• cümə axşamı, 18 aprel, 15:32
  • Baku Bakı 22°C

Qlobal məsələlərin müzakirə olunduğu ciddi beynəlxalq platforma

14.03.19 20:03 940
Qlobal məsələlərin müzakirə olunduğu ciddi beynəlxalq platforma
Müasir və müstəqil Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin, o cümlədən idman və musiqi yarışmalarının, forumların keçirildiyi məkana, fərqli qütbləri təmsil edən güclərin davamlı danışıqlar apardığı dialoq mərkəzinə çevrilib. Bu çərçivədə paytaxt Bakının artıq 7-ci ildir ev sahibliyi etdiyi Qlobal Forum da diqqət çəkir. Müxtəlif ölkələri təmsil edən dövlət və hökumət başçılarının, ictimai-siyasi xadimlərin iştirak etdiyi belə forumlarda müasir dünyanı narahat edən, düşündürən bir çox problemlər müzakirə olunur, bəşəriyyət üçün faydalı olan çağırışlar edilir. Mart ayının 14-də öz işinə başlayan sayca VII Qlobal Bakı Forumu da öz əhəmiyyətinə görə seçilir. Dövlət başçısı İlham Əliyevin də iştirak edərək nitq söylədiyi və martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. "Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, "Davamlı inkişaf çağırışları”, "Təhlükəsizlik naminə Orta Şərq əməkdaşlığı”, "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq. Ümumilikdə forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.

Forumun əhəmiyyəti barədə fikirlərini "Kaspi” qəzetinə bölüşən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, iki gün ərzində paytaxt Bakıda dünyanı narahat edən bir sıra ciddi problemlər, o cümlədən təhlükəsizlik, xarici siyasət məsələləri müzakirə olunaraq çıxış yolları axtarılacaq, geniş fikir mübadiləsi aparılacaq. Deputat deyib ki, həm iştirakçıların sayı, həm də keyfiyyət göstəriciləri forumun əhəmiyyətini üzə çıxaran ilkin məqamlardır. Onun sözlərinə görə, artıq 7-ci dəfədir keçirilən bu forum qlobal məsələlərin müzakirə olunduğu ciddi beynəlxalq platformaya çevrilib: "Forumda dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndə iştirak edir. Onlar arasında hazırda fəaliyyətdə olan və eks prezidentlər, digər rəsmi şəxslər, politoloqlar, analitiklər, ictimai-siyasi xadimlər, elm adamları, dünyaca məşhur gənc liderlər var. Qlobal Forum dünyada böyük nüfuza malikdir. Hər il keçirilən Forumda iştirakçıların sayının artması da buna əyani misaldır. Budəfəki forumda da çıxış edən Prezident İlham Əliyev proqram xarakterli çıxış edərək, dünyanı təhdid edən təhlükələrə diqqət çəkdi. O, dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrindən söhbət açdı, bu ideyanın dünyada təbliğ edildiyini vurğuladı. Qeyd etdi ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər. Ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfəsini vurğulayan Prezident İlham Əliyev nəqliyyat və enerji layihələrimizdən danışdı, həmin layihələrin beynəlxalq əməkdaşlığın mühüm hissəsi olduğunu dilə gətirdi. Bildirdi ki, bu istiqamətdə reallaşdırılan layihələr ölkələri daha da yaxınlaşdırır, əməkdaşlıq üçün yeni körpülər salır, enerji təhlükəsizliyinə mühüm töhfə verir. Dövlətimizin başçısı Azərbaycanın daxili və xarici siyasətinin hədəfləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar fikirlərini də həm forum iştirakçılarının, həm də dünyanın diqqətinə çatdırdı”.

E.Nəsirov bildirib ki, forumda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzərində xüsusi dayanan Prezident İlham Əliyev bu problem nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün hazırda işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb: "Dövlətimizin başçısı bildirdi ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. Azərbaycan Prezidenti Ermənistan hökumətinin danışıqlar formatını dəyişdirməyə cəhdlər etməsinə də toxundu və bunun qəbuledilməz olduğunu bəyan etdi. O, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də bunu bəyan etdiyini dilə gətirərək, bu formatın artıq uzun illərdir mövcud olduğunu və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirdi. Ölkəmizin başçısı bir daha bəyan etdi ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasının bütünlükdə region üçün təhlükə doğurduğunu vurğuladı. Ümumi götürsək, həm forum, həm də dövlət başçısının səsləndirdiyi fikirlər olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu gün müasir beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutub, xüsusi çəkiyə sahiblənib. Ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir. Biz ənənəvi dostluq münasibətlərimizi qoruyub saxlamaqla bərabər, yeni dostluq əlaqələrinə də açığıq. Yeni dostların qazanılması üçün yeni-yeni layihələrlə möhkəm özül üzərində inşa edilmiş körpülər yaradırıq. Bu baxımdan da Forumun əhəmiyyəti böyükdür”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər