• cümə axşamı, 28 mart, 20:06
  • Baku Bakı 13°C

Qızımı nəvəmdən çox istəyirəm – Mənim nəvəm

20.09.16 12:33 4675
Qızımı nəvəmdən çox istəyirəm – Mənim nəvəm
Bu gündən nəvənin nə qədər şirin olduğu haqda "Mənim nəvəm” rubrikasının qonaqları danışacaqlar. Rubrikamızın ilk qonağı isə Pantomima Teatrının direktoru, əməkdar artist, aktyor Elman Rəfiyevdir. Müsahibimiz iki övlad - Fəridə və Kamranın atasıdır. Deyir ki, Tanrıdan ilk olaraq qız övladının olmasını diləyib və bu arzusu həyata keçib. Övladlarının adlarını isə sənətkarın anası qoyub.
Elman Rəfiyev bizimlə söhbətində 8 aylıq nəvəsi Məryəm haqqında ağızdolusu danışdı. Məryəm valideynləri ilə birlikdə Amerikada yaşasa da, E.Rəfiyev onunla hər gün canlı bağlantı qurur, mütəmadi olaraq yeni çəkilmiş şəkillərinə baxmaqdan doymur. Amma bütün bunlara baxmayaraq, deyir ki, nəvə hər nə qədər bal olsa da, bala ondan şirindir.
Sənətkar kimi daha yaxşı tanıdığımız müsahibimiz bildirir ki, övladları onun qanadlarıdır. Onlarsız isə həyat mənasızdır. Maraqlı həmsöhbət olan pantomima ustası bizimlə nəvəsi haqqında danışdı.

- Elman müəllim, baba olmaq necə hissdir?
- Möhtəşəm. Baba olmaq həyatın ən gözəl hissidir. Təsəvvür edin ki, balanızın balası dünyaya gəlir. Bu tamamilə başqa bir duyğudur, heç bir sözlə ifadə edilə bilməz. Nəvəm dünyaya gələndə hiss edirdim ki, ayaqlarım yerə dəymir, sanki göylərdəyəm. O an balamın balası sözünün nə demək olduğunu anladım. Əslində bu gün "baba” titulunu qazanmaqdan çox adam qorxur. Mənsə bu adı qazandığım üçün fəxr edirəm. 44 yaşımda cavan "baba” statusu qazandığıma görə sevinirəm.

- Doğrudanmı nəvə baladan şirindir?
- Nəvəm dünyaya gələndə özümü çox xoşbəxt hiss edirdim. Hər nə qədər sevinsəm və nəvəmi dünyalar qədər sevsəm də, qızımı nəvəmdən daha çox istəyirəm. Çünki o mənə nəvəmi bəxş edib və "baba” statusu qazandırıb. Övladım mənim üçün daha dəyərlidir. Təki övladlarımız sağlam olsun, xoşbəxt olsunlar və nəvələrimizin sayı çoxalsın. Biz də onları əzizləyək. Qızım güman belə etmirmiş ki, mən nəvəmə qarşı bu qədər isti münasibət bəsləyərəm.

- Qızınız əcnəbi ilə ailə qurub?
- Bu sualı mənə çox verirlər. Hazırda qızımla yoldaşı Amerikada yaşayırlar. Bu o demək deyil ki, onun yoldaşı əcnəbidir. Mənim yeznəm İsa Məmmədov azərbaycanlıdır. O, qızımla dörd il Xəzər Universitetində təhsil alıb. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi mərhum İsa Məmmədovun nəvəsidir. Hazırda qızım Amerikada təhsilini davam etdirir. O, Miciqan Dövlət Universitetində magistr təhsili alır. Onlar təhsillərinə çox önəm verirlər. Məhz bu səbəbdən xaricdə yaşayırlar. Mən halımdan məmnunam. Hər nə qədər nəvəmi uzaqdan-uzağa görüb sevsəm də. Onlar nəvəmi mənə göstərib təzədən geri qaytarırlar.

- Belə olan halda, nəvəniz üçün darıxırsınızmı?
- Darıxmaq nəvəmi mənə gətirmir. Mən onun varlığını qəbul edirəm. Demək olar ki, biz onunla hər gün görüntülü şəkildə danışırıq. Qızım Məryəmin yeni şəkillərini göndərir. Məryəm hazırda yerimək üçün səy göstərir. Yavaş-yavaş böyüyür. Qızıma tapşırmışam ki, Məryəm mütləq şəkildə Azərbaycan dilində səlis danışmalıdır. Bilirsiniz ki, dil məsələsi mənim yaralı yerimdir. Çox dil bilmək gözəldir, ancaq hər kəs öz ana dilini mükəmməl bilməlidir. Başqa cür ola bilməz.

- Bəs, narahat olmursunuz ki, nəvəniz iki böyük mentalitet arasında qalar?
- Qızım da, onun yoldaşı da Azərbaycan qayda-qanunlarına yaxşı bələddirlər. Nəinki bilir, onlar vətəndən kənarda həyatlarını davam etdirsələr də, bizim qayda-qanunlarla yaşayırlar. Fəridə elə tərbiyəyə sahibdir ki, o düşdüyü mühitə uyğunlaşar, amma öz kökünü unutmaz. Bu baxımdan çox rahatam. Məryəm hazırda həm Amerika, həm də Azərbaycan vətəndaşıdır. O, 18 yaşına çatandan sonra hansı ölkənin vətəndaşı olmaq istədiyini özü seçəcək. Bu baxımdan heç bir problemimiz yoxdur.

- Elman müəllim, tez-tez paylaşım etdiyiniz şəkillərdə REMO imzasını qoyursunuz. Bu da tamaşaçılarda sual doğurur və hətta REMO-nun nəvənizin adı olduğunu da deyirlər.
- REMO mənim təxəllüsümdür. Onun açıqlaması belədir - Rəfiyev Elman Məmmədrza oğlu. Bunun nəvəmin adı ilə bir əlaqəsi yoxdur. Nəvəmin adı Məryəmdir.

- Cəmiyyətimizdə elə insanlar var ki, yeni doğulmuş uşaqların şəkillərini sosial şəbəkələrdə paylaşmağı doğru hesab etmir və onda uşağa tez nəzər dəyəcəyini düşünürlər. Bəs siz necə?
- Əsla. Mən optimist insanam, elə şeylərə inanmıram. Sadəcə, sosial şəbəkələr vasitəsilə öz sevincimi çevrəmdəki insanlarla paylaşıram. O uşağı qapalı yerdə saxlasaq belə, bizi Yaradan lazım bilsə, ona nəzər yetirəcək. Bizdə elə bir problem yoxdur. Hətta bəzən Fəridə deyir ki, atamla qızım sosial şəbəkənin ulduzlarıdır. Mən şəkil paylaşmağa pis baxmıram. Uşağın şəklini gizlətməklə nə əldə edilir ki?

- Fəridə dünyaya gəlişi ilə atanıza "baba”, sizə isə "ata” statusu qazandırmışdı. İndi isə sizə "baba”, atanıza "ulu baba” statusu qazandırdı.
- Elədir. Fəridə atamın ilk nəvəsidir. O, mənim atamı əvvəlcə baba, sonra ulu baba edib. Mənə isə ata statusunu qazandırdı. Çox qəribədir. Mən hər kəsə belə bir şirin payın nəsib olmasını arzulayıram. Nəvə ilə oynamaq, onunla yaşlanmaq çox gözəldir. Məryəm Azərbaycana gələndə vaxtın necə gəlib keçdiyini hiss etmirəm. Məryəm doğulan gündən ona Azərbaycan şeirləri deyirəm. Milli musiqilərimizi dinlətdirirəm. Qızım buradan gedəndə Azərbaycan uşaq mahnılarını diskə yazıb ona verdim. Tapşırdım ki, vaxtaşırı o mahnıları nəvəmə dinlətsin. Bu mənim üçün çox önəmlidir. Allah bütün nəvələri qorusun, içi bizimki qarışıq.

- Məryəmin Pantomima Teatrındakı şəkli çox diqqət çəkdi. İstərdinizmi ki, nəvəniz sizin yolunuzu davam etdirsin?
- Hətta övladlarım belə, sənətimi davam etdirsəydilər, onlara qarşı çıxmazdım. Çünki mən bu sənəti seçərkən qarşıma bir çox əngəllər çıxıb. Hər bir insan sevdiyi sənətlə məşğul olmalıdır. İnsanın sevdiyi sənətlə məşğul olması üçün ona kömək etmək lazımdır, qarşısında durmaq yox. Məryəm özünü hansı sənətdə rahat hiss edəcəksə, o sənəti də seçəcək, heç kim onun qarşısında dayana bilməz. Qaldı paylaşdığım şəklə, Məryəmi teatra aparanda mənim üçün onun reaksiyası çox önəmli idi. Gördüm ki, onun rənglərə çox böyük reaksiyası var. O, çox duyumlu uşaqdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər