• çərşənbə, 24 Aprel, 08:06
  • Baku Bakı 13°C

Qohum evliliklərin yaratdığı xəstəlik

19.04.17 12:00 1381
Qohum evliliklərin yaratdığı xəstəlik
Son dövrlər hemofiliya xəstələrinin sayının artması müşahidə edilir. Elmi- praktiki hemofiliya mərkəzinin məlumatına görə, 2016-cı ildə ölkədə 69 hemofiliyalı xəstə qeydiyyata alınıb. Bu da, xəstələrin sayının nisbi artımıdır. Aprel ayının 1-ə olan statistikaya görə, Mərkəzdə 1554 nəfər xəstə qeydiyyatdadır Əgər dünyada 60 hemofiliyalı xəstə qadın varsa , bunun 6-sı Azərbaycan qeydiyyatındadır. Hemofiliyalı xəstələrin sayının artması qohum nikahlarının çox yayılması ilə əlaqədardır. Qohum nikahlarının bu qədər yayğın olmasının səbəbini və bunun qarşısını almaq üçün nə kimi tədbirlər görülə biləcəyini araşdırdıq.
Qohum nikahlarının bu dərəcədə yayılması uzun illərin ənənəsidir
Məsələ ilə bağlı millət vəkili Musa Quliyevin fikrini öyrəndik. Millət vəkili hesab edir ki, ilk olaraq əhali arasında maarifləndirmə işi aparmaq lazımdır: "Evlənən şəxslər nikahdan əvvəl icbari tibbi müayinədən keçməli, qan analizi götürülməli və müəyyən müayinələr aparılmalıdır. Bu icbari müayinənin də müsbət təsir olur. Qohum nikahlarının bu dərəcədə yayılması uzun illərin ənənəsidir. Hətta bizdə "əmioğlu ilə əmiqızının nikahı göydə kəsilib” deyimi də var. Yəni valideynlər uşaqlarının yaxın, tanıdıqları ailənin övladı ilə ailə qurmasına üstünlük verirlər. Amma yavaş-yavaş qloballaşma olduqca, bu cür meyllər də azalacaqdır. Təbii ki, maarifləndirmə işinin böyük önəmi var. Maarifləndirmə işində isə kütləvi informasiya vasitələri böyük rol oynayır. Xüsusi sosial çarxlar, informasiyalar yayımlanmalıdır. Amma digər bir tərəfdən baxanda, nəsil sağlamdırsa, nikahdan əvvəl müayinə zamanı cütlükdə heç bir ciddi xəstəlik aşkar olunmayıbsa, bu zaman qohum evliliyinin də bir ziyanı yoxdur”.
Dünyaya xəstə uşaq gətirdikləri zaman sevgiləri də ölür
Həkim-terapeft Məlahət Abbasova bildirir ki, hemofiliya genetik qan xəstəliyi olduğundan, yayılması da genetik olur. Yəni valideyndən övlada keçir: "Bu xəstəlik qanın tərkibində pozulma halları baş verdikdə yaranır. Xəstəliyinin qarşısını almaq üçün ilk növbədə qan qohumluğu evliliyindən uzaq olmaq lazımdır. Nikahdan öncə müayinədən keçmək mütləqdir. Ailə quran cütlükdən birində xəstəliyin göstəriciləri varsa, bu, gələcəkdə həmin ailədə doğulacaq uşaqlara təsir edəcək. Bunun qarşısını almaq üçün maarifləndirmə işi aparılmalıdır. Xüsusən də bu iş yetkinlik yaşına çatmış məktəb uşaqları arasında edilməlidir. Yəni məktəbə həkim dəvət edib, bu mövzu ətrafında söhbət etmək, onlara qohum evliliyinin yarada biləcəyi problemdən danışmaq lazımdır. Həmçinin televiziyaların da bu işdə rolu böyükdür. Maarifləndirici verilişlər hazırlayıb, cəmiyyəti bu xəstəlikdən agah edə bilərlər. Qohum evliliyində hemofiliya xəstəliyinin üzə çıxma riski daha yüksəkdir. Hətta arada sevgi olsa belə, yenə də onlar övladlarını düşünməlidirlər. Dünyaya xəstə uşaq gətirdikləri zaman, sevgiləri də ölür. Bir neçə belə ailə tanıyıram ki, onlar xəstə uşaqlarına baxıb əzab çəkirlər. Və bu zaman sevgilərindən də həzz almırlar. Sağlamlıq hər bir şeydən önəmlidir”.
Evlənmək, sevib-sevilmək azaddır
Sosioloq Asif Bayramov deyir ki, bu, cəmiyyətdə artıq kifayət qədər aktual bir məsələdir. O, düşünür ki, müvafiq hakimiyyət orqanları nikah məsələləri ilə bağlı problemin həlli üçün lazım olan hüquqi bazanı yaratsalar da, bu addımlar yetərli deyil. Sosioloq bunun ən uğurlu həll variantının insanların maarifləndirilməsi işi olduğunu deyir. "Bu yeni nəslin gələcəyi və perspektivi üçün yaxşıdır. Mən düşünürəm ki, həm mənəvi baxımdan, həm də demoqrafik baxımdan son dərəcə aktual mövzularla bağlı orta məktəblərdə xüsusi fənn olmalı, maarifləndirmə işi aparılmalıdır. Elə insanlar tanıyıram ki, onlar evlənmə məqamına çatanda özləri şüurlu şəkildə qohum evliliyindən imtina edirlər. Çünki həkimə gedirlər, genlərini və bioloji parametrlərini, qan tərkiblərini yoxlatdıqdan sonra evlənmədən imtina edirlər. Məncə, bütün hallarda dövlətin bu məsələyə birbaşa müdaxiləsi mümkün deyil. Çünki dövlət, hakimiyyət və hüquq sistemi insanların mənəvi haqlarına müdaxilə edə bilməz. Evlənmək, sevib-sevilmək azaddır. Bu mənada düşünürəm ki, mənəvi rifahları işə salmalıyıq. İnsanların dünya görüşü cilalanmalıdır. Bu, Avropa ölkələrində çoxdan tətbiq olunur. Çünki onlar dünyaya gələcək nəslin fiziki və mənəvi sağlamlığı üçün məsuliyyət daşıdıqlarını anlayırlar. Belə deyə bilərik ki, bu məsələnin həlli üçün bir maarifləndirmə sistemi qurulmalıdır”.
Hələ də Azərbaycan cəmiyyətinə ibrət olmayıb
Sosioloq qeyd edir ki, qohum evliliyi bu günün məsələsi deyil, qohumla ailə qurmaq bizim tarixi adət-ənənəmizdən, genlərimizdən qaynaqlanır: "Azərbaycanın əksər bölgələrində bu gün də qohumla evlənmə ənənəsi müşahidə olunur. Elmin, texnikanın, insanların dünya görüşünün bu qədər inkişaf etdiyi bir vaxtda, Azərbaycanın müəyyən bölgələrində hələ də eyni bir nəsildən qız almaq, ailə qurmaq ənənəsi mühafizəkar şəkildə qorunub saxlanılır. Bakı şəhərində də kifayət qədər belə nəsillər var. Bu ənənənin kökündə həm əmlak, həm də mənəvi məsələlər durur. Amma daha çox maddi faktor əsaslıq təşkil edir. İmkanlı ailələrin ənənəsinə fikir versək, görərik ki, onlar özlərindən sonra əmlakın daha etibarlı əllərdə qalması üçün daha çox qohumdan qız almağa üstünlük verirlər. Kasıb ailələr isə bu tip hallarda bir prinsiplə çıxış edirlər ki, yaşlananda bizim özümüzə və əmlakımıza bizə doğma olan qız daha çox can yandırar, nəinki yad qızı. Yəni belə düşünürlər ki, qohumdan aldığımız qız ətimizi yesə də, sümüyümüzü çölə atmaz. Təbii ki, bu, çox yanlış düşüncədir. Yüzlərlə fakt göstərə bilərik ki, qohum qız heç həmin valideynlər qocalmamış, onların varidatına sahib çıxır, özlərini də aparıb qocalar evinə qoyurlar. Baxmayaraq ki, qohumdurlar. Təəssüflər olsun ki, bütün bu faktlar hələ də Azərbaycan cəmiyyətinə ibrət olmayıb. Bu cür məsələlər insanın dünyagörüşündən asılıdır. Dünyagörüşü, biliyi yüksək olan insan bu addımı atmaz”.
Günel Azadə
banner

Oxşar Xəbərlər