Qlobal Rəqabətlilik Hesabatı bu dəfə yeni metodologiya əsasında hazırlanıb
Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət
nəticəsində ölkəmiz beynəlxalq aləmin nüfuzlu üzvünə çevrilib. Müstəqil
Azərbaycan iqtisadi inkişafına, hərbi potensialına və digər sahələrdəki
uğurlarına görə Cənubi Qafqazın lider dövləti statusunu qazanıb. Beynəlxalq
əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, qlobal layihələrin reallaşmasında
mühüm rol oynayan ölkəmiz regionun sabitlik, əməkdaşlıq adasına, dialoq
məkanına çevrilib. Sevindirici haldır ki, Azərbaycanın əldə etdiyi bu uğurlar
xarici diplomatlar, siyasətçilər, ekspertlər tərəfindən də etiraf olunur,
dünyaca məşhur təşkilatlar öz hesabatlarında ölkəmizin reallıqlarını,
nailiyyətlərini konkret faktlarla əks etdirirlər. Dünya İqtisadi Forumunun
(DİF) bu günlərdə açıqladığı hesabatı da bu qəbildən saymaq olar. Əvvəlcə onu
qeyd edək ki, DİF-in Qlobal Rəqabətlilik Hesabatı (QRH) tamamilə yeni
metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Qlobal trendlər nəzərə
alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli
olub ki, DİF bu metodologiyanı yeni nəsil "4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni
dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın
metodologiyası ciddi şəkildə dəyişdirilərək buraya yeni indikatorlar daxil edilib.
Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68
yeni indikator daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70
faizi tamamilə yenilənib.
Azərbaycan da DİF-in Qlobal
Rəqabətlilik Hesabatının (QRH) yeni metodologiyası əsasında ilk dəfə
qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi
Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu
yerdə qərarlaşıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin
mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hesabatın İnstitutlar,
İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes
dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın
mövqelərinin yaxşılaşması QRH tərəfindən qeydə alınıb. Azərbaycan QRH-da
dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi
vurğulanıb. Ölkəmiz əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100
faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.
Bununla yanaşı, Azərbaycanın
QRH-da irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada
nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin
mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin
tarazlığı, ümumi dövlət borcu, ümumimilli yığım, ölkənin kredit reytinqi kimi
öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə nəzərə
alınmayıb. Yeni metodologiya əsasında hazırlanmış ilk QRH-da ölkələrin
reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə
indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf
indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider
mövqelərini qoruyub. Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin
dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə
olunması son illər Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi
islahatlar nəticəsində mümkün olub. Həmin indikatora əsasən, Azərbaycanın
mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə
17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci,
sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri
alt-indikatoru üzrə 25-ci olub. Bu nəticələr Azərbaycanın gələcəkdə digər
indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır.
İqtisadçı-ekspert
Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, DİF QRH-da
Azərbaycanın mövqeyini müsbət qiymətləndirmək olar. O qeyd edib ki, DİF
dünyanın ən aparıcı iqtisadi qurumlarındandır. Ekspertin qənaətincə, bu, yeganə
forumdur ki, dünyanın aparıcı hökumət və dövlət liderlərini bir araya yığır və
bu forumun hazırladığı hesabat praktik olaraq dünyada qlobal siyasətə təsir
edəcək gücdədir: "Xüsusən də illik görüşlərində qlobal müzakirənin aparılması
ondan xəbər verir ki, Dünya İqtisadi Forumunun qlobal məsələlərə təsir imkanı
var. Bu hesabatda yeni metodologiyadan istifadə olunub və burada həm ümumi
istiqamət, həm də indikatorlar üzrə qiymətləndirmə aparılıb. Hesabatın təhlili
göstərir ki, Azərbaycan bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub
saxlayıb. Ümumiyyətlə, Azərbaycanın mövqeyində yaxşılaşmalar qeydə alınıb və
bu, müsbət haldır”.
Siyasi
şərhçi Aydın Quliyev də bildirib ki, DİF-in tamamilə yeni metodologiya
əsasında hazırladığı QRH-da Azərbaycanın dünya ölkələri arasında qabaqcıl
mövqeyini qoruyub saxlaması təqdirəlayiq və qürurvericidir. Onun sözlərinə
görə, DİF özünün dövlətlərə yanaşma metodologiyasını dəyişsə də, Azərbaycan öz
qabaqcıl mövqeyini dəyişməz saxlaya bilib:"Bu, olduqca əhəmiyyətli
nəticədir və ölkədaxili proseslərin bütün istiqamətlərində Azərbaycanın dinamik
artan xətt üzrə getdiyini bir daha təsdiqləyir. Bu hesabat həm də dünya
xalqlarına və dövlətlərə Azərbaycan Prezidentinin fəaliyyətinin məqsədyönlü
nəticələri ilə bir daha tanış olmaq imkanı verir. Dünya İqtisadi Forumunun
dünya üzrə iqtisadi-sosial müfəttiş rolu oynadığını nəzərə alsaq, Azərbaycanın
əldə etdiyi nəticələri heç də hər dövlətin nail ola bilmədiyi uğurlar kimi
dəyərləndirmək lazımdır. Hesabat dünyaya bir daha göstərdi ki, Azərbaycan
əhalinin sosial rifahının 100 faiz təmin olunduğu, ən sürətli biznes qurmaq
imkanları yaratmış, ətraf mühitlə insan inkişafı arasında möhkəm əlaqə qurmuş,
infrastruktur layihələrə fasiləsiz önəm verən ölkədir”.
A.Quliyev əlavə edib ki,
Dünya İqtisadi Forumunun son hesabatının arxasında Azərbaycan Prezidentinin 15
illik fəaliyyətinin ancaq bir hissəsi dayanır və əgər ölkədə görülən işlərin
hamısı Dünya İqtisadi Forumu hesabatının indikatorlarının sırasına daxil
edilsəydi, beynəlxalq reytinq göstəricilərimiz daha yüksək olardı: "Ancaq
prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət deməyə əsas
verir ki, forumun daha yüksək reytinq tələblərinə cavab verən uğurların möhkəm
əsası yaradılıb".
Rufik
İSMAYILOV