AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər

Qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər

Siyasət
02 Sentyabr 2014, 12:06 809
«Mən şadam ki, bizim gənclərimiz vətənpərvərdirlər və milli ruhda böyüyürlər, tərbiyə alırlar». Bu fikri Beyləqanda Gənclər Mərkəzinin açılışında rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşündə prezident İlham Əliyev səsləndirib. Prezident deyib ki, müasir dövrdə gənclərimizin bilikli, savadlı olmaları vacibdir. Çünki müasir dünyada bilik, savad demək olar ki, hər şeyi həll edir: «İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir. Ona görə bizim gənclərimiz yaxşı oxumalıdır, bilik sahibi olmalıdırlar. Prezident qeyd edib ki, ölkənin əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gənclərinin rol oynamaların istəyir. Onun fikrincə, gənclər həm də milli ruhda tərbiyə almalıdırlar: «Bunu biz məktəblərdə də, ailələrdə də təşkil etməliyik. Bizim milli ənənələrimiz var. Biz onları qiymətləndiririk. Onlar bizim həyatımızın əsasıdır.

Azərbaycanın dəyərləri bizim üçün əsas dəyərlərdir. Əlbəttə ki, biz ümumbəşəri dəyərləri bölüşürük. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Ancaq bizim xalqımızın özünə xas olan dəyərləri var. Biz onları qoruyuruq, qorumalıyıq. Əlbəttə ki, gənclər Vətənə bağlı olmalıdırlar».
Prezident əlavə edib ki, ildən-ilə ölkədəki islahatlar dərinləşdirilir. Azərbaycanda azad cəmiyyət formalaşıb, bütün demokratik təsisatlar var və onlar uğurla fəaliyyət göstərir. Bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var: «Heç bir senzura yoxdur. Siz gənclər bunu yaxşı bilirsiniz. Facebook, Twitter, internet. İndi bir milyondan artıq Azərbaycan vətəndaşı facebookda fikirlərini paylaşır və yaxud hansısa məlumat əldə edir. Heç də hər bir ölkədə belə deyil, senzuralar, məhdudiyyətlər vardır. İndi bəzi digər tədbirlər görülür. Bizdə isə bu, sərbəstdir, azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir. Dövlət başçısı onu da xatırladıb ki, bütün bunlarla yanaşı, bu gün nəinki bizim üçün, bütün ölkələr üçün müəyyən təhlükələr var. Bütün dünyada qloballaşma və digər proseslər gedir. Bəzi xarici dairələr də qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər: «Xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə guya ki, hansısa layihələrin icrası üçün vəsait ayrılır. Əslində gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır. Biz bunları bilirik».

Prezident qeyd edib ki, bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün: «Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq. Siz də, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar da bax bu yolla getməlisiniz». Prezident əlavə edib ki, bu gün müxtəlif fondlar vasitəsilə, müxtəlif ölkələrdə kütləvi iğtişaşların, qarşıdurmanın yaradılması üçün praktiki addımların atıldığı heç kimə sirr deyil. Əgər 10 il bundan əvvəl bu, daha da məxfi formada aparılırdısa, hazırda artıq bütün maskalar yırtılıbdır, heç nə gizlədilmir. Məqsəd də odur ki, təbii resurslarla zəngin, böyük potensiala, əlverişli coğrafi mövqeyə malik ölkələr təsir altına düşsün və başqasının diktəsi ilə hərəkət etsin, oturub-dursun. Bu isə həmin ölkələri məhvə aparır: «Biz yaxın tarixdən bunu bilirik. Bizim qonşuluğumuzda baş vermiş hadisələrin nələrə gətirib çıxardığı da gözümüzün qabağındadır. Bilin ki, Azərbaycan üçün də oxşar ssenarilər yazılıb. Sadəcə olaraq bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç vaxt imkan verməyəcəyik».

Gənclərə müraciət edən prezident deyib ki, onlar bütün bunları bilməlidirlər. Azərbaycan gəncləri xarici dairələrin təsiri altına düşməməlidir: «Xarici qüvvələr Azərbaycanın inkişafını bizdən artıqmı istəyirlər? Əlbəttə ki, yox. Onların maraqları başqadır və biz bilirik bunun səbəbi nədir. Onlar da bilirlər ki, bu, bizimlə keçməyəcək və sizinlə də keçməməlidir. Ona görə, siz də bu məsələləri daim diqqət mərkəzində saxlamalısınız. Bizə xaricdən heç bir yardım, kömək lazım deyil. Lazım olanda onsuz da heç kim bizə kömək etməyib. Azərbaycan ağır vəziyyətdə olanda kim gəlib bizə kömək edib? Heç kim. Mənim yadımdadır, vaxt var idi ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər kredit. Amma indi biz özümüz başqa ölkələrə kredit veririk. Yəni, bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin, hökumətinin uğurudur və aparılan siyasətin nəticəsidir. Ona görə bizə yardım etmək üçün heç kimə müraciət etməmişik və buna ehtiyac yoxdur». Prezident onu da bildirib ki, bu gün maraqlı dairələr yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürürlər. O pullar müxalifət qurumlarının cibinə gedir: «Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər».

İlham Əliyev deyib ki, prezident kimi onun üçün əsas olan Azərbaycan xalqının iradəsidir. Bunun üçün gənclər də peşəkar, bilikli, həm fiziki, həm mənəvi cəhətdən sağlam olmalıdırlar: «Mən deyə bilərəm ki, Azərbaycan gəncləri öz vətəninə bağlıdırlar, onlar ölkəmizin inkişafına böyük töhfə verirlər. Mən sadəcə olaraq istəyirəm ki, bu məsələ ilə bağlı öz sözümü deyim, sizə öz məsləhətlərimi verim və siz də bunu rəhbər tutaraq gələcəkdə öz fəaliyyətinizi uğurla davam etdirəsiniz».

İlham QULİYEV