəxslər son vaxtlar demək olar ki, hər gün ABŞ-da vətəndaşların öldürülməsi xəbərlərini eşidirlər. Bu kimi faktlar o qədər çoxaldı ki, artıq polislərin bu cür davranışlarına qarşı ölkədə tez-tez kütləvi etirazlar keçirilməyə başladı. Etirazçılar bildirirlər ki, səhər evdən çıxarkən axşam evə qayıda bilməmək qorxusu ilə yaşamaqdan beziblər.
Xatırladaq ki, keçən ilin avqust ayında ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində qaradərili gənc polislər tərəfindən qətlə yetirilib. Evdən nənəsinə baş çəkmək üçün çıxan 18 yaşlı Maykl Braun və dostu Dorian Conson polis müdaxiləsi ilə üz-üzə qalır. Belə ki, əvvəlcə gəncləri təhqir etməyə başlayan polis daha sonra silaha əl atır və qaradərili gəncə xeyli sayda atəş açır. Polisin belə davranışına etiraz edən minlərlə etirazçı küçələrə çıxaraq, bu kimi cinayətlərin dayandırılmasını tələb edir.
Polis zorakılığından danışarkən “Uoll Striti tutun” etiraz aksiyasını xatırlamamaq qeyri-mümkündür. Belə ki, Birləşmiş Ştatlarda və başqa ölkələrdə zənginlərlə yoxsulların gəliri arasındakı fərq uçurumuna, iqtisadi bərabərsizlik və işsizliyə etiraz edənlər maliyyə böhranı yaşayan bankların sadə insanların vergiləri hesabına öz problemlərini həll etdiklərini, bu üzdən sıravi vətəndaşların kreditə aldıqları evlərinin əllərindən alınma təhlükəsi ilə üzləşdiklərini bildirirdilər. Yoxsulların yaşayışına bir qədər də mənfi təsir edənlərə etiraz edənlər gözlənildiyi kimi, polisin sərt təpkisi ilə qarşılaşdılar. Nyu- York Polis Departamenti bu aksiya ilə əlaqədar olaraq gücləndirilmiş rejimə keçdi, etirazçıların meydana girişinin qarşısını almaq üçün barrikadalar quruldu. Polisin müdaxiləsinə etiraz edən vətəndaşlar dərhal həbs olundular. Aksiya Nyu-York bələdiyyə rəhbəri Maykl Blumberqin tapşırığına əsasən polisin sərt müdaxiləsi ilə dağıdıldı.
Bu kimi faktlar göstərir ki, özünü “demokratiya beşiyi” kimi təqdim edən ABŞ heç də iddia edildiyi kimi bir ölkə deyil. Faktiki olaraq, orada insanların hüquqları tapdanır, hər gün ən az iki nəfər polis tərəfindən öldürülür. Qətlə yetirilən şəxslərin böyük əksəriyyətinin qaradərili olduğu isə şübhəsizdir. Göründüyü kimi, özünü super güc sayan hökumət polis özbaşınalığı və digər qanunsuzluqlarla yanaşı, irqi ayrı-seçkiliyi də bir neçə əsrdir ki, aradan qaldıra bilməyib.
H.Əsgər
banner

Oxşar Xəbərlər