• cümə, 29 Mart, 03:25
  • Baku Bakı 7°C

Qondarma erməni soyqırımına həsr olunmuş tədbir keçirilib

23.04.14 14:11 1223
Qondarma erməni soyqırımına həsr olunmuş tədbir keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ana Vətən Partiyasının (AVP) təşkilatçılığı ilə “Qondarma erməni soyqırımı: reallıqlar və miflər” mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə AVP sədrinin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədov açaraq, təmsil etdiyi partiya tərəfindən ermənilərə qarşı ildə cəmi bir dəfə deyil, davamlı mübarizə aparıldığını diqqətə çatdırıb.
O, təşkil olunan konfransı da sözügedən mübarizənin tərkib hissəsi kimi qələmə verib. Bildirib ki, 1988-ci ildə milli azadlıq hərəkatı geniş vüsət alandan, hadisələrin gedişində Azərbaycan öz müstəqilliyini elan edəndən sonra ziyalıların, o cümlədən siyasətçilərin və diplomatların ilk işi ölkəmizi tanıtmaqla bərabər, dünyanı saran erməni yalanlarına qarşı mübarizə aparmaq olub. O, müstəqilliyin ilk illərində Azərbaycanın həm müharibə meydanında, həm də ideoloji cəbhədə ermənilərlə mübarizə apardığını vurğulayıb. Deyib ki, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanması ilə geniş miqyaslı hərbi mübarizə müvəqqəti dayansa da, erməni yalanlarına qarşı ideoloji mübarizə bu gün də davam etməkdədir. Q.Əhmədov aprelin 24-də dünya ermənilərinin uydurma “soyqırımı”n 99-cu ildönümünü qeyd etmələrinə də toxunub. Bildirib ki, tarixdə heç bir əsası olmayan, heç bir ciddi fakta əsaslanmayan bu “soyqırımı” ermənilər zaman-zaman ictimailəşdirərək dünyaya həqiqət kimi sırıyıblar.
AMEA Tarix İnstitutunun professoru Tofiq Mustafazadə bütün Türk dünyası üçün “başağrısı”na çevrilən mənfur daşnakların neçə onilliklərdir cəfəng “erməni soyqırımı” iddiaları ilə çıxış etmələrindən, tarixdə baş verməyən bir hadisəni reallıq kimi bəşəriyyətə sırımağa çalışmalarından danışıb. Deyib ki, dünyadakı erməni lobbisinin təsiri ilə bu günə qədər 20 ölkənin parlamenti uydurma “soyqırımı”nı tanıyıb. O, gələn il “soyqırımı”nın 100 illiyinin qeyd edilməsi üçün erməni lobbisinin indidən kütləvi tədbirlərə başlamasına da diqqət çəkib: “Ermənilər iddia edirlər ki, guya, 1915-ci il oktyabr ayının 24-də Osmanlı Türkiyəsində erməni xalqına qarşı soyqırımı törədilib və nəticədə milyonlarla insan qətlə yetirilib. Həmin uydurma soyqırımının gələn il tamam olacaq 100 illiyi ilə əlaqədar bədnam qonşularımız, xaricdə fəaliyyət göstərən erməni lobbisi və onların havadarları xüsusilə fəallaşıblar. Tarixə nəzər salsaq görərik ki, ermənilər hələ 1890-dan kütləvi üsyanlara başlayıblar. Bu üsyanlar nəticəsində yüzlərlə türk məhv edilib. Bunu görən Osmanlı hökuməti 1915-ci il radikal qərarlar almağa məcbur olub və sözü gedən soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxıb. Erməni üsyanlarının mütəşəkkil hal alması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxarıb. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24 aprel günü 2000-dən çox erməni lider həbs edilib. Bunların bir çoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Ermənilər tarixi hadisələri saxtalaşdıraraq, öz yalanlarına dünya ictimaiyyətini inandırmaq istəkləri ilə yanaşı, bundan Türk dünyasına qarşı bir təzyiq metodu kimi istifadə edirlər. Əsas məqsəd qonşu dövlətlərin torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq, xüsusən Türkiyədən təzminat və bir sıra imtiyazlar qoparmaqdır”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, araşdırmaçı Xaqani İsmayıl müasir dövrdə terrorun beynəlxalq münasibətlər sisteminin aktual problemlərindən birinə çevrildiyini söyləyib. Bildirib ki, 1988-ci ildə Azərbaycanın da ərazi bütövlüyü Ermənistanın terrorçu siyasi qüvvələri tərəfindən təcavüzə məruz qalıb, tarixi torpaqlarımızın 20 faizi işğal edilib, 30 minə yaxın soydaşımız həlak olub, 50 mindən artıq insan yaralanıb, əlil və şikəst olub, bir çox Azərbaycan hərbçisi əsir düşüb, dinc əhali girov götürülüb, bir milyon həmvətənimiz öz yurdunda ağır qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. X.İsmayıl 1992-ci ildə Xocalıda ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktı törətməsini də xatırladıb. Təəssüflə qeyd edib ki, dünya birliyi foto və video materiallarla, konkret faktlarla təsdiq olunan Xocalı faciəsini soyqırımı kimi tanımaq, onun səbəbkarları Serj Sərkisyanı, Seyran Ohanyanı, Robert Köçəryanı cəzalandırmaq əvəzinə, XX-əsrin əvvəllərində baş verdiyi söylənilən, ancaq heç bir tarixi fakta söykənməyən bir yalanı həqiqət kimi qəbul edir.
Tədbirdə BDU-nun dosenti Atamoğlan Məmmədli və AVP funksionerləri də çıxış edərək, artıq 99 ildir qeyd olunan “erməni soyqırımı” hadisələrinin mahiyyəti, ermənilərin türklərə qarşı xəyanətkar mövqeləri haqqında fikirlərini çatdırıblar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər