• cümə axşamı, 18 aprel, 21:26
  • Baku Bakı 21°C

Qızların oğlan yataqxanasından reportajı Fotolar

03.02.14 14:01 3838
Qızların oğlan yataqxanasından reportajı Fotolar
Bakıda bu dərəcədə səliqəli tələbə yataqxanasının olduğunu təsəvvür etməzdik. Azərbaycan Tibb Universitetinin (ATU) yaxınlığında, İnqilab küçəsində sözügedən universitetin 1 saylı yataqxanasına daxil olanda gözlərimizə inana bilmirdik. Kənardan hiss olunurdu ki, yataqxanada tələbələr üçün hər bir şərait yaradılıb. Bircə qalırdı tələbələri dinləmək, yataqxana həyatına onların gözü ilə boylanmaq.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin 6 yataqxana binası fəaliyyət göstərir. Onlardan 1 saylı yataqxanada ATU-da təhsil alan azərbaycanlı və əcnəbi oğlan tələbələr yerləşdirilib.
Qonaqlr üçün ayrıca otaq var

İmtahan vaxtı olduğuna görə 1 saylı yataqxanada qonaq olduğumuz bütün otaqlar bir qədər səliqəsiz idi. Hər halda, buranın oğlan yataqxanası olduğunu unutmamışdıq. Hərçənd, tələbələr imtahan sessiyası olduğuna görə iş görməyə, səliqə-səhman yaratmağa vaxtlarının olmadığını deyirdilər. Amma sağ olsunlar ki, bizim səliqəsiz otaqlarında foto çəkməyimizə mane olmadılar.
İlk daxil olduğumuz otaqda bizdən başqa qonaq da vardı. Tibb Universitetinin 4-cü kursunda təhsil alan Mahmud Mahmudov buraya 2 saatlığına qonaq gəldiyini dedi: “Burada qalmaq da istərdim. Amma kənar şəxslərin qalması qadağandır. Tələbə biletim aşağıda gözətçidədir. Təhlükəsizlik üçün 1-2 saatlığına qonaq gələnlərin yataqxanaya giriş və çıxış saatları da dəftərdə qeyd edilir”.
Amma bir istisna da var. Yataqxanada qonaqlar üçün xüsusi otaq ayrılıb. Xaricdən, yaxud rayondan olan tələbənin valideynləri, yaxınları gələndə burada qala bilərlər. Onu da öyrəndik ki, axşam 23.00-da yataqxanaya giriş-çıxış bağlanır.
Ev işləri könüllülük prnsipi ilə bölünür

Müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Firuz Mehdiyev Neftçaladan gəlib. Tovuz rayonundan olan 5-ci kurs tələbəsi Qədim Mehdiyevlə bir otaqda qalırlar. Dediklərinə görə, otaqda 3 nəfərdirlər, amma hazırda uşaqlardan biri icazəlidir. Firuz deyir ki, digər otaqlardakı tələbələrdən fərqli olaraq, onlarda işlərin görülməsi könüllülük prinsipinə əsaslanır: “Əgər birimiz yemək bişiririksə, o birimiz qab yuyur, digəri otağı yığışdırır. Bir də imtahan vaxtı olduğuna görə kimin imtahanı yaxınlaşırsa, ona hörmət edir və iş görməsinə icazə vermirik ki, rahat hazırlaşsın”. Qədim Mehdiyev daha çox kartof qızartması, makaron və yumurta bişirdiklərini dedi.
“Gəlib gördük ki, 3 ulduzlu hoteldir”

Tələbələrin sözlərinə görə, bu ilin sentyabrından istifadəyə verilən yataqxananı onlar da belə təsəvvür etmirmişlər. Hətta burada qalmağa tərəddüd edirlərmiş: “Amma gəlib gördük ki, 3 ulduzlu oteldir”. Hətta tələbələr zarafatla yataqxanalarını “Abşeron Mariott Hotel” adlandırırlar: “Hər bir şəraitimiz var. Bircə problemimiz su ilə bağlıdır. Suyun daimi olmaması bir tərəfə dursun, deyilən vaxtda da gəlmir”.
Kaş, paltaryuyan maşınımız olaydı...

Söhbətləşdiyimiz tələbələrin istəklərindən biri də budur ki, paltaryuyan maşınla yataqxananı təmin etsinlər: “Türkiyədə yataqxanalarda paltaryuyan maşın olur, kim istəyirsə, pul verib paltarlarını yudurdur. Bizdə də bu sistem olsaydı, yaxşı olardı. 2-ci mərtəbədə yaşayan əcnəbilərin imkanı olduğuna görə özlərinə paltaryuyan maşın alıblar, amma bizim ailələrin belə imkanı olmadığına görə paltarlaırmızı ya özümüz yuyur, ya da Bakıda yaşayan qohumlarımızın evinə aparırıq”.
Bufetçi xaladan hamı razıdı

Onu da qeyd edək ki, yataqxana istilik sistemi ilə təchiz olunduğuna görə, bütün otaqlarda tələbələr pəncərəni açıq qoymuşdular.
Həmsöhbət olduğumuz tələbələr yataqxananın yeməkxanasını da xeyli təriflədilər. Bildirdilər ki, bufetdə işləyən xala əti o qədər tərifləyir ki, ət yeməyən, vegeterian adam da ət yemək eşqinə düşür. Tələbələr qiymətlərdən də razılıq etdilər.
Futbola bütün yataqxana baxır

Tələbələrin istirahət otaqları da var. Bu otaqda televizor qoyulub ki, hər tələbənin gün ərzində 1 saat otağa girmək icazəsi var. Ancaq telekanallarda futbol oyunları gedəndə bu qadağa aradan qalxır. Futbol başlayandan sonacan bütün oğlanlar həmin otaqda futbolu seyr edirlər. Tələbələrin sözlərinə görə, ən maraqlı günləri futbol oyunlarının göstərildiyi günlərdir.
“Ən dadlı yeməyi mən bişirirəm”

Hərbi tibb fakültəsinin tələbəsi, Cəlilabaddan olan Səyyad Qubadov, tovuzlu Polad və Fuad Sadiqov qardaşları bir otağı paylaşırlar. Biz içəri girəndə toyuq qızartması olan tavanı ortaya qoyub nahar edirdilər. Poladla Fuad qardaşdırlar. Biri müalicə-profilaktika, digəri stomatologiya fakültəsində təhsil alır. Səyyad deyir ki, onlarda da iş bölgüsü var. Növbə ilə hər gün bir nəfər yemək bişirir, biri qab yuyur, digəri isə evi yığışdırır: “Amma bir çox otaqlarda uşaqlar cığallıq edir, növbələri çatanda iş görməkdən imtina edirlər, bu da problem yaradır. Onu da deyim ki, ən dadlı yeməyi mən bişirirəm”.
Qızlar yataqxanasına baxmağa belə, icazə yoxdur

Onu da deyək ki, 1 saylı yataqxananın qarşısında qızlar yataqxanasının olmasına baxmayaraq, buradakı oğlanlar qızların binasına tərəf gedə bilmədiklərini, hətta zarafatla, o tərəfə baxmağa belə icazələrinin olmadığını bildirdilər. Təəssüflə qeyd etdilər ki, onların binası ilə qızlar qalan binanın arasında hündür ağac olduğuna görə, nəinki özlərini, heç onların binasını da görə bilmirlər.
Tələbələr yataqxanada istirahət və oxu zallarının olduğunu da dedilər. Burada onlar bir-birinə mane olmadan dərslərini oxuyur, imtahana hazırlaşırlar.
Siyasətin “qurbanları”

İrandan gəlmiş tələbələrlə də həmsöhbət olduq. 1-ci kurs stomatologiya fakültəsində oxuyan Cəfər Etimadi 2 ildir ki, Azərbaycandadır. Deyir ki, hər il İranda təxminən 2 milyon nəfərdən cəmi 200 nəfərin öz ölkələrində bu fakültəyə daxil olmaq şansı var: “Yəni yer az olduğu üçün bizdə tibb fakültəsinə daxil olmaq çətindir, Türkiyədə isə sözügedən fakültəyə daxil olmaq bizdən də çətindir. Buna görə də Azərbaycanda oxumağa qərar verdik. Həm də dilimiz və dinimizin bir olması baxımından burada oxumaq daha rahatdır”.
C.Etimadi deyir ki, bura gələnə qədər ölkəmizi zəif, kasıb məmləkət kimi tanıyırmış: “Təbrizdə müalicəyə gələn azərbaycanlılar adətən çox kasıb olduğundan məndə belə təsəvvür yaranmışdı. Amma gələndə gördüm ki, ölkəniz çox inkişaf edib”.
Əmin Seyidmədənini isə başqa məsələ narahat edir. Onun sözlərinə görə, diplomlarının İranda tanınmaması ehtimalı ola bilər: “Bu da Azərbaycanla İran arasındakı münasibətlərdən asılıdır. Hansı il münasibətlər yaxşı olur, diplomlar İranda tanınır, pis olanda tanınmır. Bir sözlə, siyasətin qurbanlarından biri də biz tələbələr oluruq”.
Lalə MUSAQIZI
Aygün ƏZİZ
reportajı Fotolar"> reportajı Fotolar"> reportajı Fotolar"> reportajı Fotolar"> reportajı Fotolar"> reportajı Fotolar"> reportajı Fotolar"> reportajı Fotolar"> reportajı Fotolar">

banner

Oxşar Xəbərlər