Qloballaşan dünyada əcnəbilərlə nikahlar qanunauyğunluq sayılsa da...
Əcnəbilərlə nikah bağlayan
və onlardan boşanan Azərbaycan vətəndaşlarının sayı azalıb. Ədliyyə Nazirliyindən
Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə 2256 Azərbaycan
vətəndaşı əcnəbi ilə nikah bağlayıb. Bu göstərici 2017-ci ildə 2429 olub. Bununla
yanaşı, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 149
nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə belə boşanmaların sayı 195
olub. Qeyd edək ki, son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı
qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə
evləniblər. Son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə
gedən azərbaycanlı qadınlar da var. Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər
isə əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah
bağlayıblar. Əslində, qloballaşan dünyada qarışıq nikahların olması
qanunauyğunluq hesab olunur. Amma bütün hallarda, yenə də müəyyən məqamlar
nəzərə alınmalıdır. Əcnəbi ilə ailə həyatı qurmaq - dəyərləri, mədəniyyətləri,
düşüncə tərzləri fərqli olan insanların izdivacıdır. Elə qloballaşan dünyada da dəyərlərin, düşüncə tərzlərinin,
mədəniyyətlərin toqquşmasının şahidi olur. Deməli, "kiçik dövlət” sayılan ailə
də bu toqquşmalardan xali deyil. Xüsusən də bu "kiçik dövlət” fərqli
mədəniyyətlərə, dəyərlərə sahib insanlar tərəfindən qurulubsa. Statistika bu
kimi evliliklərin azaldığını desə də, amma bu da danılmaz faktdır ki, günümüzdə
gənclərimizin, xüsusilə də gənc xanımlarımızın əksəriyyəti əcnəbilərlə nikaha
can atır. Maraqlıdır, gənclərimizin bu seçiminə təsir edən amillər nələrdir, bu
kimi nikahların hansı müsbət və mənfi tərəfləri var?
Türk
Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, Türkiyənin Üsküdar
Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru
Əbülfəz Süleymanlı bildirib ki, ölkələrarası
gediş-gəlişlərin artdığı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf
etdiyi və qloballaşmanın vüsət aldığı müasir dövrdə qarışıq nikahların bütün
dünyada artması müşahidə olunur. Onun sözlərinə görə, qarışıq etnik nikahlarda
özünü büruzə verən problemlər digər nikah növlərində müşahidə edilən
problemlərdən çox da fərqli deyil: "Lakin cütlüklərin mənsub olduğu
mədəniyyətlər arasındakı fərqlər müəyyən bir müddət sonra problemlərin meydana
gəlməsinə səbəb olur. Xüsusilə, uşaqların tərbiyəsi, valideynlərindən hansının
milli mənsubiyyəti və mədəniyyətini qəbul edəcəyi ilə bağlı məsələlər
problemlərin ön cərgəsində durur. Qarışıq etnik nikahların ən böyük
təhlükələrindən və risklərindən biri də ər-arvad arasında meydana gələn
mübahisə, münaqişə və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə
qalması ilə bağlıdır. Lakin bütün bu növ nikahların uğursuzluğa düçar olacağını
düşünmək və bunu ümumiləşdirmək səhv yanaşmadır".
"Təmiz Dünya" İctimai Birliyinin sədri
Mehriban Zeynalova "Kaspi”yə açıqlamasında qeyd etdi ki, əcnəbilərlə ailə qurmaq
gələcəkdə daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə təkan verə bilər:
"Əcnəbi vətəndaşlarla soydaşlarımızın ailə qurması ilk növbədə millətlərin
qarışmasına gətirib çıxarar. Bu isə dünyada gedən proseslərin bir tərkib
hissəsidir. Sovet dönəmində bu məsələ beynəlmiləşdirilmişdi. Amma sonda bunun
daha böyük faciələrə gətirdiyini gördük. Bir vaxtlar deyirdilər ki, əcnəbilərlə
evlənəndə onlardan dünyaya gələn uşaqlar çox ağıllı olması ilə seçilirlər. Bu
yaxınlarda isə xaricdə keçirilən tədqiqat işi ilə bəlli oldu ki, əslində,
əcnəbilərlə evlənən ailədə doğulan uşağın sonrakı taleyi böyük təhlükələrlə
üz-üzədir. Onlardan anadan olan uşaqların birinci nəsli ağıllı olsa da, ikinci
nəsildə müxtəlif millətlərin birləşməsi fiziki və əqli məhdudiyyətli uşaqların
dünyaya gəlməsinə rəvac verir. Bu tədqiqatlarla bağlı isə təəssüf ki, ölkəmizdə
maarifləndirmə işləri aparılmır. İnsanlar elə bilirlər ki, əcnəbilərlə
evlənməyin müsbət tərəfləri çoxdur”.
Həmsöhbətimiz
qeyd etdi ki, əcnəbilərlə evlənmək insanların evlilik məsələsində
anlaşılmazlığından da irəli gəlir. Bunun da kökündə iqtisadi məsələlər dayanır.
İctimai Birliyin sədri hesab edir ki, gənc xanımların əcnəbilərlə ailə
qurmasının əsas səbəblərindən biri də onların sərbəstlik axtarmaq istəyidir:
"Bir sıra gənc xanımlar düşünür ki, əgər əcnəbi kişi ilə ailə həyatı
qurarsa, demək, onun sərbəstliyi olacaq və istədiyi kimi yaşayacaq. Çünki son
vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi
zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin, qadınların
ünsiyyət qurmasına da müəyyən qadağalar və s. qoyulur. Xüsusən gənc xanımlar
fikirləşir ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək.
Bu cür yanaşma həm də azərbaycanlı kişilərdə var. Azərbaycan qadınları daha çox
İran və Türkiyə vətəndaşı ilə ailə həyatı qurur. Bizim mərkəzə daha çox bu
ölkələrin vətəndaşları ilə ailə quran xanımlar müraciət edir. Onları narahat
edən məsələlər əsasən əmlak problemi və uşağın hansı valideynlə qalmasıdır.
İranda daha çox kişinin hüquqları qorunur, nəinki qadınların. Xanımlar bizə
müraciət edəndə, onlarla ünsiyyət zamanı məlum olur ki, ya bu xanım aldanacaq,
ya da insan alverinin qurbanına çevriləcək. Məsələn, bir xanım bir dəfə
üzləşdiyi problemlə əlaqədar bizə müraciət etmişdi. O, internet vasitəsilə bir
əcnəbi oğlanla tanış olmuşdu. Onlar uzun müddət internetdə yazışıblar. Qız
ailəsinə türk oğlanla ailə həyatı qurmaq istədiyini bildirəndə, valideynləri
buna etiraz edib. Ancaq qız valideynlərinin sözünə baxmayıb və Türkiyəyə gedib.
Bir müddət sonra qız Türkiyənin ucqar bir kəndində qul kimi yaşayıb. Sonra onu
xaricə satırlar. Sonda qızı polislər taparaq, Azərbaycana gəlməsinə kömək
etmişdilər. Yəni bu cür nikahlar həmişə uğurlu olmur. Ona görə də, xüsusilə
xanımlarımız əcnəbi kişi ilə nikaha daxil olmazdan əvvəl yüz ölçüb, bir
biçməlidirlər".
Mehriban
Zeynalova bildirdi ki, qadınlarla müqayisədə kişilər arasında əcnəbilərlə
evlənənlərin sayı azdır. Amma diqqət çəkən əsas məqam ondan ibarətdir ki,
xaricdə təhsil almış və orada yaşamış azərbaycanlı gənc, əksər halda elə əcnəbi
xanımla ailə həyatı qurur. Səbəb isə onu göstərirlər ki, azərbaycanlı xanımlar
ailədə məişət söhbətini daha çox qabardırlar.
Sosioloq,
professor Əhməd
Qəşəmoğlunun fikrincə, bu məsələni bir müddət də iqtisadi amillərə
bağlayırdılar: "Müəyyən bir dövrdə belə bir fikir yaranmışdı ki, əcnəbilərin
hamısı maddi baxımdan çox yaxşı vəziyyətdədirlər. Çünki kimin əcnəbi qohumu var
idisə, gələndə yaxşı hədiyyələr gətirirdi. Ona görə də, belə ictimai rəy formalaşmışdı
ki, əcnəbilər imkanlı olur. Amma əvvəlki dövrlərdə əcnəbilərlə ailə qurmağa
əngəl olan bəzi mənəvi-psixoloji məqamlar var idi deyə, bu cür nikahlar elə də
çox deyildi. Lakin 90-cı illərdən sonra bu əngəllər ortadan götürülməyə başladı
və nəticə etibarı ilə bu cür nikahların sayı artdı. Hətta, prestijli bir addım
kimi qiymətləndirildi”.
Sosioloq qeyd etdi ki, qloballaşmanın
belə sürətlə getdiyi vaxtda, xarici vətəndaşlarla nikaha girənlərin olması
təbii haldır: "Bu, eyni zamanda strateji məsələdir və dövlətin diqqət
mərkəzindədir. Bu proses sivil yollarla tənzimlənir. Çünki xarici nikahların
artması, ölkə əhalisinin milli-etnik tərkibinə təsir edə bilər. Xarici
vətəndaşlarla nikaha girənlərin vətəndaşlıq hissləri yüksək olarsa,
Azərbaycanla başqa ölkələrin arasında yaranan əlaqə ölkəmiz, dövlətimiz üçün
faydalı olar. Burada "qırmızı xətt” var. Onlar tariximizə, dövlətçiliyimizə,
azərbaycançılıq, türkçülük məfkurəsinə lazımı ehtiram göstərməli,
qorumalıdırlar. Əks təqdirdə, xarici vətəndaşlarla çoxlu nikahlar etnik tərkibə
təsir göstərdiyindən, təhlükəli ola bilər. Son bir neçə ildə xarici vətəndaşlar
və vətəndaşlığı olmayanlarla on minə yaxın nikah bağlanılıb. Təbii ki, 10-20
ilin statistikası daha böyük olacaq. Ona görə də indiki vaxtda əcnəbilərlə nikahın
əsas motivləri dəqiqləşdirilməlidir. Buna uyğun elə humanitar siyasət
aparılmalıdır ki, biz o "qırmızı xəttə” yaxınlaşmayaq".
Günel Azadə