• cümə axşamı, 28 mart, 20:21
  • Baku Bakı 13°C

Qocalmaq dəbdə deyil

08.01.19 10:00 6273
Qocalmaq dəbdə deyil
Dünyanın hər yerində insanlar qocalmağa qarşı mübarizə metodları seçirlər. Xarici ölkələrdə yaşlı insanlar, təqaüdçülər daha çox səyahətə çıxırlar. Əl-ələ tutub muzeyləri, tarixi məkanları gəzir, günəşli sahillərdə dincəlir, xizəksürmədən, piyada turizmindən və s. zövq alaraq həyatlarını davam etdirirlər. Əlbəttə, qocalığı əngəlləmək üçün dövlətlərin, həmçinin vətəndaş cəmiyyətlərinin həyata keçirdiyi müxtəlif proqramlar da var. Bütün bu tədbirlərlə bərabər, insanların öz ruhlarını gənc saxlamaq istəyi də önəmlidir.

Cavanlaşan qocalıq yaşı

Əlbəttə, yaşlanmağın qarşısını almaq çətindir. İllər keçdikcə insanın orqanizmi, əsəb sistemi və orqanları cavanlaşmır, əksinə, tədricən qocalır. Hətta zaman gəlir ki, insan işləmək qabiliyyətini itirir. Amma bu o demək deyil ki, həmin müddətdə əl-qolunu yanına sallayıb yaşamaq lazımdır. Xüsusən praktiki tibb və elmin insanın tərəfində olduğu bir vaxtda. Təsadüfi deyil ki, insanlar son yüz il ərzində çox yaşamağa başlayıblar. Alimlər müəyyənləşdiriblər ki, son iki yüzillikdə insanların boyu da 7-8 sm artıb. Hazırda qadınların orta boyu 165-175 sm, kişilərinki 170-180 sm təşkil edir. Tədqiqatçıların proqnozuna görə, bu hələ son hədd deyil. Belə ki, 2000-ci ildən etibarən doğulan nəsillər bəşəriyyət tarixində ən yüksək boylu ola biləcəklər. Bu yaxınlara qədər «təqaüdçü» və «qoca» sözləri arasında bərabərlik işarəsi qoyulurdusa, indi 55 yaş, necə deyərlər, ən cavan təqaüdçü yaşıdır - onlar üçün həyat yenicə başlayır. Ruslar bioloji yaşa münasibətdə optimistdirlər. Onlar hesab edirlər ki, qocalıq 80 yaşdan sonra başlayır. Qocalıq dövrünün 70-79 yaşdan, o cümlədən 40-49 yaşdan başladığını bildirənlər də var. Sonuncular sorğuda iştirak edənlərin yalnız 1 faizini təşkil edirlər. Rusiya Tibb Elmləri Akademiyası insanın bioloji yaşında gözlə görünən dəyişikliklərin olduğunu iddia edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu faktı təsdiqləyib. Təşkilatın təsnifatına görə, müasir insan 25 yaşdan 44 yaşa qədər hələ cavan sayılır. 44-dən 60-a qədər orta yaşın təmsilçisi, 60 yaşdan 75 yaşa qədər yaşlı, 75-dən 90 yaşa qədər isə qoca nəslin nümayəndəsi hesab olunur. 90-nı adlayanlar isə uzunömürlü sayılırlar. ÜST-ün təsnifatına inansaq, qocalıq yaşı əhəmiyyətli dərəcədə cavanlaşıb.

Müxtəlif faktorlardan doğan səbəblər

Cəmiyyətin yaşla bağlı mənzərəsi isə fərqlidir. Ümumilikdə, cəmiyyət səylə qocalmaqdadır. Bu o deməkdir ki, adamlar daha çox xəstəliyə düçar olur, yoxsulluqdan əziyyət çəkir, problemlərin məngənəsində sıxılırlar. Düzdür, təkcə yaşlılar deyil, cavanlar, həmçinin uşaqlar da xəstələnirlər. Bu isə təkcə genetik faktorlardan deyil, həyat tərzindən, məişət şəraitindən, vərdişlərdən, zərərli iş xarakterindən, qidanın keyfiyyətindən, yaxın adamların münasibətindən – bir sözlə, müxtəlif faktorlardan asılıdır.

Həkimlər qocalığı maddələr mübadiləsinin pozulması, hormon sisteminin zəifləməsi, əzələlərin deqradasiyası, toxumalarda birləşdirici elementlərin strukturunun azalması ilə əlaqələndirirlər. Mütəxəssislər «erkən qocalmaq istəmirsinizsə, erkən yaş xəstəlikləri ilə mübarizə aparmaq lazımdır» - deyə tövsiyə etməkdə davam edirlər. Orqanizmin cavan qalması üçünsə mümkün qədər nasazlıqdan uzaq olmalı, xroniki xəstəliklərlə mübarizə aparmaq, daxili vəziyyətə nəzarəti gücləndirmək lazımdır. Bu həm də gələcəkdə əlillikdən qaçma şansıdır.

Rusiyanın məşhur fitoterapevti Sergey Truşevin fikrincə, yaşlı adam üçün həyat tərzi böyük rol oynayır. Belə ki, o, aktiv məşq etməli, gün ərzində saatyarım gəzməli, su prosedurları ilə məşğul olmalı – basseyndə üzməli, duş qəbul etməlidir. "Yaşlılar gərgin məşqləri həkim məsləhəti ilə yerinə yetirməlidir. Yeməyə nəzarət isə bu yaşda mühüm rol oynayır. Yaşlılar üçün pəhrizin böyük əhəmiyyəti var. Süd, bitki mənşəli qidalardan, tərəvəz məhsullarından daha çox istifadə etməlidirlər. Çay, kofe yalnız səhərlər və az miqdarda qəbul edilməlidir. Şokolad və kakaodan imtina vacib şərtdir. Yaddan çıxarmaq lazım deyil ki, yeməkdən yalnız 40 dəqiqə sonra uzanmaq olar. Yatmağa minimum iki saat qalmış yemək məsləhət deyil, mümkün qədər artıq çəkidən xilas olmaq lazımdır”. Professor yaşlanmada insanın əsəb sisteminin də böyük rol oynadığını bildirir, Belə ki, yaşlı adamlar mümkün qədər sakit, həyatsevər olmalı, kiməsə, nəyəsə bağlanmalıdırlar. Fərqi yoxdur - övladlarına, nəvələrinə, poeziyaya, teatra. Belə olanda, qocalığı həqiqətən kənarlaşdırmaq olar. Bu üsullarla infarkt və insult kimi geniş yayılmış xəstəliklərdən də qaçmaq mümkündür”. Professor bildirir ki, həmçinin indi həyatımızın ayrılmaz hissəsinə çevrilən kompyuter, mobil telefonlardan gün ərzində 2-3 saatdan, fasilələrlə 15 dəqiqədən artıq istifadə etmək olmaz: "Onların şüasının da fəsadları çoxdur. Əgər təbii yollarla qocalıqdan yayınmaq mümkündürsə, dərmandan istifadəyə ehtiyac qalmır”.
Hərəkətsizlikdən uzaqlaşmaq, keyfiyyətli qida...

Bizim həkimlər də rus həmkarları ilə təxminən eyni fikirdədirlər. Sadəcə, yaşam standartlarının, həyat tərzinin fərqliliyi mövcuddur.

Həkim-cərrah, professor Adil Qeybullanınfikrincə, təkcə həyat tərzi yetərli deyil, ekologiya da əsasdır. Həmçinin içdiyimiz su, qəbul etdiyimiz qida, radiasiya təsirləri, stress də nəzərə alınmalıdır: "Həyat tərzi təkcə pis vərdişlərdən – alkoqoldan, siqaretdən imtina etmək deyil. Çox gəzmək, orqanik qida qəbulu vacibdir, ancaq bunlar yetərli deyil. Burada insanın özündən asılı olmayan – yəni obyektiv və subyektiv amillər var». Professor hesab edir ki, bununla belə, insan hərəkətsizlikdən uzaqlaşsa, keyfiyyətli qida qəbul etsə, orqanizmi lazımi səviyyədə çalışsa, qidaların qəbulunun orqanizmdə sərfiyyatı düzgün olsa, onun yaşam, ömür uzunluğu şansı çoxalar: "Ancaq bu, birmənalı təminat deyil. Çünki genetik xəstəliklər var və onların istənilən zaman ortaya çıxmaq şansı qalır. Axı qəbul etdiyimiz qida, ərzaq, hava bizdən tam asılı deyil. İri şəhərlərdə bir kub metr havada 1 nanoqram benzopiren törəməsi varsa, bu, 20 adamdan birində ağciyər xərçənginə səbəb olur. Biz bu qədər avtomobil qazlarını havaya buraxıb onunla nəfəs alırıq, yaşıllıqlar azdır, bütün günü stress içində yaşayırıq – bunlar insanın həyatına təsir edən ciddi faktorlardır. Belə olanda insanın öz ömrünü uzatması, qocalıqdan qorunmağa çalışması da çətinləşir».
Sağlam bədəndə sağlam ruh

Yaşlanmaqda psixoemosianallığın roluna gəlincə, psixoloq Təranə Kazımlı psixoloji amillərin insanın bioloji yaşlanmasında mühüm rol oynadığını bildirir. Psixoloq hər şeydən əvvəl insanın vaxtından əvvəl qocalmasını istifadə etdiyi qida ilə əlaqələndirir: «Son günlərdə mən özüm də həkimə müraciət etdim. Xəstə deyildim, ancaq orqanizmim tükənmişdi. Həkim D vitamini çatışmazlığı diaqnozunu qoydu. Bəzi qidaları orqanizmim qəbul etmirdi. İndi vəziyyətim demək olar ki, yaxşıdır. Artıq bütün dünyada market qidalarına, fastfud-lara boykot başlayıb. Yeyib-içdiyimiz qidalar, istifadə etdiyimiz texnologiyalar, televizorlar, mikrodalğalı sobalar belə insan orqanizminə mənfi təsir göstərir. Keçmişə qayıtsaq, belə texniki inkişaf və stress, gərginlik yox idi, ömür də uzun və sağlam idi. İndi meydana gələn xəstəliklər, hətta şəkər, diabet, ürəyin işemiyası, mədə-bağırsaq və s. xəstəliklər əvvəllər 35-40 və ya 50 yaşdan sonra başlayırdısa, indi artıq 30 yaşlı insanlar bu problemlərdən əziyyət çəkirlər. Bu amillərin yaranmasında da ətraf aləmin rolu sübut olunub”.

Psixoloq bildirir ki, bir çox Avropa ölkələrində «insan sağlamlığına ziyandır» deyə hündür yaşayış binaları inşa edilmir. İnsanlar bacardıqları qədər torpaqla, təbiətlə təmasda yaşayırlar: "Həmçinin müxtəlif qida qatqıları ilə orqanizmimizin strukturunu pozmuşuq. Hərəkətsizlik bütün xəstəliklərin başlanğıcıdır. Metobolizm dayanır, lazım olan hormonlar istehsal olunmur. Nəticədə orqanizm həkimin yazdığı dərmanlardan asılı vəziyyətə düşür». Psixoloq insanların qocalmasında psixoemosional vəziyyətin rolunun mütləq olduğunu bildirir: «Bunların kökündə stress durur. Psixosomatika bədənin daxili orqanlarının insanların durumu ilə birbaşa əlaqəsidir. Bir çox insanlar var ki, müayinədən keçirlər və özlüyündə düzgün qidalandıqlarını hesab edirlər. Ancaq laborator analizlər müəyyən çatışmazlıqları ortaya çıxarır. Bədən həzm zamanı istəmədiyi qidaya reaksiyasını verir. İnsan özündə xoşagəlməyən hallar - halsızlıq, yorğunluq hiss edəndə psixoloqa müraciət etməlidir. Əgər daxili xəstəliklərlə bağlı bir terapevtə gedibsə, psixoloji durumunu da müəyyənləşdirməyə çalışmalıdır. Həkimlər insanların fizioloji vəziyyətinə baxıb müalicə edirlər, ancaq ruhsal vəziyyətlərini nəzərə almırlar. Mən həkimlərə məsləhət görərdim ki, insanların psixloji durumunu araşdırsınlar: «Sən sağalmayacaqsan» - deməsinlər. Psixoloqlar da xəstənin psixoloji durumu nə qədər öndə olsa da, onu daxili yoxlanışdan keçməyə yönəltməlidirlər. Bu birlik sürətlə artan xəstəliklərin tam qarşısını almasa da, erkən müdaxiləyə yardımçı ola bilər. Biz insanlara sağlam həyat tərzinin necə olmasını öyrətməliyik”.

Əslində, biz bunları bilirdik, amma elm, müasir dünyanın inkişafı unutdurdu. Dədə-babalarımız bizdən sağlam və uzunömürlü yaşayıblar. Ona görə də «sağlam bədəndə sağlam ruh olar» sözləri, eləcə də rusların özləri üçün şüara çevirdiyi "qocalmaq dəbdə deyil” fikirləri bizim insanlar üçün motivasiya olsa, yaxşıdır.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər