• çərşənbə axşamı, 16 aprel, 16:53
  • Baku Bakı 19°C

Qlobal Bakı Forumu sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından mühüm dialoq platformasıdır

17.03.19 14:30 425
Qlobal Bakı Forumu sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından mühüm dialoq platformasıdır
Qlobal Bakı Forumu sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından mühüm dialoq platformasıdır. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq ənənə halını alıb: "Latviyanın sabiq Prezidenti, Mərkəzin həmsədri Vayra Vike-Freyberqanın ifadəsi ilə desək, forum dünya liderlərinin bir növ illik görüş yerinə çevrilib".
H.Babaoğlu bildirib ki, VII Qlobal Bakı Forumu hər şeydən öncə iştirakçıların sayı və nüfuzu ilə fərqlənir: "Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir ki, bu fakt da öz-özlüyündə bir qiymətləndirmə göstəricisidir. İştirakçılar içərisində 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var ki, onlar beynəlxalq və milli səviyyəli aktorlar olmaqla dünya siyasətinin formalaşmasında söz sahibi olan insanlardır. Bu fakt isə əslində forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla həm də Azərbaycana münasibətin əyani göstəricisidir".
Millət vəkili Qlobal Bakı Forumunun builki gündəliyinin olduqca aktual bir mövzuya - "Dünyanın yeni xarici siyasəti” mövsuzuna həsr olunduğunu xatırladıb: "Bununla yanaşı, plenar iclasdan sonra 10 paneldə bu mövzudan doğan daha bir neçə aktual məsələ müzakirə olunur ki, bunlar da təhlükəsizlik məsələlərindən başlamış multikulturalizmə qədər, dayanıqlı inkişaf problemindən başlamış gənc nəslin xarici siyasət perspektivlərinə qədər olduqca geniş beynəlxalq spektri əhatə edir".

H.Babaoğlu deyib ki, Qlobal Bakı Forumu bir növ beyin fırtınası metodu ilə siyasi intellektual müstəvidə dünyanın ən yeni çağırışlarının azad şəkildə müzakirə edildiyi bir platforma rolunu oynayır:"Dəyişən qlobal şərtlər içərisində Azərbaycanın xarici siyasət kursunu şərh edən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti dünyada baş verən proseslərlə üzvi şəkildə bağlı olan, bununla belə, həm də müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kimi xarakterizə edərək bildirdi: "Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir". Bu fikirlər Azərbaycanın sülhpərvər siyasətinin bütün dünyaya bir daha bəyan edilməsi idi. Ancaq bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə toxunan Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli və əzmkar mövqeyini dilə gətirməklə Ermənistanın işğalçılıq siyasətini forum iştirakçılarının diqqətinə təqdim edərək bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir: "Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Dövlətimizin başçısı vurğulayıb ki, status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır".
Deputat əlavə edib ki, dövlət başçısının bu fikirləri dünyada sülh və dialoq istəyən beynəlxalq mərkəzlərə bir çağırış idi: "Əgər doğrudan da dünya sülh, sabitlik şəraitində yaşamaq istəyirsə, o zaman ikili standartlar siyasətinə son qoyulmalı, beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir. Məhz bu istiqamətdə Azərbaycan tərəfindən həyata keçirilən çoxsaylı qlobal iqtisadi və təhlükəsizlik layihələri, enerji və kommunikasiya layihələri regonda sabitliyi və əməkdaşlığı təmin etməyə hesablanıb ki, bu da həm Avropanın enerji təhlükəsizlyi, həm də bütövlükdə subregionun ümumi təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Çoxsaylı faydalı tərəfləri olan Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından mühüm bir dialoq platforması olmaqla, bundan sonra da cəlbedici dialoq platforması kimi aktual olaraq qalacaq".

banner

Oxşar Xəbərlər