• çərşənbə axşamı, 19 mart, 15:58
  • Baku Bakı 8°C

Qocalmaqdan qorxmayan Cavan... - Keçmişdəki mən

28.10.17 09:00 8452
Qocalmaqdan qorxmayan Cavan... - Keçmişdəki mən
Həyatının hər anını doya-doya yaşadığını deyir. 72 illik ömründəki itirdikləri də qazandıqları kimi ona doğmadır. Onun üçün illər ömürdən getmir. Hələ də özünü cavan və gümrah hiss edir. Deyir ki, əgər daxilində uşaqlıq hissini öldürməyibsənsə, 100 yaşında olsan belə, uşaqsan...

MüsahibimizAzərbaycan caz musiqi sənətinin tanınmış nümayəndəsi, ötən əsrin 70-80-ci illərində estradamızın ən məşhur qrupu olan "Qaya”nın üzvü Cavan Zeynallıdır.
"Ay Cavan, zəmanə dəyişib”
1945-ci ildə Bakıda, ziyalı ailəsində anadan olub. Müharibənin böyütdüyü uşaqlardan deyil. Elə özü də, ikinci dünya müharibəsi bitdikdən sonra dünyaya gəldiyi üçün özünü xoşbəxt sayır. Uşaqlıq illərinə səyahət edərkən, dərindən ah çəkir: "Atam Bakıda 18 nömrəli məktəbin direktoru idi. O zaman həyat o qədər qəribə və gözəl idi ki... İnsanların bir-birinə münasibəti indiki kimi deyildi. Bir-birini tanımayan bir neçə insan belə bir evi bölüşə bilirdi. Yadımdadır, atama 3 otaqlı ev vermişdilər. Bizim otaqların birində əmim öz ailəsi ilə, bir otağında da rus ailə qalırdı. 3 otaqlı evdə 3 ailə mehribancasına yaşayırdıq. Hətta evdə sayımızın çox olduğuna görə sevinirdik. O vaxt insanlar çox səmimi idi. Hətta evdə bişən yeməyi belə, hamı bir-birinə aparırdı. İndi o münasibətlər qalmayıb. Hər kəs özü üçün yaşayır. Biz belə dövrdə yaşadığımız üçün indiki mühiti bəzən qəbul edə bilmirəm. İnsanların eqoistliyini görəndə əsəbiləşirəm. Sonra öz-özümə deyirəm ki, Ay Cavan, zəmanə dəyişib, bunu qəbul et”.

"O kişi, dahi Üzeyir Hacıbəyli idi...”
Atası səhər gedib, axşam gəldiyi üçün o, günün çox hissəsini anası ilə keçirib. Anası Şəfiqə xanımın gözəlliyinin vurğunu olub: "Atam bütün həyatını məktəbə vermişdi. Anam atamdan çox cavan idi. Aralarında 25 yaş fərq var idi. Anamın gözəlliyi hələ də gözümün önündədir... Musiqini də mənə məhz anam sevdirib. Yadımdadır ki, bizdə balaca radio var idi. Radioda musiqi gedəndə, anam gözlərini bağlayıb qulaq asırdı. O, Koroğlu operasını çox sevirdi. Alman, rus, fransız mahnılarına diqqətlə qulaq asırdı. Anamın dinlədiyi musiqilərlə böyüdüm və 7 yaşımda məni musiqi məktəbinə apardılar”.

Həmsöhbətimizin anası Şəfiqə Məcidova opera müğənnisi olub və dahi bəstəkar Üzeyir Hacıbəylinin kollektivində işləyib: "Bir dəfə anamla xalam yolda gedərkən bir kişi onlara yaxınlaşıb və deyib ki, operada xorda oxuması üçün cavan qadınlar axtarır. Əgər iştirak etmək istəsəniz, sabah opera teatrına gəlin, səsinizə qulaq asım. Anam və xalam evdə demədən gediblər. Kişi pianinoda ifa edib, anam oxuyub. Anamı xor qrupuna götürüb. Bu kişi dahi bəstəkar Üzeyir Hacıbəyli olub. 1937-ci ildə Moskvada Azərbaycan incəsənəti günləri keçirilməli idi. Ü. Hacıbəyli də məhz orada iştirak etmək üçün azərbaycanlı xanımlar axtarıb. Stalinin də iştirak etdiyi tədbirdə Koroğlu operası oxunub və anam da orada iştirak edib. Daha sonra babam bildi və anama operada oxumağa icazə vermədi. O vaxt qadınların oxumasına icazə vermirdilər”.


"Hər kəs pul qazanmaq hayındadır”

Həmsöhbətimiz deyir ki, uşaqlıqda çox sakit və sözəbaxan olub: "Sakit uşaqlıq keçirmişəm. Kimsə şuluqluq edəndə qaçıb sakitlikdə otururdum. Çox utancaq idim. Hətta məktəbdə də bildiyimi danışmırdım. Heç bir söz-söhbətə qoşulmurdum. Bizi yayda Mərdəkana, Şüvəlana aparırdılar. O vaxt ağacda əncirlər çox idi. Heç kim fikir vermirdi. Hamı istədiyi vaxt ağacdan əncir dərib yeyirdi. Mən keçən dəfə Mərdəkana gedəndə gördüm ki, hər qapının ağzında vedrədə əncir satırlar. Bu, mənə o qədər qəribə gəldi ki... İndi şəhərdə yaşayan uşaqlar ağacdan meyvə dərib yeməyin ləzzətini bilmirlər. Müasir dövrdə hər kəs pul qazanmaq hayındadır”.

Müsahibimiz musiqi məktəbində ilk dəfə skripka üzrə təhsil alsa da, zəif olduğu üçün bu sahəni davam etdirə bilməyib: "Skripkada ifa çox çətindir. İki əlin də hərəkətdə olmalıdır. Mən də zəif uşaq idim. Skripkada ifa etmək məndə alınmadı. Müəllim məni direktorun yanına apardı və dedi ki, bundan skripkaçı olmaz. Çox pis oldum ağlayırdım. Direktor daha sonra məni pianinoya göndərdi. Mən pianinonu çox sevdim və bütün günü sakitliyə çəkilib ifa edirdim”.

"Mən hara, Rəşid Behbudov hara...”
Müsahibimiz 1967-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunub. 21 yaşında yolu Rəşid Behbudovla kəsişib: "3-cü kursda oxuyanda mahnı teatrından məni Rəşid Behbudovun görüşünə çağırdılar. Fikirləşdim ki, mən hara, Rəşid Behbudov hara... Həmin il qəzetdə Rəşid Behbudov adına mahnı teatrının yaranması və cavan oxuyanların axtarılması ilə bağlı elan gedib. Rəşid Behbudov bütün sovet ölkələrində nömrə bir idi. Çox məşhur idi. Qorxa-qorxa onun qarşısında əyləşdim. Çox zəhmli idi. Məndən oxumağımı istədi. Dedim ki, Rəşid müəllim, pianist lazım deyil, özüm çalıb oxuyaram. Əllərim ayaqlarım əsirdi. Həyəcandan özümü idarə edə bilmirdim. Səsimi bəyəndi və mən 5 il Rəşid Behbudovun ansamblında işlədim”.
"Qızlar məni atıb qaçırdı”
Pozitivliyi, gülərüzlülüyü ilə seçilən həmsöhbətimizin sevgi həyatı acı sonluqlarla nəticələnib. Özünün dediyi kimi, sevdiyi bütün qızlar onu atıb qaçıb: "Mən surətpərəst, gözəllik aşiqiyəm. Lakin ilk sevgim uğursuz olub. Bir iki dəfə istədim ürəyimi verim, gördüm ki, alınmır, qızlar qaçır. Qəribəsi odur ki, mən istəyəndə yox, mən unutduqdan sonra qayıdıb gəlirdilər. Həmişə belə olurdu. Nəyi istəyirdim alınmırdı. Sonra başa düşdüm ki, Allah özü bilir kimə, kimi yazır. Türkiyədə işləyəndə bir qadına rast gəldim. O, türk idi, amma rus mahnılarını sevirdi. Onunla münasibət qurduq. İki uşağı var idi. Mən subay olsam da, onunla ailə qurmağı da planlaşdırdım. Maddi imkanı məndən dəfələrlə artıq idi. Mən də onun evinə köçmüşdüm. Bir dəfə həmin qadın dedi ki, Bakıya gedək. Bakıya gəldik və burada olduğumuz müddətdə qadın mənə məktub yazıb qaçdı. Məktubda "bir daha görüşməyək” yazılmışdı. Mənim də bütün paltarlarım, pullarım hamısı onun evində idi. Sonra həyat yoldaşım Röya xanımla rastlaşdım və anladım ki, həyatımın qadınını tapdım. Röya çox ağıllı, faydalı və düzgün insandır”.

"Qoxuram ki, 5 il sonra ac qalam...”
C. Zeynallı Röya xanımın gözəlliyinə, evdarlığına, dadlı yemək bişirmək qabiliyyətinə vurulub. Lakin son vaxtlar həyat yoldaşının internetdən axtarış verib fərqli yeməklər bişirməsi onu narahat edir: "İnternet həyatımızı ələ alıb. Hətta yeməklərinin vurğunu olduğum yoldaşım belə, fərqlilik etmək üçün internetdən istifadə edir. Deyirəm ki, Röya, o yeməklər lazım deyil. Sən nə bişirirsən, o ləzzətlidir. Mən ənənəvi yeməklərimizi sevirəm. Qəlbini qırmaq istəmirəm, amma özü necə bilirsənsə, elə bişirməyini istəyirəm. Qorxuram ki, 5 il keçəndən sonra öz yeməklərimizdən dada bilməyəm, ac qalam (gülür: A.Ə).

Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, həyat mübarizədir və bu mübarizədə səbirli, güclü olan hər vaxt qazanır: "Həyatın sənə verdiyi hər şeyi sev və qəbul et. Şərin də arxasında mütləq xeyir yatır. Həyatda hər anın öz ləzzəti var. Bəzi adamlar deyirlər ki, Cavan, qocalıbsan. Qocalmağın nəyi pisdir ki... Həyatın hər anı gözəldir. Qocalıqdan qorxmuram. Adam özünü daxilində necə hiss edirsə, elədir. Mən indi də uşaq kimiyəm. Daxilin uşaq olduqdan sonra qocaldın, qocalmadın, fərq etməz”.

Aygün ƏZİZ








banner

Oxşar Xəbərlər