• cümə axşamı, 28 mart, 22:48
  • Baku Bakı 13°C

QMİ sədrinin müavini: “Pandemiya ilə əlaqədar iftar süfrələri ancaq ailədə təşkil olunmalıdır”

12.04.21 14:30 956
QMİ sədrinin müavini: “Pandemiya ilə əlaqədar iftar süfrələri ancaq ailədə təşkil olunmalıdır”

"Biz artıq Ramazan ayını qarşılamağa hazırlaşırıq. Aprelin 13-ü niyyət axşamı, 14-ü isə Ramazan ayının ilk günüdür”.
BunuAPA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, təəssüf ki, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir: "Ötən il də Ramazan ayı pandemiya dövrünə təsadüf etmişdi. Pandemiya dövründə təbii ki, hər bir insan xəstəliklə mübarizə aparır. Hər kəs də xəstəlikdən qorunmaq üçün əlindən gələni etməlidir. Adətən Ramazan ayında insanlar məscidlərə yığışırdı. Amma indi məscidlərə kütləvi yığışma qadağası davam edir. Bunlar müvəqqəti haldır, xəstəlik dünyada öz gücünü itirdikdən sonra bu qadağalar aradan götürüləcək. İnsanlar bu müqəddəs ayda iftar süfrələri təşkil edirdi. Bu cür süfrələrə 100-200 adam qatılırdı. Amma pandemiya dövründə bunu edə bilmirik. Ona görə də hamı yalnız öz ailəsi ilə iftar süfrəsində oturmalıdır”.
F.Nurullayev qeyd edib ki, Ramazan ayında imkansız şəxslər üçün kütləvi iftar süfrələrinin açılması savabdır: "Pandemiya ilə əlaqədar həmin süfrələr üçün istifadə olunan xərcləri pul və ya ərzaq şəklində imkansız ailələrə verə bilərik. İmkansız ailələrə yardım edə bilərik ki, onlar ehtiyaclarını ödəyə bilsinlər. Savabı bu cür də qazanmaq olar”.
QMİ sədrinin müavini deyib ki, insan bir addımı ilə başqalarına zərər verə bilərsə, bunu etməməlidir: "Bu, ibadətdən də kənar olan məsələdir. Belə ibadətlər qəbul olunmaz. Ramazan ayı boyunca dualar edək, ibadətlərimizi davam etdirək ki, bu xəstəlik, bəla tezliklə yox olsun. İnsan məkanından asılı olmayaraq Yaradana dualarını etməlidir. Hər il biz dualar edərdik ki, torpaqlarımız işğaldan azad edilsin. Şükürlər olsun ki, bu il Ramazan ayını torpaqlarımız işğaldan azad olunmuş, zəfər qazanmış şəkildə qarşılayırıq. Ümid edirik ki, tezliklə bu bəladan xilas olar, gözəl Ramazan ayında iftar süfrələrinə davam edərik".
banner

Oxşar Xəbərlər