• cümə axşamı, 25 aprel, 19:45
  • Baku Bakı 21°C

“Qodzilla” Bakıya gəlib

14.05.14 11:56 1490
“Qodzilla” Bakıya gəlib
Yəqin orta nəslin nümayəndələri məşhur Jan Renonun iştirakı ilə “Qodzilla” filmini xatırlayırlar. Həmin dövr üçün son dərəcə maraqlı, xüsusi effektlərlə zəngin olan bir film idi. Artıq Hollivuddakılar həmin mövzunu yenidən gündəmə gətiriblər və yapon monstrı haqqında yeni, 3 D formatlı bədii filmi çəkiblər.
Dünən “Qodzilla”nın dünya premyerasından 2 gün əvvəl Metropark-dakı Park Cinema kinoteatrında qapalı nümayişi baş tutdu. İzləyicilər sırasında KİV nümayəndələri, kinosevərlər və Park Cinema kinoteatrlar şəbəkəsinin daimi müştəriləri vardı.
Ötən dəfəki versiyadan fərqli olaraq yeni filmdə Qodzilla daha çox müsbət obrazda təqdim olunur. Çünki o, digər iki təhlükəli bədheybəti öldürməklə bəşəriyyətə böyük xidmət göstərmiş olur. Axı bu dəhşətli varlıqlar bütün Yer üzünü dağıtmaq iqtidarındadırlar. 3 monstrın savaşı Amerikanın tən ortasında baş tutur. Savaş meydanında göydələnlər kibrit qutusu kimi yıxılıb, sökülür, minlərlə insan həlak olur. 3D formatında çəkilən film tamaşaçıya kifayət qədər gərgin anlar yaşadır.
Bir sözlə, film gözləntiləri doğrultduğunu əminliklə demək olar. Amerkansayağı xoşbəxt sonluqla bitən filmdə Qodzilla yenə sağ qalır, üzərək okeanın dərinliklərində gizlənir.
Qeyd edək ki, Qodzillanı Park Cinema kinoteatrlar şəbəkəsində türk dilində də izləmək mümkün olacaq. Filmdə baş rollarda Aaron Teylor-Conson, Ken Vatanabe, Jülyet Binoş və digərləri çəkilib. Şimali Amerikada artıq ilk seanslara satılan biletlərdən əldə olunan gəlir 70 milyon dollara çatıb.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Şəbəkə və repertuar haqqında ətraflı məlumatıwww.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindənhttp://www.facebook.com/ParkCinema əldə etmək olar.
Fərəh Əliyeva
banner

Oxşar Xəbərlər