• cümə, 29 Mart, 14:57
  • Baku Bakı 14°C

Qondarma rejim azərbaycanlı girovları məhkəməyə çəkə bilməz

08.10.14 15:04 926
Qondarma rejim azərbaycanlı girovları məhkəməyə çəkə bilməz
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə işinin təşkil olunacağı haqqında Ermənistan mediasında yayılan məlumatlara münasibət bildirib. APA-nın xəbərinə görə, XİN-in mətbuat xidmətindən bildirilib ki, qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu saxta məhkəmə tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz:
“Öz doğmalarının qəbirlərini ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb və uydurma istintaq prosesi çərçivəsində işgəncələrə məruz qoyulub, Həsən Həsənov isə vəhşicəsinə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının ərazisində Azərbaycan vətəndaşlarının sərbəst hərəkətinə Azərbaycan qanunlarında nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa qoyula bilməz. Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz əməllərinin ört-basdır edilməsi məqsədilə işğal olunmuş Azərbaycan ərazilərində qondarma Dağlıq Qarabağ rejimi yaradılıb. Ermənistan Azərbaycana qarşı işğal və təcavüz əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozub və buna görə bilavasitə məsuliyyət daşıyır. Azərbaycan Respublikası tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə iş davam etdirilir”.
banner

Oxşar Xəbərlər