• cümə axşamı, 28 mart, 12:28
  • Baku Bakı 16°C

Qohumlar arasında biabır olacaqlarından qorxurlar Araşdırma

14.06.13 09:53 5921
Qohumlar arasında biabır olacaqlarından qorxurlar Araşdırma
“Bir-birimizi 8 ay idi ki, istəyirdik. Ona çox inanırdım. 8 Martda təklif etdi ki, nənəsinin yanına gedib onu da təbrik edək. Bildirdi ki, nənəsinin ayağı sınıb, yeriyə bilmir. Mən də razılaşdım, getdik. Nənəsinin ayağı “sındığından” qapını da özü açarla açdı. Içəri keçdik, evdə heç kim yox idi. Məni bütün çabalarıma baxmayaraq zorladı”. Bu sözləri bizimlə söhbətində zorakılığa məruz qalan 23 yaşlı ali təhsilli Nərmin (ad anonimdir) bildirdi.
“Hadisədən sonra yalvardı ki, heç kimə deməyim”
Nərminin sözlərinə görə, hadisədən sonra sevgilisi ondan üzr istəyib, heç kimə deməmək üçün yalvarıb və tezliklə onlara elçi gələcəyini bildiridb: “Mən də inandım. Amma sonralar bəhanələr başladı. Gah dedi qardaşım əsgərlikdən qayıtsın, gah dedi filan işim alınsın, sonra elçi gələk. Günü-günə sata-sata hadisənin üzərindən 7 ay keçdi və sonda elçi gələ bilməyəcəyini bildirdi. Bu zaman intihara əl atmaq istədim, ancaq rəfiqələrim mane oldu və mənə təklif etdilər ki, hüquq-mühafizə orqanlarına müraciət edim. Müraciət etdim, amma məhkəmə mənim deyil, qarşı tərəfin xeyrinə qərar çıxardı. Çünki hadisənin üzərindən aylar keçmişdi və üzərimdə zorlanmağımla bağlı heç bir dəlil-sübut qalmamışdı”.
Statistika Komitəsi və DİN-in statistikası arasında ziddiyyət
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, bu ilin 5 ayı ərzində Azərbaycanda 16 yaşına çatmayan qızlarla onların iradəsinə zidd olaraq cinsi əlaqədə olma cinayəti ilə bağlı 57 fakt qeydə alınıb.
Modern.az-ın Dövlət Statistika Komitəsinə istinadən yaydığı məlumata görə isə, ölkədə 2003-cü ildə – 49, 2006-cı ildə – 35, 2009-cu ildə – 35, 2012-ci ildə isə 19 hadisə zorlama və zorlamaya cəhdlə bağlı olub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, bu növ cinayət törədənlərin sayında son on ildə azalma müşahidə olunur. Rəqəmlərdən göründüyü kimi, Statistika Komitəsi ilə DİN-in statistikası arasında böyük fərq var. DİN-in statistikası göstərir ki, təkcə bu ilin 5 ayı ərzində 16 yaşıma çatmayan 57 qız zorlanıb. Bu rəqəmin üzərinə 16 yaşdan yuxarı qurbanları da gəlsək, böyük bir rəqəm alınar.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin hüquq müdafiəçisi Sədaqət Paşayeva hazırda komitənin zorakılığa məruz qalan 3 qadının hüquqlarını müdafiə etdiyini bildirdi: “Qızlardan ikisi uzun müddət sevgili olduqları adam tərəfindən aldadılaraq zorlanıblar. Ən pisi odur ki, bu qızlar hadisənin üzərindən aylar keçdikdən, oğlanların onlarla evlənmədiyinə əmin olduqdan sonra bizə müraciət ediblər. Biz məhkəməyə üz tutsaq da, cinayətin izi itdiyindən hakimlər qızların xeyrinə qərar çıxara bilmədilər. Təəssüflər olsun ki, cəmiyyətdə hüquqi maarifləndirmə işi o qədər aşağıdır ki, zorlanma faktı olduqda, insanlar hara necə müraciət edəcəklərini bilmirlər. Çox vaxt polis orqanlarında kişilərin olması, məhkəmələrdə əksəriyyətin kişilərdən ibarət olması qadınları vadar edir ki, zorlanma zamanı problemlərini hüquq-mühafizə orqanlarına müraciət etməklə deyil, intiharla həll etsinlər”.
Qanunda dəyişiklik olsun ki...
S.Paşayevanın fikrincə, zorlanma ilə bağlı əksəriyyət cinayətin izi itdikdən sonra məhkəməyə üz tuturlar: “Bu zaman tibbi ekspertizada heç bir şeyi sübut etmək olmur. Düşünürəm ki, qanuna hansısa dəyişiklik və əlavələr edilməlidir ki, qadınlar məhkəməyə gec müraciət etdikdə belə onu zorlayan cəzalandırılsın”.
Hüquq müdafiəçisi zorlanma ilə bağlı cinayətlərin dünyanın, eyni zamanda bizim cəmiyyətin ən böyük problemlərindən biri olduğunu dedi: “Bir-iki nəfərin bizim təşkilata, yaxud digər qeyri-hökumət təşkilatına üz tutması o demək deyil ki, problem həll olundu. Bunun həlli ilə bağlı bütövlükdə cəmiyyət və dövlət məşğul olmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi sözügedən problemlə bağlı cəmiyyətdə iş aparmalıdır. Yalmnız bu halda cəmiyyət problemin öhdəsindən gələ bilər”.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə də əlaqə saxladıq. Komitədən sözügedən problemlə bağlı iş apardıqlarını, ancaq suallarımızı iyunun 14-dən sonra cavablandıra biləcəklərini dedilər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, qadın problemləri ilə bağlı onlar məşğul olmur.
Qadın həm qurban, həm də qınaq obyekti olur
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova qəzetimizə açıqlamasında bildirdi ki, onlara müraciət edən zorakılığa məruz qalan hər beş qadından yalnız biri hüquq-mühafizə orqanlarına üz tutur: “Bu da o deməkdir ki, dövlət orqanlarının açıqladığı statistikanı 5-ə, 10-a vurmaq lazımdır ki, real rəqəm alınsın”.
M.Əzizovanın sözlərinə görə, qadınların hüquq-mühafizə orqanlarına müraciət etmək istəməməsinin əsas səbəbi yaxınları tərəfindən zorakılığa məruz qalmalarıdır: “İnsan ömür boyu qohumlarının əhatəsində yaşayır və məhkəməyə müraciət etdikdə, hesab edir ki, qohumlarının yanında biabır olacaq, üstəlik, qan davası düşəcək. Çox nadir hallarda qadınlar tanımadıqları insanlar tərəfindən zorlanırlar”.
Zərif cinsin hüquq-mühafizə orqanlarına müraciət etməməsinin səbəbinə gəlincə, M.Əzizova bildirdi ki, səbəblərdən biri də zorakılığa məruz qalan qadınların cəmiyyət tərəfindən düzgün başa düşülməməsidir: “Təəssüf edirəm ki, zorakılıq edən kişilər deyil, zorakılığa məruz qalan qadınlar qınaq obyektinə çevrilir. Cəmiyyət həmişə qadını günahlandırır. Hətta, bir neçə il əvvəl ögey atası tərəfindən zorlanmış 16 yaşlı qızın məhkəmə prosesində iştirak edəndə, hakim qıza elə suallar verirdi ki, sanki qız günahkardır. Hakim qıza ünvanladığı “bəlkə geyiminə fikir verməmisən?”, «bəlkə hərəkətlərində nəsə var idi?» kimi suallarla sanki günahın qızda olduğunu sübut etmək istəyirdi”.
Psixoloq Azad İsazadə qeyd etdi ki, zorlanan qadınları şərti olaraq iki qrupa bölmək olar: «Biri yaxını, tanışı, qohumu tərəfindən zorakılığa məruz qalanlar, digəri küçədə və digər yerlərdə tanımadığı insanlar tərəfindən zorlananlardır. Qeyri-rəsmi statistika göstərir ki, tanışları tərəfindən zorlananlar daha çoxdur. Bu zaman qurban ikiqat stress keçirir. Fiziki zorakılıqdan əlavə, qarşı tərəf tanış olduqda qadın problemi açıb-ağarda bilmir, qan tökülməsindən qorxur, düşünür ki, qohumlar arasında biabır olacaq”.
Zorlananların yaş həddinə gəlincə, A.İsazadənin sözlərinə görə, yaş nə qədər kiçikdirsə, risk bir o qədər böyük olur. Psixoloq təcrübəyə əsaslanaraq onu da qeyd etdi ki, 60 yaşında da qurbanlar olur.
Zorakılığa məruz qalanlar nə etməlidir?
Müsahibimiz Rusiya və Avropa ölkələrindən fərqli olaraq, şərq ölkələrində seksual manyakların sayının həddən artıq az olduğunu dedi. Psixoloq zorakılığa məruz qalan qadınlara məsləhətlər də verdi: “Dünya təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, əgər hansısa təhlükə yaranıbsa və qarşı cinsin əlində kəsici alət varsa, bu zaman qadının heç bir müqavimət göstərməməsi məsləhətdir. Əks halda, hadisə ölümlə nəticələnə bilər. Amma qarşı tərəfin əlində təhlükəli bir əşya yoxdursa, yaxınlıqda insanlar varsa qadın bacardığı qədər hay-küy salmalı, onun aparılmasını çətinləşdirmək üçün yerə oturmalıdır”.
A.İsazadənin sözlərinə görə, hadisə baş verdikdən sonra qadınların birinci işi hamama girərək duş almaqdır: “Bununla qadın xaricən də olsa, təmizlənəcəyini düşünür. Ancaq bu, səhv addımdır. Duşla qadın bütün izləri yumuş olur. Hətta əllərini belə yumamalıdır. Çünki dırnaqlarının altında, bədəndə qalan izlər itməməlidir. Məsləhətdir ki, zorakılığa məruz qalan xanımlar utanıb çəkinmədən cırılmış paltarlarını da götürüb birbaşa hüquq-mühafizə orqanlarına müraciət etsinlər”.
Dünyada bu cür cinayətkarlar necə cəzalandırılır?
Qeyd edək ki, Azərbaycanın Cinayət Məcəlləsində zorlamaya görə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Modern.az-ın apardığı araşdırmaya görə, Polşada yaxın qohumlarını və 15 yaşından aşağı olan uşaqları zorlayaraq seksual xarakterli cinayətdə suçlanan cinayətkarların kimyəvi maddələrlə axtalanması ilə bağlı qərar qəbul edilib. Qanuna uyğun olaraq, bu ölkədə internet vasitəsilə 15 yaşına qədər olan uşaqları yoldan çıxaran pedofillər də axtalanır.
İsraildə isə bu cür insanlara qarşı “dekapeptil“ adlı preparatdan istifadə edilir. Kimyəvi maddə cinayətkarın qanına yeridilir ki, bu da cinayətkarda zorlama vərdişini yoxa çıxarır. Almaniyada zorlama hadisələrinin həddi daha çox olduğundan gün ərzində ən azı altı nəfər pedofil haqda axtarış elan olunur.
Sevgilisi tərəfindən zorlanan Nərmin bizimlə söhbində zorakılığa məruz qalan qızlara üzünü tutaraq heç kəsə inanmamağı məsləhət gördü: “Kimin tərəfindən zorlanmış olsanız belə, vaxtında məhkəməyə müraciət edin. O zaman daha güclü olacaqsınız. Çünki heç kimə demədən, ürəyinizdə tək başına bu çirkabla baş-başa qalmaq çox çətindir. Əgər vaxtında polisə müraciət etməsəniz, bu, ömür boyu sizi təqib edəcək. Heç kimdən utanmayın, çəkinməyin. Siz qurbansınız. Sizə bunu edənlər utanmalıdır”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər