• cümə, 29 Mart, 17:14
  • Baku Bakı 14°C

Qocalmaq istəməyən qocalar...

17.02.17 17:20 3351
Qocalmaq istəməyən qocalar...
İnsan həyatının ən çətin dövrü orta yaş həddi hesab olunur. Bəzi inkişaf etmiş ölkələrdə insanların əksəriyyəti məhz bu yaş dövründə depressiyaya düşür. ABŞ-da özlərini bədbəxt hesab edən qadınlar 40, kişilər isə 50 yaşlarında olurlar...
Bu istiqamətdə tədqiqat aparan xarici mütəxəssislər bildirirlər: "Belə hesab etmək olar ki, qocalıq yaxınlaşdıqca, insanın bədbəxtliyi də yaxınlaşır. Amma deyəsən, indi bunun əksinədir!” Mütəxəssislərin fikrincə, depressiya insan həyatına tədricən gəlir. Lakin məsələ burasındadır ki, insan yaşa dolduqca, depressiyanı olduğu kimi qarşılayır. Yəni insan qocaldıqca, hər şeyi yaxşı qiymətləndirməyə çalışır. Belə çıxır ki, yaşlı insanlar özlərini cavanlara nisbətən daha çox xoşbəxt hesab edirlər...
Bəs bizdə necədir?
Psixoloqların qənaətinə görə, insan təqaüd yaşına çatma dönəmində daha çox qocalmamağa çalışır. Bu zaman qocalığını boynuna almamaq kimi istəklər də formalaşa bilir. Bəzi qocalar qocaldıqlarını qəbul etməyərək, özlərini gənc hiss edirlər. Bu, qadın və kişililərdə özünü fərqli şəkildə göstərir. Psixoloq Elnarə Baxışlı bildirdi ki, ümumiyyətlə, insan nə qədər aktualdırsa, yəni nə qədər göz önündədirsə, bu dəyişikliklər də özünü daha qabarıq göstərə bilər: "Dünya təcrübəsində yaşlı xanımların gənc oğlanlara, yaşlı bəylərin gənc xanımlara meyl etməsi bir növ bu reallıqdan qaçış olaraq, daimi gənc qalmaq düşüncəsinin nəticəsidir. Psixoloqun fikrincə, bu, insan psixologiyası üçün normal haldır. Əslində, hər kəsin sevmək və sevilmək haqqı var. Lakin bir məsələ də var ki, insan gərək güclü dəyərlərə sahib olsun. İnsanın öz nəfsindən imtina etməsi elə də asan məsələ deyil. Öz nəfsindən imtina etmək üçün güclü vicdan hissinə sahib olmaq lazımdır. Mərhələlərin təsiri altına düşən insanın ordan çıxması üçün ona davranış modeli də lazımdır. Və onun həyatında belə bir model varsa, yəni atası, babası, dayısı və s. onun üçün nümunədirsə. Hər bir insanın etdiyi bütün hərəkətlərdə psixoloji mexanizmlər vardır. Hər bir insan bu və ya digər şəkildə davranış stereotipini götürür. Bu, eyni zamanda, ailə stereotipi də ola bilər. Öz yaşını qəbul etməmək, yəni yaşlanmaq qorxusu ilə üz-üzə qalmaq insanı bəzən bir sıra hərəkətlərə sövq edir. Müəyyən yaş qrupunda isə bu, bir növ həqiqətdən qaçmaq seçimini verə bilər. Məsələn, yaşlı qadınların geyimlərində daha açıq çalarlardan istifadəsi, saçlarını boyaması, xüsusi makiyajlar, eləcə də yaşlı kişilərin saç əkdirməsi, daha çox idmana meyl etmələri ilə görünür. Lakin bu, heç də o demək deyil ki, yaşlı insan bunların heç birindən istifadə etməməlidir. Daha yaxşı görünsün deyə, məsələn, parikdən istifadəni adi bir şey hesab etməlidir. Yəni yaşlılıq sosial ölüm olmamalıdır. Amma tədricən üzdə qırışların artması, orqanizmdə baş verən ağrılar bəzi insanlarda aqressiyaya da çevrilə bilir. Belə ki, orqanizmin ağırlığı, yuxunun pozulması ilə üz-üzə qalan insan daha da gərginlik yaşayır, müəyyən qrup insanda bu, depressiya yaradır”.
Qocalıq bədbəxtlikdirmi?
İnsan bütün yaş dövrünü - uşaqlıq, yeniyetməlik, gənclik, yetişkənlik, yaşlılıq dövrünü yaşamalıdır. Təbii ki, hər kəs uzun ömürlü olmaq istəyir. Amma heç kəs qocalmaq istəmir. Qocalmaq bədbəxtlik deyil. Tək qalacağını düşünən insanlar özlərini bədbəxt hesab edə bilərlər. O insan elə bədbəxtdir və qocaldıqda bu bədbəxtliyin onunla birgə olacağını düşünür və məyus olur. Amma bu, hələ onun düşüncəsidir və nələrin baş verəcəyini bilmək mümkün deyil. Bu zaman insan daha çox övladına bel bağlayır. Qocanın özünü faydasız və ya tənha hiss etməməsindən ötrü onun gənclə daim ünsiyyətdə olması çox zəruridir. Burada bir nüans da var ki, yaşlı insan artıq estafeti tərk edir. Onun əldə etdiyi təcrübələri, bilgiləri gənclərlə bölüşdükdə, o bir növ özünün əbədi yaşam illüziyasını əldə edir. Sanki sonsuzluğu əldə etmiş kimi olur. Belədə qoca ruhən yaşayır. Ona görə də, nənə-baba ilə nəvələrin münasibəti ata-ana-övlad arasındakı münasibətdən daha güclü olur. Bu, onlar arasında elə ruhi bağlılıqdır. İnsanı yaşadan - onu düşünən insanın varlığıdır. Qoca onu düşünən, onun üçün darıxan birisinin olduğunu biləndə, ümidsiz olmur, sanki bir növ əbədiləşir. Uzun müddət tək yaşayan insan bu imtiyazdan məhrum olduğundan, başqalarının sahib olduqları dəyərləri, bilikləri, xatirələri, köhnəlmiş şəkilləri belə paylaşa biləcəyi bir insanın yoxluğundan çox üzülür...
Yaşamın depressiyası
İnsanın yaşlılıq dönəminə girdiyi zaman payızdan qışa keçidi xatırladır. İnsan daha kimsəsiz, daha sakit bir dönəmə düşdüyünü hiss edir. Burada fərdi yanaşma da əhəmiyyət kəsb edir. Qocanın bu zaman tənha olmayacağını hiss etməsi önəmlidir. Bizim ölkəmizdə nənə-babanın, digər qohumların bir arada yaşaya biləcəyi ailələr var. Belə ailə nümunələri Türkiyədə, Hindistanın özündə də mövcuddur. Yəni şərq ailələrində birgə yaşayışa üstünlük verilir. Biz bunu daha çox meksikalıların ailələrində də müşahidə edirik. Belə ailələrdə qocaların depressiyaya düşmə ehtimalı daha azdır. Övladları tərəfindən erkən tərk edilmiş, boş yuva vəziyyətinə bənzəyən evlərdə depressiya daha tez-tez rast gəlinən haldır. Bu da yaşlı nəslin böhranı deməkdir.
Depressiyanın digər amilləri isə qocalıqla bağlı həyəcanlar, müxtəlif xəstəliklərdən başlayır. İnsan yuxusuzluqla üzləşir. Çox zaman keçmişlə bağlı yuxular görür. Onda ölüm qorxusu yaranmağa başlayır... Yaşlı insanlar üçün təşkil edilən klublar onların ünsiyyətdə olmasına yardım edir. Nərd, domino kimi oyun və ünsiyyət zamanı beyin qidalanır. Ünsiyyətdə olan insanın beyni daim inkişafda və aktiv olur.
Tənhalığa çəkilmək istəyi
Qocada ətrafı deyil, məhz özünü eşitmək istəyi, yalnızlıq istəyi baş qaldırır. Bu da inkarın bir formasıdır. İnsan yaşlaşdıqca, həyatını analiz edir. "Mən ətrafıma nə verdim, onlara nə verə bilərəm, mən yanımdakı insana yükəmmi, gərəkliyəmmi?” – deyə özünə suallar verməyə başlayır. Əgər o insan bizdən daha güclü, daha fəaldırsa, onun empatik hissi çox güclüdürsə, çalışa bilərik ki, o insanı özümüzdən uzaqlaşdırmayaq. Yəni "mənə görə narahat olma”, "işindən qalma”, "məndən asılı olma” kimi fikirlər əslində, həmin qocanın bir növ maskalanmış şəkildə aqressiyasıdır. Bu, o deməkdir ki, "mən səni görmək istəmirəm” və ya "sən məni narahat edirsən”. Belə olduqda yaşlı insana nəyisə başa salmaq çətin olur. Ən yaxşısı, ona yalnız kömək etmək olar. Ona nəyisə sübut etmək, hərəkətlərinin düzgün olmadığını, yanlış düşündüyünü anlatmaq mümkün olmur. Çünki həmin fikirlər artıq onun beynində formalaşmış olur. Müəyyən qrup yaşlı insan ümumiyyətlə, yaxınlarına yük olmaq istəmir. Qocalar evinə müraciətin əksəriyyəti də bununla bağlıdır. Qocalar çox zaman incidildikləri üçün deyil, incitmək istəmədikləri üçün tənhalığı seçirlər...

Zeynəb Əliqızı

banner

Oxşar Xəbərlər