• çərşənbə axşamı, 23 aprel, 19:48
  • Baku Bakı 20°C

“Qoca qitə”nin Azərbaycana artan marağı

23.07.18 17:38 750
“Qoca qitə”nin Azərbaycana artan marağı
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı günbəgün artır. Avropa İttifaqı ölkələri Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla ayrı-ayrı sahələrdə münasibətlərin inkişafına maraq göstərməyə başlayıblar. Bu günlərdə İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana gəlməsi, ardınca prezident İlham Əliyevin Fransaya səfəri bunu bir daha sübut. Qeyd edək ki, Azərbaycan həm İtaliya, həm də Fransa ilə müxtəlif sahələri əhatə edən sazişlər bağlayıb. Avropa İttifaqı ölkələri ilə intensiv əlaqələrin müsbət tərəfi nədən ibarətdir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Avropa İttifaqı ölkələri ilə münasibətlər yeni inkişaf mərhələsinə daxil olub: "Prezident İlham Əliyevin Fransaya səfərinin həm siyasi dialoqun, həm iqtisadi münasibətlərin inkişafı, həm də humanitar sahədə əlaqələrin bundan sonrakı dinamikası üçün böyük əhəmiyyəti var. Hər bir səfərə qiymət verərkən, ilk növbədə, müzakirə olunan məsələlər, əldə edilmiş razılaşmalar diqqəti cəlb edir. Məsələyə bu kontekstdə yanaşdıqda, prezident İlham Əliyevin Fransaya səfəri zamanı 11 nəhəng şirkətin rəhbərləri ilə keçirilən görüşlər diqqəti cəlb edir. Xüsusilə də "Ümid-Babək” yatağı ilə bağlı Fransanın nəhəng "Total” şirkəti ilə aparılan danışıqlar bu baxımdan olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, hələ 1993-cü ildə ulu öndər Heydər Əliyev Fransaya ilk rəsmi səfəri zamanı "Total” və "Elf-Aquitaine” şirkətlərinin Azərbaycan neftinin istismarına cəlb edilməsi prosesinə nail olmuşdur, prezident İlham Əliyev də həmin siyasətə sadiq qalaraq Fransa ilə enerji sahəsində əməkdaşlıq məsələlərinə xüsusi əhəmiyyət verir. Bu nöqteyi-nəzərdən aparılan danışıqlar böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir.Bundan başqa, Fransanın "Rothschild and Co” şirkəti ilə danışıqlar xüsusi qeyd edilməlidir. Bu şirkətin hələ XIX əsrdə Azərbaycanın enerji sənayesində çox fəal iştirakı olub və həmin ənənənin XXI əsrdə də davam etməsinin şahidiyik. Eyni zamanda, Fransanın nəqliyyat, kosmik və digər sahələrlə bağlı şirkətləri ilə də çox mühüm danışıqlar aparıldı. Söhbət 11 böyük şirkətlə aparılan və dəyəri 2 milyard dollardan çox ölçülən müqavilələrdən gedir. Bunlar olduqca əhəmiyyətli məsələlərdir. Eyni zamanda, səfər çərçivəsində Azərbaycan prezidentinin Fransa Senatının və Milli Assambleyasının sədləri ilə görüşləri növbəti dəfə göstərdi ki, bizim əlaqələrimiz həm də parlamentlərarası əməkdaşlıq sahəsində kifayət qədər ciddi əsaslara malikdir”.

E.Nəsirov vurğuladı ki, Fransa prezidenti ilə danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olundu: "Bu məsələdə Fransanın rəsmi mövqeyi bir daha bəyan edildi. Mövqe ondan ibarətdir ki, Fransa bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir. Eyni zamanda, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında tənzimlənməsində maraqlıdır. Makron bir daha qeyd etdi ki, o, özü bu tənzimləmə prosesinin həyata keçirilməsində olduqca maraqlı tərəfdir. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir, eyni zamanda, Fransa prezidentinin məlum yanaşması Azərbaycan tərəfinin diplomatik uğuru kimi də dəyərləndirilə bilər.Azərbaycan meqalayihə olan Cənub Qaz Dəhlizinin reallaşmasında həlledici tərəfdaşdır, təşəbbüskar dövlətdir. Artıq Cənub Qaz Dəhlizi layihəsinin dörd komponentindən üçü reallaşıb. Söhbət "Şahdəniz”, TANAP və Cənubi Qafqaz Boru Kəmərindən gedir. TAP layihəsinin reallaşması isə 2019-cu ilin sonlarına planlaşdırılır. Fransa onun fərqindədir ki, həqiqətən də Azərbaycan bu gün Avropa üçün yeni alternativ enerji mənbəyinə çevrilib. Bu nöqteyi-nəzərdən, Azərbaycan Avropa üçün çox yaxın tərəfdaşdır.Onu da qeyd edim ki, prezident İlham Əliyevin Fransaya səfəri həm də Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradır. Bir sözlə, dövlətimizin başçısının Fransaya səfəri bir daha onu göstərdi ki, Azərbaycan düşünülmüş, dinamik xarici siyasət həyata keçirir. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa söykənən, bir-birinin daxili işlərinə qarışmama prinsipinə əsaslanan siyasət həyata keçirir. Həmin siyasət sayəsində bu gün Fransa ilə münasibətlərimiz inkişaf edir. Azərbaycanla Fransanın əməkdaşlığına dair imzalanan sənədlər bir daha göstərir ki, ölkələrimiz arasında əlaqələr yaxşı perspektivlərə malikdir".

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Azərbaycan Avropa İttifaqı ilə böyük saziş imzalamaq ərəfəsindədir: "Avropanın aparıcı ölkələri ilə münasibətlərin yaxşılaşdırılması, birgə müxtəlif sazişlərin imzalanması, həmçinin bu dövlətlərlə iqtisadi, humanitar və digər istiqamətlərdə əlaqələrin yaranması həm Azərbaycanı, həm də Avropanı qane edən, maraqlarına cavab verən diplomatik addımlardır. Hər halda, Azərbaycanı Avropada çox müsbət qarşılayırlar. Çünki ölkəmiz Cənubi Qafqaz regionunda önəmli və aparıcı bir ölkəyə çevrilib. Digər tərəfdən, Azərbaycan enerji layihələri həyata keçirən bir dövlətdir və Avropanın müəyyən dərəcədə enerji təhlükəsizliyini təmin edir. O cümlədən, bu günlərdə prezident İlham Əliyevin Fransaya səfəri zamanı iki ölkə arasında 2 milyard həcmində sazişlər imzalanıb. Bu da Fransa ilə münasibətlərin daha yüksək olmasının göstəricisidir. Onu da qeyd edək ki, İtaliya prezidentinin Bakıya səfəri zamanı Azərbaycanla İtaliya arasında ayrı-ayrı sahələri əhatə edən sazişlər imzalandı. Bundan dərhal sonra dövlət başçısı Fransaya səfər etdi. Eyni zamanda, yaxın gələcəkdə Almaniya kansleri Angela Merkel də Azərbaycana səfər edəcək. Bu da o deməkdir ki, Avropa Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”.

F.Sadıxov qeyd etdi ki, Almaniya, Fransa və İtaliya Avropa İttifaqının aparıcı qüvvəyə malik olan ölkələridir: "Belə ölkələrlə münasibətlər qurulması onun göstərir ki, Azərbaycan- Avropa İttifaqı münasibətləri bundan sonra da inkişaf edəcək. Eləcə də, Azərbaycanla Aİ arasında böyük sazişin imzalanması demək olar ki, reallığa çevrilib”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər