• cümə axşamı, 18 aprel, 10:00
  • Baku Bakı 12°C

Qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət

01.07.20 13:51 710
Qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət
Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ölkə daxilində insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atır.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Deputat dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsinin önəmli siyasi hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ilk gündən öz töhfəsini verməyə çalışıb. Dünya dövlətlərinin Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləməsində iki mühüm amil həlledici rola malikdir. Birincisi, bu təşəbbüs dünyanın, beynəlxalq ictimaiyyətin müzakirələrə, dialoqa və məsləhətləşməyə həddən çox ehtiyacı olduğu bir zamanda irəli sürülüb. Koronavirus pandemiyası indi bəşəri problemə çevrilib və onun qarşısını almaq üçün ciddi toplantılara, görüşlərə ehtiyac var. Yəni, Azərbaycan Prezidenti bütün dünyanı narahat edən qlobal bir problemin birgə müzakirəsini təklif edib. Bu isə bütün ölkələrin marağındadır.
Ramin Məmmədov qeyd edib ki, təşəbbüsə müsbət reaksiya verilməsini şərtləndirən ikinci mühüm amil Azərbaycan Prezidentinin şəxsi nüfuzudur. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıdıb: "Azərbaycan artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır, etimad göstərilir. Təbii ki, burada cənab Prezidentin şəxsi nüfuzu çox mühüm amillərdən biri kimi çıxış edir”.
Deputat vurğulayıb ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə çox mühüm stimul yarada bilər. Xüsusi sessiyasının keçirilməsi təklifi artıq əksər dövlətlər tərəfindən qəbul edildiyi üçün BMT-yə üzv olan bütün ölkələrin maraqlarına cavan verən qlobal əhəmiyyətli təşəbbüs kimi qəbul olunur.
banner

Oxşar Xəbərlər