• çərşənbə axşamı, 19 mart, 12:07
  • Baku Bakı 8°C

Qocaya da baxacaq, cavana da, uşağa da… - Araşdırma

09.06.18 09:30 1864
Qocaya da baxacaq, cavana da, uşağa da… - Araşdırma
Ailə həkimi məsələsi əslində bizə tanışdır. Amma icbari sığortanın gündəmə gəlməsi ilə bu, daha da aktuallaşdı. Azərbaycan Tibb Universitetində (ATU) "Ailə həkimi" ixtisası üzrə rezidenturaya qəbul keçirilməsi ilə bağlı qanun layihəsi üzərində işlənilir. Əgər qanun qəbul olunsa, rezidenturaya qəbulda belə bir ixtisas da olacaq. Rezidenturanı bitirənlər "ailə həkimi" ixtisasına yiyələnəcəklər. Yəni, artıq bizim də "ailə həkimi”miz olacaq.

Bəs bu "ailə həkimi” bizim üçün hansı üstünlükləri gətirəcək? Sağlam ailənin formalaşmasında "ailə həkimi”nin rolu nə dərəcədə olacaq?

12-13 istiqamətdə ixtisaslaşacaqlar

Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinin müdiri Rivzan Məmmədov deyir ki, bu, hələlik bir layihədir, üzərində iş gedir: "Bizdə daxili xəstəliklər şöbəsi var, o, dəyişib terapiya və daxili xəstəliklər adlandırılacaq. Ümumilikdə isə ailə həkimliyi özündə bütün xəstəliklərlə bağlı ilkin yardımı cəmləşdirir. Bizdə "ailə həkimi”nin nəyi bacarması ilə bağlı proqram hazırlanır. Ambulator səviyyəsində ilkin yardımı göstərmək, diaqnoz qoyub lazım olan istiqamətdə həkimə yönləndirmək onların əsas fəaliyyətinə daxildir. Ümumilikdə isə onlar 12-13 istiqamətdə ixtisaslaşacaqlar. Kardiologiyadan tutmuş pediatriyaya qədər. Endokrinologiya, revmatologiya, qastroenterologiya və s. hamısı ora daxil olacaq”.


Can həkimi

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri, əməkdar həkim Mustafa Salihovla da həmsöhbət olduq. O bildirdi ki, "ailə həkimi” əslində illər öncə bizdə aktual olan "can həkimi”dir: "Bu həkimlər ailədə yaş, xəstəlik fərqi olmadan hər kəsin sağlamlığına xidmət edəcəklər. Qocaya da baxacaq, uşağa da, cavana da. Bu o demək deyil ki, dar ixtisas həkimlərindən imtina etməliyik. Qətiyyən. Amma birinci sözü, məsləhəti "ailə həkimi” deməlidir.

Bunun əvvəllər adı "can həkimi” idi. O da "ailə həkimi” kimi idi. Heç kim demirdi ki, terapevt çağır, deyirdilər ki, "can həkimi” çağır mənə baxsın. "Can həkimi” elə "ailə həkimi” kimi fəaliyyət göstərirdi. İndi biz köhnə məsələlərə qayıtmışıq. 1990-cı ildən bu işlə məşğuluq, deyəsən axıra çatırıq. 1990-cı ildə terapevtlərin birinci qurultayını keçirdik, mən onda ölkənin baş terapevti idim. Çıxışımın birinci nöqtəsi o oldu ki, vaxt gələcək, ailə həkiminin vacibliyi ortaya çıxacaq, ona görə ailə həkimi hazırlamalıyıq. İndi də o vaxt gəlib. Rayon yerlərində, kənd xəstəxanalarının çoxunda ailə həkimləri fəaliyyət göstərir. Uşağa da baxır, böyüyə də. Şəhərdə isə bu məsələni axıra kimi çatdırmamışıq. Əminəm ki, rezidenturaya qəbul tətbiq edilsə, buna da nail olacağıq”.


Xəstəliklərin miqdarı azalmalıdır

M.Salihov deyir ki, "ailə həkimi”nin hazırlanması xəstələrin işini asanlaşdıracaq: "Tutaq ki, siz öz poliklinikanızı tanıyırsınız, sizə də baxan sahə həkimidir. Gələn kimi qeydiyyat otağına müraciət edirsiniz, sizi sahə həkiminin yanına istiqamətləndirirlər. O da bütün bu məsələləri həll edir. Amma indi elə vəziyyət yaranıb ki, yazıq sahə həkimi dispetçer olub. Ürəyi ağrıyırsa, deyir məni kardioloqun yanına göndər. Kardioloq ona baxır, deyir ki, sənin deyəsən, oynağında da problem var, iki dərmanı kardioloq yazır, revmatoloqun yanına göndərir, ikisini də o yazır. Sonra birdən buna xəbər verir ki, deyəsən sənin mədəndə də problem var, qastroenteroloqun yanına get. Yazıq xəstə sonra da mədə həkiminin yanına gedir, bir-iki dərman da o yazır və s. Başqa sözlə, xəstə dövriyyəyə düşür, ordan çıxanda isə problem olur. Birincisi, o qədər dərmanı bu adam ala bilməz, çünki maliyyə tərəfi var. İkincisi, 6-7 dərmanı xəstə qəbul edə bilməz. Ailə həkiminin üstünlüyü burda da özünü göstərəcək. Xəstə dar ixtisaslı həkimlər yazdığı resept və dərmanlarla ailə həkiminin yanına yaxınlaşacaq. O həkim ailəni, genetik problemləri, xəstədə allergik reaksiyaların nə olduğunu bildiyi üçün dərmanları bir də özü analiz edəcək. Deyə bilər ki, ailənizin bütün problemlərini bilirəm, amma hesab edirəm ki, sən bu dərmanı içsən allergiya verər. Sizdə filan genetik xəstəlik var, bu dərmanı deyil, filan dərmanı qəbul elə. Ailə həkimi ailənin etibarlı həkimi olmalıdır. Ailədə olan bütün genetik xəstəlikləri, pis vərdişləri, mikro mühiti biləndən sonra həkimlərin işi rahatlaşacaq, xəstəliklərin miqdarı azalacaq. Bunu həyata keçirsək, böyük iş görmüş olarıq”.

Ailə həkiminin icazəsi olmasa...

M.Salihov bildirdi ki, ailə həkimi sistemi icbari tibbi sığortanın tərkib hissəsidir: "2-3 il əvvəl Türkiyədə ailə həkimlərinin konqresində iştirak etdim. Əmin oldum ki orda ailə həkiminin icazəsi olmasa, heç bir xəstə nə müayinəyə gedə, nə analiz verə, nə də dərman qəbul edə bilər. Onun rəyi olmasa, xəstə heç nə edə bilmir. Bilirsiniz, tibbi sığorta varsa, "ailə həkimi” mütləq olmalıdır. İcbari tibbi sığorta tətbiq olunan Ağdaş, Mingəçevir, Yevlax pilot rayonlarında Ailə təbabəti mərkəzləri yaradılıb. Mənim də indi əsas fikrim odur ki, Bakıda da poliklinikaların birində ailə təbabəti mərkəzi yaradılsın, öz işini yavaş-yavaş görməyə başlasın”.

"Ailə həkimi biləcək ki, ailədən nəyi gözləmək olar”

Həkim-terapevt Məlahət Abbasova deyir ki, ailə həkimləri ailəni yaxşı tanıdığı üçün xəstəlikləri ilə bağlı da məlumatlı olur: "Elə ailələr var ki, bütün üzvləri müayinə, müalicə üçün həmişə mənim yanıma gəlirlər. Mənim üçün onlarla işləmək asandır. Ailədə olan bir çox sağlamlıq məsələlərini, genetik xəstəliklərin olub-olmadığını bilirəm. Ailə həkimi də məhz bu cəhətdən yaxşıdır. Bir ailəni idarə edir, ailənin üzvlərində genetik olaraq hansı xəstəliklərin ola biləcəyi haqda məlumatlıdır. Məsələn, qızın anasında şəkər xəstəliyi varsa, o ailənin üzvlərindən 50 faiz şəkər xəstəliyi gözləmək mümkündür. Əgər ailənin hər iki üzvündə varsa, onların övladlarında 100 faiz gözləməliyik”.


M.Abbasovanın sözlərinə görə, bu, həm də ona görə yaxşıdır ki, xəstələr klinika-klinika gəzmirlər: "Sağlamlığında problem olan şəxs bunun nə olduğunu müəyyənləşdirmək, axırda ixtisas həkimi tapmaq üçün bəzən müxtəlif klinikalara, həkimlərə müraciət etməli olur. Bu da müəyyən zaman tələb edir. Xəstəlik isə yerində dayanmır, nə qədər tez müdaxilə olunsa, o qədər yaxşıdır. Ailə həkimi bilir ki, ailədən nəyi gözləmək olar. Artıq xəstələr həkim axtarışında olmurlar, öz həkimləri olur. Xəstəliklərin vaxtında aşkarlanmasında ailə həkiminin əhəmiyyəti çox böyükdür. Ailə həkimləri ilə insanlar doğmalaşırlar, onlar bir növ ailənin bir üzvü kimi olur. Bu yaxınlıq ona şərait yaradır ki, insanlar həkimə müraciət etməkdən çəkinmirlər, başı ağrıyan kimi zəng vurub məsləhətləşir. Xırda narahatlıq olanda həkimləri ilə əlaqə saxlayanda, vaxtında müdaxilə olunur və xəstəlik xroniki hala keçmir”.


Xəstəliklərə nəzarət, ana və uşaq problemi...

Tibbi ekspert Adil Qeybulladeyir ki, sovet dövründə "sahə həkimi” anlayışı olub, amma ailə həkimi bu gün daha effektivdir: "Sahə həkimləri” təcrübə keçmiş konkret bir sahənin mütəxəssisləri idilər. Analoji olaraq qərb təbabətində ailə həkimi formalaşıb. Hazırda bizdə nəzərdə tutulur ki, baza tibb təhsilini alan şəxslər təcrübə keçmək, təkmilləşmək yolu ilə "ailə həkimi” kimi fəaliyyət göstərə bilərlər. Amma dünya təcrübəsində ailə həkimləri xüsusi olaraq yetişirlər, onların əsas məqsədi konkret ailələrin sağlamlıqlarına xidmət etməkdir. Bu həm də ona kömək edir ki, ayrı-ayrı şəxslərə lazım olan çek-up müayinələrin aparılması, hamiləliyə nəzarət, ana və uşaq problemi, konkret xəstəliklər baş verdikdə onlara nəzarət vaxtında aparılsın. Ailə həkimi nəzarətində olan ailələrin bütün tibbi sağlamlığına cavabdeh olurlar. Təcrübə göstərir ki, ailə həkimi institutu daha effektiv sistemdir, nəinki "sahə həkimi”. Ona görə hesab edirəm ki, bu keçid daha məqsədəuyğundur. Amma bunu qərb standartlarına uyğun şəkildə etməli və səhiyyəmizin də bu sistemə uyğunlaşmasına çalışmalıyıq. Çünki sistem əgər hansısa səviyyədə qərb standartlarına uyğun çalışmırsa, təbii ki gələcəkdə onun effekti də istənilən səviyyədə olmayacaq”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər