QONAQLIQ
Yolçuluq onu
yormuşdu. Zarafat deyil, gecə səhərə kimi yol gəlmişdi, həm də Qazax-Bakı qatarı ilə. Öz-özünə deyinirdi: " zəhərə
dönsün kasıblığı, ağlı olan da plaskartda yol gedər? Yan-yörəndəkinin iyi-qoxu,
xorultusu bir yana, üstəlik də vaqondan-vaqona keçənlərin tapa-turupu,
fısıltısı, xısıltısı adamı təngə gətirər”. Onu ən çox yandıran isə, yol yoldaşı
Ehsan Kəpəzin yaradıcılıq "əsərləri”ni dinləmək məcburiyyətində qalması idi.
Amma haqq üçün, adamın yazdıqları şeirdən başqa nəyə bənzəsə də, kişi bütün
yaradıcılığını əzbər bilirdi. Hətta bir anlıq yol yoldaşının fövqəladə yaddaş
tutumuna həsəd də aparmışdı. Əlindəki sovetski papka, elə bil arxivdi, içində
kim yoxdu, nə yoxdu, şeirlərini də ki elə həvəslə, ehtirasla deyir, şeirbilməzlər
ağzıaçıq dinləyər şairi. Deməli, kişi yanılmıyıf Kəpəz təxəllüsünü götürəndə...”
...Budəfəki çəkilişə dəvət alanda əməllicə təəccüblənmişdi.
Televiziya kanalı hara, əyalət şairi hara? Görəsən, onu nə məqsədlə
çağırırdılar Bakıya? Axırıncı dəfə efirə əyalət kanalında çıxmışdı.
Uzun
götür-qoydan sonra budəfəki çəkilişə razılıq vermişdi. Həm də onu verilişə dəvət
edən inandığı, güvəndiyi bir dostu idi. Təbii ki, bu dostu da xahiş etmişdi ki,
mərhum şair dostu ilə bağlı xatirələrini söyləsin. Ortada bir müəmmalı məsələ
var idi; işin-gücün bu vədəsində, üstəlik də pul-para yox, neyləsin?
Düşünüb-daşınandan sonra iki tay un almaq üçün ayırdığı 50 manatı götürüb,
"Allaha pənah”, – deyərək yola çıxmışdı.
Qatara birtəhər
çatdı. Rahat-rahat sabahkı günü
planlaşdırdı. Deməli, ilk növbədə deyilən çəkilişdə olacaq, sonra uzun müddətdir
sosial şəbəkədən tanıdığı, dostluq etdiyi, rəsmlərini sevə-sevə paylaşdığı rəssamla
görüşəcək, sonra bir-iki istəyən-sevən dostlarla görüş və gecə yenidən qatarla
evinə-eşiyinə dönəcəkdi.
Gəncədə
qatara minən, şairi görən kimi ikiəlli onunla görüşən Ehsan Kəpəz, Hacıqabula qədər
onun nəinki qulaqlarını, gözlərini, hətta fikirlərini də "mazol” eləmişdi. Dəqiq
yadında deyil nə vaxt yuxuya getdiyi. Bircə onu bilirdi ki, arada böyür-başdan
deyinənlər olsa da, Ehsan yenə də susmurdu. Hətta bir-iki dəfə ondan
kitablarını soruşmuşdu, o isə çantasını əlləri ilə bərk-bərk tutaraq, "yox, təəssüf
ki, kitablarımdan üstümdə yoxdur” – deyə, cavab vermişdi. Axı cəmi bir kitab
götürmüşdü. O da rəssam dostunun adına yazılmışdı.
Bakıya
çatanda çox sevindi. Ehsan hələ yuxuda idi. Az qaldı ki, Biləcəridəcə düşsün və
onun "əsərlərini” dinləmək əzabından qurtulsun. Amma, deyəsən, Kəpəzin də şeirə
həvəsi qalmamışdı. Yuxulu idi...
Çəkiliş başa
çatandan sonra Bakıda tanıdığı ünvan olan 28 May metrosunun yanına getdi. Ən məşhur
məkanda – Cabbarlının heykəlinin altında dayanaraq, üzünü görmədiyi dostuna zəng
etdi:
- Oo, şair,
xoş gəlifsən! Həmişə böyük şəhərlərdə.
Rəssamın
mehriban səsi, dost qarşılamağa tələsməsi onu sevindirdi. Düşündü; "kişi el-oba
adətini yenə saxlayır, qonaqsevərdi”. Dedi:
- Xoş günün olsun, dərdiş, bə mən burdayam.
- Harda, şair?
- Bu, Cəfər Cabbarlının heykəlinin yanında.
- Ayə, ay şair, orda nə
işin var, heç olmasa Səməd Vurğunun yanına gəlsən...
- Yaxşı, şair, gəlerəm ora.
- Gözdüyürəm...
Aradan iyirmi
dəqiqə keçməmiş, əlində qara planşet, bəstəboylu, bir az dolu, dən-dən saçları
pərişan halda dağılmış bir nəfərin ona tərəf gəldiyini görüb, yaxınlaşdı.
- Salam əleyküm. Mən Bəxtiyaram.
Dostu sevincək
əlini ona uzatdı və dedi:
- Xoş gördük,
şair, xoş gəlmisən. Şeirlərini oxumuşam, əladı ha... Bəs necə tanıdın məni?
- Nəvlem, elə
kompüterdə görmüşdüm, ordan yadımda qalıfsan. Təzə kitabımı da gətirmişəm səninçün
- Ay çox sağ
ol. Vallahi məni sevindirdin. Amma kitabı belə verməzlər, gedək bir yerdə onu tərtəmiz
yuyaq sonra. – Və birdən dayandı: - Şair, mən orucam...
- Hası oruş, dərdiş?
Dostu dərin
bir qəhqəhə çəkdi və:
- Şairsən dəəəə, həm də əsil şair. Deyirəm ki,
oruc tutmuşam, amma istəyirəm bir üz-üzə oturaq... Şairin də üzündə təbəssüm
oyandı. Hətta oruc tutan adama "Allah qəbul eləsin”, deməyi də unutmadı. – Gəlsənə
günaha batmayaq, - dostu dedi.
- Nə deyirəm dərdiş.
Onlar qabaqlarına
çıxan ilk yeraltı kafeyə yaxınlaşdılar. Kafe kiçik olsa da, sərin və sakit idi.
İkilikdə söhbət etmək üçün əla bir məkan seçdiklərinə sevindilər. Üz-üzə əyləşdilər,
ofisianta yemək sifariş etdikdən sonra, ordan-burdan söhbətə başladılar. Bir
azdan söhbət butulkadakı şəffaf "can dərmanı”nın
sayəsində daha maraqlı məcraya yönəlmişdi. Bayaqdan bəri kənd həyatından, ot
biçimindən danışan şair artıq, ədəbiyyatda kor atı minib köndələninə
çapanlardan söz açırdı. Hərdən öz əsas sənətini qoyub, ədəbiyyatı incəliyinə qədər
çözən masa dostuna heyranlıqla baxsa da, "rəssamlıqda vəziyyət necədi”, deyə
soruşmaq istəyir, lakin, dostu yenə də maraqlı ədəbi çözümləri ilə ona imkan
vermirdi. Hətta şairin ilk kitabını əlinə alan rəssam, kitabın avtoqrafına da nəzər
yetirmədən içindəki şeirlərə diqqət edir və "əhsən sənə” deməkdən yorulmurdu.
Məclis iki saata yaxın davam etdi.
Dostlar deyə-gülə kafedən çıxanda rəssamın telefonuna zəng gəldi.
- Alo.
- ..............
- Sən Allah, bağışla, tamam yadımnan çıxıb.
- ...............
- Zəng çatmırdı?
- .............
- Ola bilər. Orda yəqin ki şəbəkə tutmur.
- ............
- Hə yerin
altındadı. Belədi dəəə, telefon şəhərin göbəyində
tutmur.
- ...........
- Gəlirəm, oldu.
Telefon söhbətindən
sonra üzünü şairə tutdu:
- Bir vacib
görüşüm var idi, telefona zəng çatmırmış... Şairə gələn zəngi eşidib: - Götür,
götür, yəqin sənə də zəng çatmırmış, deyə, sözünü yarımçıq qoydu.
- Alo... alo,
səsin asta gəler, dayan.. – Şair telefonu səsgücləndiriciyə qoydu.
- Alo, ayə,
ay şair, bə belə olarmı, mən Cabbarlının heykəlinin yanında qalmışam, sənə də zəng
çatmır...
Şair
qeyri-ixtiyari yanındakı adama baxdı: - Sən Metin bəy döyülsən?
- Yooox, mən şair Bahəddin Barlıyam...
Metin bəy hələ
də telefonun o başında şairi məzəmmət edirdi. Şairi isə kitabı düşündürürdü,
axı onda cəmi bir kitab var idi, onu da Metin bəyə söz vermişdi. İndi Bahəddin
Barlıdan kitabı necə geri qaytarsın...
İradə Aytel