• çərşənbə axşamı, 19 mart, 07:08
  • Baku Bakı 8°C

Qızların sayı niyə azalır?

16.09.17 12:30 1131
Qızların sayı niyə azalır?
"Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlarla müqayisədə nəzərəçarpacaq dərəcədə aşağıdır”. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimova komitənin dünən keçirilən iclasında çıxış edərkən deyib. M.İbrahimova Azərbaycanda qız-oğlan nisbətinin tarazlaşması üçün maarifləndirmənin aparılmasına ehtiyacın olduğunu bildirib: "Hamiləlik zamanı ultrasəs müayinəsi ilə dölün cinsinin müəyyən olunmasının özü ölkədə tibbi maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu göstərir. Bu mənada cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac var”.
Xatırladaq ki, 1998-ci ildən başlayaraq, Azərbaycanda hər 100 qıza düşən oğlanların sayı 114-118 arasında dəyişib. Bu göstəricinin ən yüksək həddi 118 olmaqla 2003 və 2009-cu illərdə qeydə alınıb. 2016-cı ildə kəndlərdə doğulan hər 100 qıza 116, şəhərlərdə 112 oğlan düşüb. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Trend-ə bildirmişdi ki, əslində, hər 100 qıza 104-105 oğlan düşməlidir. Lakin Azərbaycanda hər 100 qıza 114 oğlan düşdüyündən, doğulan oğlanların sayı qızlarla müqayisədə yenə də çoxdur.
Z.Eminov bildirib ki, əgər hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı.
Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan, qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur.
Bəs görəsən bu azalmanın səbəbləri nədir? Problemin kökündə nə dayanır?
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaqəzetimizə açıqlamasında bildirdi ki,bu məsələnin kökündə bir-birindən zəncirvari şəkildə asılı olan problemlər dayanır: "Qadına qarşı cəmiyyətimizdə kütləvi şəkildə cinsə görə ayrı-seçkilik, narahatçılıq və mənfi münasibət var. Erkən nikahlar, qız uşaqlarının təhsildən yayındırılması, ana bətnində qız uşaqlarının öldürülməsi, boşanan qadınlara qarşı aqressiya, qadınlar haqqında xoşagəlməyən ifadələr - bütün bu proseslər bir-biri ilə birbaşa bağlı olan məsələlərdir. Bu münasibətlər həm də öz növbəsində cəmiyyətdə sosial-psixoloji gərginlik yaradır və qız uşağına qarşı birmənalı münasibətin formalaşmasına maneçilik törədir. Qız uşağı əxlaqsız, əlçatan və şər qüvvə kimi, ailənin namusunu yerə vuran və təhlükə yaradan varlıq kimi qələmə verilir. Hətta ən kiçik yaşlısından tutmuş, 70 yaşına kimi hər bir qadın mənəvi, əxlaqi dəyərlərə və hansısa münasibətə görə qətl edilə bilər. Bu hətta vəzifəsindən və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsə şamil edilir. Təəssüflər olsun ki, bu gün cəmiyyətdə bu problemlərə qarşı çıxacaq hansısa qadın hərəkatları yoxdur”.
M.Zeynalova bildirdi ki, məsələ ilə bağlı ciddi tədbirlər həyata keçirilməlidir: "Qız uşaqlarının sayının azalmasının əsas səbəblərindən biri də cəmiyyətdə ictimai şüurun dəyişilməsi, yaxşı nümunələrin təbliği, qız uşaqlarının ölkənin həyatında rolunun vacibliyi, onların ölkəmizi dünya miqyasında təmsil etmələri ilə bağlı deyil, digər mənfi halların qabardılmasıdır. Ona görə də düşünürəm ki, bu nə iqtisadi, nə siyasi, nə də digər amillərlə bağlıdır. Məsələnin kökündə stereotiplər və ayrı-ayrı qrupların bu kimi tendensiyanı yayması dayanır. İnsanlar başa düşməlidir ki, əhalinin yarısını qadınlar təşkil edir və onların təhsil baxımından güclənməsi ölkənin inkişafına xidmət etmiş olar. Qadınların məhdudlaşdırılması, qapanması, sayının qəsdən və bilərəkdən azaldılması, çərçivəyə salınması, onlara qarşı zorakılıq ilk növbədə ölkənin inkişafına ciddi zərbə vurur. Hesab edirəm ki, bu sıradan bir məsələ deyil və mütləq problemlə bağlı ciddi tədbirlər həyata keçirilməlidir. Bu tip stereotiplərə qarşı mübarizə gücləndirilməli və daha da qabarıq şəkildə təqdim edilməlidir. QHT-lər, ictimai nüfuzlu şəxslər və digərləri qadına qarşı olan bu mənfi münasibətə öz iradını bildirməlidir. Bu günlərdə 12 yaşlı qızın əhvalatı bir daha bu mənfi hala örnək oldu. Çünki məsələnin mahiyyəti və cinayəti törədən qıraqda qaldı və təkcə ana və uşaq müzakirə predmetinə çevrildi. Bir çoxlarının fikrincə, hətta azyaşlı uşaq da olsa, bütün hallarda qadın günahkardır”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu əslində kəskin azalma demək deyil: "Problemin kökündə qədim adət-ənənələrlə yanaşı, valideynlərin qız övladına sahib olmaq istəmədikləri dayanır ki, valideynlər bunun üçün bir neçə səbəbləri əsas gətirirlər. İlk növbədə əsas məqamlardan biri indiki dövrdə cəmiyyətdə gedən proseslər və mürəkkəb hadisələrdir. Valideynlərin əksəriyyəti öz qızlarını bu cəmiyyətə buraxmağa ehtiyat etdiyini deyir. Əvvəllər valideynlər öz qızlarını Bakıda məktəbə, yaxud universitetə göndərməkdən çəkinmirdilər və arxayın idilər. İndi rayonlarda yaşayanların bir çoxu öz övladını Bakıya göndərməkdən çəkinir. İnsanlar qızlarının taleyi haqqında narahat olurlar. Əslində bu haqlı narahatlıqdır və müəyyən mənada başadüşüləndir. Qız uşaqlarının sayının azalmasının əsas səbəblərindən biri məhz budur. Bununla yanaşı, cəmiyyətdə hələ də köhnədən qalan düşüncələr və adətlər problemin əsas səbəblərindən hesab olunur. Düzdür, oğlanlarla qızlar arasında 10 faiz fərq olduqda, bu, bir o qədər də qorxulu deyil və hələlik normal qəbul ediləndir. 20 yaşına çatan oğlanların bir çoxu ölkəni tərk edir. Yaxud müharibə baş verdiyi zaman oğlanların sayında kəskin azalma olur. Biz bu problemi əvvəllər də yaşamışıq. 30-40 il bundan əvvəl ölkədə ailə qura bilməyən qızların sayı həddən artıq çox idi. Ona görə də demək istəyirəm oğlanların sayının qızlarla faiz nisbətində 10 faiz çox olması istənilən halda müsbətdir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər