• cümə, 29 Mart, 12:52
  • Baku Bakı 14°C

Qobustan Milli Tarix-Bədii Qoruğunda "Açıq qapı" günləri olacaq

14.09.19 19:20 832
Qobustan Milli Tarix-Bədii Qoruğunda "Açıq qapı" günləri olacaq
19-20 sentyabr tarixlərində Qobustan Milli Tarix-Bədii Qoruğunda " Avropa İrs Günləri” layihəsinin qeyd olunması məqsədi ilə " Açıq Qapı Günləri ” təşkil olunacaq.
Trend-in məlumatına görə, ziyarətçilər üçün girişin ödənişsiz olacağı Açıq qapı günləri çərçivəsində məşhur opera müğənnisi Placido Dominqo tərəfindən başladılan və Bethovenin müəllifi olduğu Avropa Birliynin himninin (əsərin orijinal adı "Ode to Joy”) mədəni irs abidələrində ifa olunması məqsədini daşıyan hərəkata uyğun olaraq Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə "Buta” instrumental ansamblı tərəfindən orijinal və yeni versiyada ifasının təqdim edilməsi, "Kadr arxasında Qobustan” adlı mini- turların, peşəkar rəssamların təqdimatında uşaqlar üçün "Master Klass” ların və fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi- satışın təşkili nəzərdə tutulur.
Qobustan qoruğunda yeni təşkil olunmuş "Kadr arxasında Qobustan” turları ilə ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda- " kadr arxasında” qalan, "Axırıncı aşırım”, "Yeddi oğul istərəm”, "Dədə Qorqud”, "Qanlı zəmi” və s kimi onlarla məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola biləcəklər.Yeni turların məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin məkanları və ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.
Uşaqlar üçün rəssamlıq üzrə təşkil olunan ustad dərsləri Xalq rəssamı Arif Hüseynovun təqdimatında keçiriləcək. Sonda dərslərdə iştirak edən uşaqlara qoruğun mükafatları təqdim ediləcək.
Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi – satışın təşkili uşaqların faydalı əməyə cəlb edilməsi, həyat bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyası məqsədi daşıyır.
Məlumat üçün qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan "Avropa İrs Günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur.
Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.
banner

Oxşar Xəbərlər