• şənbə, 20 Aprel, 20:14
  • Baku Bakı 24°C

“Qızlar indi də mənə diqqət yetirirlər”

08.04.14 11:01 1388
“Qızlar indi də mənə diqqət yetirirlər”
Hansısa qəribə rəqəm yaranıb: Pozner-80. Nə özü inanır, nə də başqaları. Gözlərində uşaqlar kimi qığılcımlar hələ də alışıb yanır. Çoxları da ona qibtə edir.
Məşhur telejurnalist və aparıcı, Rusiya Televiziya Akademiyasının ilk prezidenti Vladimir Pozner yubileyi ilə bağlı “Moskovskiy komsomolets”in suallarını cavablandırıb.
Aprelin 1-də heç kimə inanmıram

- Siz aprelin 1-də doğulmusunuz. Həmin gün insanları aldatmağa çalışırlar. Yəqin ki, sizi də aldatmaq istəyirlər. Onda inanırsınız?

- 1 apreldə doğulduğuma görə bunu həmişə yadımda saxlayıram. Həmişə məni aldatmağa çalışırlar. Ancaq bircə dəfə də buna nail ola bilməyiblər. Oyun – ümumiyyətlə, təhlükəli işdir. Mən Dövlət Teleradio Komitəsində işləyəndə aprelin 1-də həmkarlarımdan birinə zəng edib “Televiziyanın baş direktoru Lapin səni çağırır” dedilər. O da tələsik getdi. Lapin isə qışqırıb onu otaqdan qovdu. Bu, çox xoşagəlməz bir hadisə idi.
- Amma mən belə başa düşürəm ki, sizin üçün yumor hissi olmayan adam maraqsız insandır. Hətta, sizə görə, ən yaxşısı, həyatda belə adamlarla qarşılaşmamaqdır.

- Yumor hissi olmayan insan - bu, sadəcə fəlakətdir.
«Şəxsən mən inanmıram»
- Vladimir Vladimiroviç, sual – yaş haqqındadır. Bütün hallarda siz qadın deyilsiniz ki, onu gizlədəsiniz.

- Hətta çox qəribədir ki, bunu soruşursunuz. Siz çox gözəl bilirsiniz ki, mən bunu gizlətmirəm. Çoxdan məlumdur ki, mənim 80 yaşım olacaq. Ona görə də bu cür paralel aparmaq ən azı ədalətsizlikdir.
- Bəs siz bu yaşı hiss edirsiniz? Deyək ki, 70 yaşınızla 80 arasında hər hansı fərq varmı?

- Tam səmimiyyətlə deyirəm ki, mən qətiyyən öz yaşımı hiss etmirəm. Mənə elə gəlir ki, bu, hansısa bir yalandır. Ola bilməz ki, mənim 80 yaşım var. Mən yüzmetrlərlə qaçıram. Həftədə 3 dəfə təklikdə tennis oynayıram, 2 dəfə fitnesə gedirəm. Zaman-zaman qızlar mənə diqqət yetirirlər. Mən enerji ilə doluyam. Mən ora-bura uçuram. Yenə deyirəm, ola bilməz ki, mənim 80 yaşım var. Mənim vəziyyətimə görə, yaşım daha az olmalıydı. Bunu tamamilə şişirtmədən deyirəm. Ancaq həmişə təəccüb edirəm və hərdən də qorxu ilə düşünürəm: hansısa anda nə isə keçib gedəcək və birdən mənim həqiqətən 80 yaşım olacaq. Bununla belə, obyektiv desəm, 80 – bu, qocalıqdır. Ancaq bunun məndə heç bir əlaməti yoxdur, başa düşürsünüzmü? Əlbəttə, mən indi 40 yaşında olduğundan asta qaçıram. Amma qaçıram... Mən öz yaxınlarımı ad günümə dəvət edəndə yazdım: mənim 80 yaşım olacaq, istəyirsiniz inanın, istəyirsiniz inanmayın. Sonra isə mötərizədə «şəxsən mən inanmıram» - deyə əlavə etdim.
- Bəzən televizorda tamaşaçılara məşhur gövdəniz nümayiş etdirilir. Həmçinin Parfenovun filmində siz yarıçılpaq Pablo Pikassonu canlandırmısınız. Yəni siz bu parametrləri də diqqətdə saxlayırsınız?

- Özümə nəzarət edirəm, bunu gizlətməyəcəyəm. Mən aynaya baxmağı xoşlamıram. İstəmirəm ki, orada özümə xoşagəlməyən bir şey görüm. Ümumiyyətlə, insanlar özlərinə nəzarəti itirəndə xoşlamıram. 40 yaşlarında olanda piy onların bədənlərinin hər tərəfini örtür. Estetik baxımdan bu, mənə iyrənc görünür və özüm belə görünmək istəmirəm. Buna görə də həmişə özümə nəzarət etmişəm. Bu, sadəcə, mədəniyyətdir. Bəlkə də buna görə mənim anam günahkardır. Çünki o, həmişə mənə deyirdi ki, insan həmişə, hətta ölən gününə qədər yaxşı görünməlidir. Həmçinin atam da uşaqlıqdan mənə idmanla məşğul olmağı, səhərlər soyuq duş qəbul etməyi öyrətmişdi.
- Bağışlayın, yaddaşınızdan şikayətiniz yoxdurmu? Yod içmirsiniz ki?

- Yox, belə şeylər içmirəm. Əlbəttə, mənim yaddaşım artıq əvvəlki kimi iti deyil. Bir çoxları deyir ki, mənim gözəl yaddaşım var, amma hərdən hansısa bir adamın adını və ya soyadını unuduram. Yəqin ki, bu, yaşın əlamətidir. Bütün hallarda hərdən nəyisə xatırlayıb tapa bilməyəndə bu, məni qıcıqlandırır. Həmişə olmasa da, belə hallar olur.
Mən Xadarkovskinin önündə şlyapamı çıxarıram
- Abramovicin adalarında dincəldiyiniz vaxtda çəkilən şəkil yadıma düşür. Orda da az qala “nyu” stilində çəkilmişdiniz -sonra da buna görə xeyli qınağa məruz qaldınız.

- Bu, qətiyyən belə deyil. Mən Müqəddəs Varfolomey adasında istirahət etmişəm. Bu, Karib dənizində fransız adasıdır. Məhz buna görə də mən onu sevirəm. Orada əsasən fransızlardır. Ora gələn zəncilər də fransız dilində danışır, mətbəxi də fransız mətbəxidir. Bu adada Abramoviç özünə ev və torpaq alıb. Cəmi bir dəfə məni ora yeməyə dəvət edib. Onun evi birbaşa çimərliyə çıxır. Biz də çimərliyə çıxdıq və təbii ki, dəniz paltarında idik. Sonradan məlum oldu ki, orada paparatsilər növbə gözləyirmiş. Əlbəttə, onlar mən yox, Abramoviçi çəkdilər. Amma onun yanında duranlar da kadra düşdü. Düzdür, sonra mənə dedilər ki, “bu, mənim şəklimdir, yoxsa yox və yaxud fotoşopdur, bu yaşda mənim belə bədənim ola bilərmi?”- deyə qızğın müzakirələr olub. Fikirləşdim ki, görünür insanların bu cür cəfəngiyata diqqət yetirməyə boş vaxtları çoxdur...
- Demokratik «tusovka»larda “əl sıxmama” anlamı mövcuddur. Bəs sizin üçün necə? Ola bilərmi, siz kiməsə əl verməmisiniz və yaxud elə adamlar varmı, sizə əl uzatmayıblar?

- Mən belələrini tanımıram ki, mənə həqiqətən əl verməyiblər. Hələlik onlarla qarşılaşmamışam. Mənə gəlincə, bəli, elə adamlar var ki, onlardan kənar gəzməyə üstünlük verirəm. Lap bu günlərdə bir insana əl vermədim. Yəqin ki, soruşacaqsınız o, kimdir? Bu adamlar mənim peşəkar dairəmdəndir. Amma həmkarım deyillər.
- Yeni il ərəfəsində kitabınızın təqdimatı oldu. Orada sizdən Xodorkovski haqqında soruşdular. Dediniz ki, Xodorkovski sizə maraqlı deyil. Açığını deyim ki, bunu oxuyanda düşündüm ki, yalnız özünü qəlbinin dərinliyində Xodorkovskidən xırda hesab edən adam belə deyə bilər. Axı, o, sona qədər getdi, 10 il oturdu. Siz isə həmişə qaydasında idiniz və çətin anlarda yan keçirdiniz...

- Əgər bu sizə belə görünübsə, haqqınızdır. Mən orada ümumiyyətlə, Xodorkovski haqqında danışmağı planlaşdırmırdım. O məclis həqiqətən kitabın təqdimatı idi. Məndən soruşdular ki, Xodorkovski nə ilə məşğul olacaq? Mən də «Mənə qətiyyən maraqlı deyil» - deyə cavab verdim. Həqiqətən marağında deyiləm ki, o, biznesləmi məşğul olacaq, siyasətləmi və ya başqa bir şeylə. Əlbəttə, mən əlavə etməli idim ki, o, qeyri-adi ləyaqətlə 10 il dözdü. Hətta, qeyri-adi ləyaqətlə suallara cavab verdi, özünü təmizə çıxarmaq üçün heç bir cəhd göstərmədi. Bu məsələdə mən öz şlyapamı onun qarşısında çıxarıram. Ancaq məlumdur ki, bu məsələ sizə göründüyü kimi şişirdilməməlidir. Mən axı, onunla tanış idim. Bir dəfə onun məhkəmə prosesində iştirak etmişəm. Şlyapamı ona görə çıxarıram ki, o, hər şeyə dözdü və bağışlanması haqda ərizə yazmadı. Amma doğurdan da onun nəylə məşğul olacağı mənə maraqlı deyil.
Özgələr arasında doğma, doğmalar arasında özgə
- Siz öz yubileyinizi Parisdə qeyd edəcəksiniz. Xaricdə olarkən Ukrayna ilə Krımın vəziyyətini necə görürsünüz? Putin artıq milli-satqınlar, beşinci kolon haqqında danışıb. Mənə nədənsə elə gəlir ki, ölkədəki bu cür gərgin abı-hava sizin üçün dözülməzdir. Əgər vəziyyət belə davam edərsə, siz bu proseslərdə iştirakınızı necə görürsünüz və yaxud ümumiyyətlə, görürsünüzmü?

- Mən Krımın Rusiyaya birləşməsinə sevinən adamları başa düşürəm. Bir neçə gün bundan əvvəl Moskvaya gedəndə orada Krım referendumundan sonra bayraqla bəzədilən maşınları gördüm. Müəyyən adamların içərisində “5-ci kolon”un adamları da vardı. Yəqin bilirəm ki, Dövlət Dumasında bir qrup adamlar var ki, həqiqətən belə fikirləşirlər. Bir qrup adamlar da var ki, başa düşürlər ki, bu, belə deyil. Məni nə qədər sevməsələr də, bunu dəstəkləmək lazımdır. Allah bilir ki, mən buna necə dözəcəyəm. Əgər söhbət “5-ci kolon” haqqındadırsa, satqınlar irəliləyəcəklər. Bu, təkcə təhlükəli yox, kifayət qədər pis əlamətdir. Bu, Rusiyanın dünya dövlətlərindən özünü təcrid etməsidir. Mən bunu özümə görə demirəm. Əvvəla, mənim 80 yaşım var, ömrümü yaşamışam. İkincisi, mən əlimi yelləyib «Əlvida” deyib gedə bilərəm. Əlbəttə, bu vəziyyətdə bunu edəcəyəm. Çünki hansısa supervətənpərvərlərin nişanı altında qalaraq yaşamaq son dərəcə xoşagəlməzdi. Amma çox ümid edirəm ki, bu, belə olmayacaq.
- Siz özünüzü Rusiyada özgələr arasında doğma, doğmalar arasında özgə hesab edirsiniz?

- Əlbəttə ki, belə hesab edirəm. Baxmayaraq ki, məni çox sevən insanlar var. Ölkədə gəzəndə mənə təşəkkür edən çoxlu insanlarla rastlaşıram. Bu, çox həssas məsələdir, sizə xəyanət edə bilmərəm. Adi, sadə insanlardır. Bu yaxınlarda təyyarədə uçanda 13 yaşlı bir qız mənə yaxınlaşdı. Uzun müddət üzümə baxandan sonra «Vanya Urqantı tanıyırsınız» - deyə soruşdu. «Hə, o, mənim dostumdur», - deyə cavab verdim. Qızcığaz «Mən sizin ikinizi də çox sevirəm» deyib getdi. Bu, çox şey deməkdir. Doğmalar arasında özgə? Bəs özününkülər kimdir? Məsələn, deyək ki, Fransa, Amerikada mən tamamilə özüm deyiləm. Çünki orada uzun illər yaşamamışam. Amma özgələr… elə bil onlar burdadır. Mən onların arasında özümüzünküyəmmi? Allah bilir. Vilnüsdə olanda yaxın dostum, gözəl kinorejissor Vitauskas Jalakyaviçyus – «Heç kim ölmək istəmir» filminin müəllifi mənə dedi ki, Vilnüsdən Moskvaya gedəndə özümü litvalı millətçi kimi hiss edirəm. Orada qatara oturub Vilnüsə gələndə şəhərə yaxınlaşdıqca özümü Litva xalqının xaini kimi hiss etməyə başlayıram. Gözəl başa düşürəm ki, bu, elə mənim əhvalatımdır.
- Siz dünyanın vətəndaşısınız, yoxsa çöl bitkisisiniz?

- Sonunda əlbəttə belədir. Çünki öz Vətəninin, öz evinin tam hissi yoxdur. Bu, kifayət qədər mürəkkəb vəziyyətdir. Amma heç də bunu dəyişmək istəmirəm. Belə deyim də, mənim üçün hər şey kifayət qədər aydındır. Əlbəttə, insanın bir vətəninin, bir yerinin, bir evinin olmasının öz gözəlliyi var. Ancaq təcrübəm mənə elə hisslər zənginliyi, elə dünyagörüş genişliyi verib ki, bu baxımdan həyatda bəxtim gətirib.
- Siz hansı dildə düşünürsünüz?

- Hansı dildə danışıramsa, o dildən asılıdır. İndi isə mən təbii ki, rus dilində düşünürəm. Mənə deyirlər ki, yuxuda da bəzən müxtəlif dillərdə danışıram.
- Şəxsi həyatınız haqqında sizdən soruşmaq olar?

- Soruşmaq olar. Amma mütləq deyil ki, cavab alacaqsınız.
- Onda məhəbbət haqqında. Ümumiyyətlə, sizcə yer üzündə məhəbbət varmı?

- Özü də necə...
- Siz hələ əvvəlki həyat yoldaşınız Yekaterina Orlova ilə görüşürsünüz?

- Bax bu, mövzudur. Biz Yekatrina Mixaylovna ilə 37 il birgə yaşamışıq. Onun mənim üçün nə qədər qiymətli və əhəmiyyətli olmasına baxmayaraq, bu, hamı üçün qapalı mövzudur.
- Aydındır. İnsanlar var ki, onlar uduzmağı xoşlamırlar. Hətta, onlara qalib gələnlərdən də inciyirlər. Sonradan o insanlar dünya çempionları kimi yetişir. Siz nəyisə uduzmusunuzmu?

- Mən yeniyetmə oğlan olanda uduzmağa dözə bilmirdim. Ümiddən düşür, ağlayır, inciyirdim. Ancaq mənə öyrətdilər ki, əsl idmançılar o insanlardılar ki, onlar uduzmağı bacarırlar. Xoşbəxtlikdən mən artıq bunu bacarıram.
Tərcümə etdi: Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər