• cümə, 19 Aprel, 21:00
  • Baku Bakı 24°C

Qocalar oxuyanda...

17.11.17 13:30 2790
Qocalar oxuyanda...
Təqaüdə çıxan insanlar təkcə darıxmırlar, həm də tez qocalırlar. Bunu atamın timsalında görmüşəm. Çayxanada oturub vaxt keçirməyi, parkda, bağda yaşıdları ilə nərd və ya domino oynamağı sevməzdi. Başını qatmaq üçün həyət-bacada vaxt keçirər, bir də qəzetləri oxuyardı. Təqaüdündən ayırıb hər gün qəzet aldırar, az qala nöqtə-vergülünü də qaçırmazdı. Ta Latın qrafikalı əlifbaya keçdiyimiz günə qədər...
Bir gün Lənkərana gedəndə, yenə stolunun üstündə qalaqlanmış qəzetləri gördüm. "Yeni hərfləri oxuya bilmirəm” - deyə şikayətləndi. Rayona bir-iki günlüyə valideynlərimə baş çəkməyə getdiyimdən hərfləri ona öyrətməyə vaxtım təbii ki, olmadı. Yalnız hərfləri ağ vərəqdə kiril qarşılığı ilə yazıb stolunun üstünə qoymaqdan başqa əlimdən bir iş gəlmədi: "Bəlkə belə oxuya bilərsən” dedim. Amma onun üçün çətin olacağını bilirdim. Həqiqətən də mənim "ideya”mdan baş açmadı – bununla da qəzet oxumağı tərgitdi. Atamın başını qatan əsas və sevimli vərdişindən ayrılması üçün çox üzgün idim.
Bu xatirə yadıma elə-belə düşmədi. Moskvada universitetə qəbul olan təqaüdçülərlə bağlı Rusiya mətbuatından oxuduğum məqalədən xeyli təsirləndiyimə görə xatırladım. Zarafat deyil, 10 min təqaüdçü təhsil almaqdan ötrü ahıllar üçün nəzərdə tutulan ali məktəbə müraciət edib. Təcrübənin Azərbaycan modelinin yaradılması ilə bağlı yazımda ekspertlərin məmnunluq ifadə edən fikirlərinə də yer ayırdım. Demək olar ki, hamı layihənin bizdə tətbiqinin tərəfdarı kimi danışdı. Yazı boyu da əlifba dəyişikliyindən əziyyət çəkən atam gözlərimin önündən getmədi. Təbii ki, o, Latın qrafikalı əlifbaya keçiddən sonra oxuma vərdişini yadırğayan nə birinci adam idi, nə də sonuncu. Hərfləri bilməyən və bu üzdən mütaliəsizlikdən əziyyət çəkən minlərlə yaşlı təqaüdçülərdən biri idi. Üstəlik, bizdə yaşlılar üçün hər hansı kursların olmaması da problemin bir səbəbi idi.
Sonradan təqaüdçülərin probleminin başqa "çalarlar”ını müşahidə etdim. Qonşuda, qohum-əqraba arasında təqaüdə çıxandan sonra insanların nəinki darıxdığını, hətta sürətlə qocaldığını gördüm. İşsizlikdən xəstələnib yatağa düşən, depressiyaya qapılan, dünyadan köçən insanlar da tanıdım. Ömür boyu iş-gücə alışan insanların birdən-birə əllərinin işdən qopmasının nə demək olduğunun acısını anladım. Nəvələrlə oynamağın, bağ-bağçada ağacların dibində "eşələnməyin” və ya öz statusunda olan insanlarla müvəqqəti vaxt keçirməyin onların həssas qəlbinə çarə olmadığını bildim. Düzdür, aralarında təqaüdə çıxandan sonra ölkə xaricindəki sanatoriyalarda dincələnlər, səyahətə çıxanlar, ucqar kəndə çəkilib dincəlməyə və ya nəvələri ilə vaxt keçirməyə üstünlük verənlər və üçüncü yaş dövrünün bu payı ilə kifayətlənənlər də az deyil.
Amma təqaüdə çıxandan sonra işləmək, cəmiyyət arasında olmaq istəyənlər də çoxdur. Proqram da məhz bu insanlar üçündür. Düzdür, bizdə çox vaxt, məsələn 50 yaşdan sonra təhsil dalınca gedənlərə, xarici dil kurslarına yazılanlara, belə deyim, bir növ həyatda başını qatmaq, ya bəlkə öz qəlbi ilə yaşamaq üçün yollar arayanlara baxışlar fərqlidir. "Bu yaşda oxumaq, dil öyrənmək nəyə gərəkdir?” sualları deyilməyəndə də, üzdən oxunur. Olsun ki, üçüncü yaş dövrünü yaşayan insanların yenidən təhsil almalarından, dil və kompyuter kurslarından yararlanan olmayacaq. Onlar təhsil almaqla, necə deyərlər, Amerika da kəşf etməyəcəklər. Amma bu onların özlərinə lazımdır - tənhalıqdan qurtulmalarına, özlərini yalnız hiss etməmələrinə, irəlidə yaşanacaq günlərin olduğuna inanmalarına. Əgər təqaüd dövründə onların içərisindən hansısa oxunaqlı bir əsər və ya musiqi yazan, baxımlı bir film və ya rəsm əsəri çəkən (bu kimi hallar istisna deyil) çıxacaqsa, bunun nəyi pisdir? Ahıl yaşda Nobel ödülünü alanlar, səhnəyə çıxanlar, elmi kəşf edənlər azdırmı? Yetər ki, "artıq onların qatarı getdi” deyə qocalara ümidsizcəsinə baxmayaq.
Təqaüdçülər üçün analoji təhsilin yaradılması, həyatlarının uzadılması üçün biz niyə cəhd etməyək? Bizim qocalar arasından da yenidən təhsilə can atanların olacağı istisna deyil. Ömür boyu təhsil varsa, niyə bizim təqaüdçülər üçün düşünülməsin? Məsələn, elə keçən il bir layihə çərçivəsində Azərbaycan dilini öyrənməyə gələn rus qocalarının marağını, həyat eşqini yaxından izləmişdim. Çoxu evindəki televizorun qarşısından və ya alaqapının ağzındakı skamyadan qalxıb gəlmişdi. Bir növ eynilikdən, ya bəlkə ətalətdən qaçmışdılar. Onlar necə də həvəsli idilər – yazırdılar, pozurdular, lövhəyə çıxıb dərs danışırdılar, bəzən müəllimə irad da tuturdular. Qocalar yaşayırdılar –lap cavanlıqda olduğu kimi, həyat eşqi ilə, həvəslə...
Bəlkə biz də qocalarımızı təkcə sosial yardımlarla təmin etməklə kifayətlənməyək. Onların mənəvi-psixoloji dünyalarını da düşünək. Onlara həvəsli yaşamaq üçün şans verək. Əlimiz dünya ölkələrinin təcrübəsinə çatmasa da, ən azı Rusiyaya çatar. Əgər oxşar təcrübə vaxtilə bizdə də olubsa, onda yaxşı unudulmuş köhnəni niyə bərpa etməyək? Bir halda ki, arzuları yaş və sərhəd tanımayan insan qəlbi "heç vaxt heç nə üçün gec deyil” sözlərini pıçıldayır...
Təranə Məhərrəmova
Əməkdar jurnaist
banner

Oxşar Xəbərlər