• şənbə, 20 Aprel, 03:08
  • Baku Bakı 15°C

Qızılı emal edib satmaq ölkəyə daha çox valyuta gətirə bilər

02.10.18 18:34 1886
Qızılı emal edib satmaq ölkəyə daha çox valyuta gətirə bilər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”na görə, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı 12,9 milyard ABŞ dolları təşkil edib.Dövlət Gömrük Komitəsinin məlumatına istinad edilən icmala əsasən, 8 ayda bu ixracın 1 milyard 94 milyon ABŞ dolları qeyri-neft sektorunun payına düşüb. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 131 milyon ABŞ dolları və ya 14 faiz artıb. İlin 8 ayında Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon və Çinə 32 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Ən önəmlisi isə budur ki, 2018-ci ilin yanvar-avqust aylarında ixrac edilən qeyri-neft mallarının siyahısında pomidor 144,4 milyon ABŞ dolları ixrac dəyəri ilə liderliyini qoruyub. Bu siyahıda qızıl 81 milyon ABŞ dolları həcmində ikinci olub.

Statistikadan da göründüyü kimi, cari ilin ötən 8 ayı ərzində Azərbaycandan xaricə 81 milyon ABŞ dolları həcmində qızıl ixrac olunub. Maraqlı məqam burasıdır ki, bu həcmdə qızıl xammal kimi xaricə satılıb. Daha sonra müxtəlif qızıl məmulatları Azərbaycana idxal olunub. Yəni, qızılı xammal qismində xaricə satıb ardınca da həmin xammaldan düzələn məmulatları almışıq. Birinci halda xammal ixracı ölkəmizə valyuta axınına səbəb olubsa, ikinci halda Azərbaycandan xaricə valyuta axını olub. Bəs, Azərbaycan özü xammalı emal edə bilməzmi? Bu emal prosesində qızıl məmulatları istehsal olunub xaricə ixrac edilə bilərmi? Vaxtilə belə bir ənənə olubmu? Hazırda buna tələbat nə səviyyədədir? Bu kimi çoxsaylı suallarla iqtisadçı ekspertlərə müraciət etdik.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili qeyd etdi ki, qızılın hasilatı, emalı və yuvelir sənayesinin yaradılması xüsusi yanaşma, müasir texnologiyalar tələb edir. Millət vəkilinin sözlərinə görə, hazırda qızılın hasilatı və emalı mərhələsində Azərbaycanda "Azergold” ASC tərəfindən xeyli işlər görülür: "Xarici investorlar cəlb olunub, müasir texnologiyalar və biliklər tətbiq olunur. Nəticə olaraq ölkəmizə xarici valyuta daxil olur, yeni iş yerləri açılır. Bununla yanaşı, əhali müxtəlif ölkələrdən zərgərlik sənayesi məhsulları da idxal edir. Zərgərlik sənayesi qızılın əlavə dəyərini artırır və istehlakçılara yönəldir. Bu sənayenin yaradılması yüksək texnologiyalar və yüksək ixtisaslı kadrlar tələb edir. Eyni zamanda, bazarın həcmi bu sənayenin yaranmasına təsir edir. Bakıda əvvəlki dövrlərdə zərgərlik fabriki mövcud olub. Düşünürəm ki, mövcud qızıl yataqlarımızın həcmini nəzərə alaraq, gələcəkdə ölkəmizdə bu sənayesinin yaradılmasına çalışmaq olar”.


"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, sabiq maliyyə naziri Fikrət Yusifov deyir ki, cari ilin 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundan ixracın həcminin ötən ilin müvafiq dövrü ilə müqaisədə 14 faiz artması real sektorun inkişafı istiqamətində hökumətin atdığı addımların məntiqi nəticəsidir. Onun fikrincə, yaxın gələcəkdə Azərbaycan qeyri-neft sektorunda ixracın həcmini optimal sayıla biləcək bir səviyyəyə qədər artıra biləcək. Ekspert qeyd edib ki, bunun üçün bütün imkanlar mövcuddur: "Bu imkanların istədiyimiz səviyyədə reallaşdırıla bilməsi ayrı-ayrı sahələrə rəhbərlik edən məmurların işə yaradıcı yanaşmasından bilavasitə asılıdır. Qızılı çıxarıb xammal şəkilində sataraq ölkəyə valyuta gətirmək yaxşı haldırsa, qızıldan hazırlanan məmulatları valyuta ilə alıb ölkəyə gətirmək heç də ürəkaçan bir iş deyil. Öncə onu deyək ki, sovetlər dönəmində Azərbaycanda keçmiş SSRİ-də olan ən iri zərgərlik zavodlarından biri fəaliyyət göstərirdi. Orada yüzlərlə sənətkar çalışırdı və bu zavodun məhsulları hər yerdə tanınırdı. İndi bu ənənələri bərpa etməyin vaxtı çatıb”.

F.Yusifov vurğulayıb ki, əgər zərgərlik məhsullarının hazırlanması sahəsində indi peşəkar sənətkar çatışmazlığı varsa, bu problemi də həll etmək mümkündür: "Bunun üçün xüsusi peşə yönlü təhsilin təşkil olunması lazımdır. Əgər bizdə bu gün belə sənətkarlar hazırlanmırsa və ya fərdi şəkildə öyrənməklə hazırlanan zərgərlər kifayət qədər deyilsə, deməli, məsələyə yeni bir yanaşım ortaya qoyulmalıdır. Bir sözlə, bu işin təşkili ilə aidiyyatı qurumlar ciddi məşğul olmalıdırlar. Bir zamanlar Azərbaycanda daşla bəzəkli işləri yalnız erməni sənətkarlar bacarırdılar. Bu sferada demək olar ki, Azərbaycanlı sənətkarlar yox idi. Ermənilər Azərbaycandan getdikdən sonra nə baş verdi? Qısa zaman kəsiyində ölkəmizdə daşdan gözəl sənət əsərləri yaratmağı bacaran peşəkarlar ordusu yarandı. İndi zərgərlik ənənələrini də bərpa edib öz milli kadrlarımızı müxtəlif formalarda yetişdirmək lazımdır. Xammal şəkilində satılan qızıldan hazırlanan zərgərlik məhsulları ölkəyə on dəfə artıq valyuta gətirə bilər”.

İqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib ki, ümumilikdə Azərbaycan sərvətlərinin xammal qismində deyil, həmin xammalın emal olunaraq məhsula çevrilməsi qismində ixraca üstünlük verilməsi daha çox arzu olunandır. Professorun fikrincə, hər hansı xammalın məhsula çevrilərək ixrac edilməsinin böyük sosial-iqtisadi əhəmiyyəti var: "Biz resursu, xammalı deyil, onlardan hazırlanan məhsulları daha çox ixrac etməliyik. Bu kontekstdə neft də, qızıl da, pambıq da xüsusi əhəmiyyət kəsb edir. Resursların emal prosesinə cəlb edilməsi, onlardan məhsul alınması ideyasını gerçəkləşdirmək üçün struktur islahatlara ehtiyac var. Yəni, bu emal prosesini gerçəkləşdirmək üçün yeni texnologiyalar ölkəyə gətirilməli, vərdişlər öyrənilməli, bazarlar kəşf edilməli, iri həcmdə sərmayə cəlb olunmalıdır. Ümumilikdə bu məsələ böyük konseptual yanaşma tələb edir. Əgər xammalın hazır məhsula çevrilməsi prosesi gerçəkləşdirilərsə, bu zaman çoxsaylı daimi iş yerləri də açılar. Konkret qızılın xammaldan məhsula çevrilməsi məsələsinə gəlincə, bunu da Azərbaycanda gerçəkləşdirmək olar. Hazırlanacaq məhsula daxili tələbat var. Xarici bazarlara da hazır qızıl məhsulumuzu çıxarmaq olar. Eyni zamanda, xammal qızılın məhsula çevrilməsindən sənayedə də istifadə etmək mümkündür. Bu baş verərsə, xaricdən gətirilən qızılın qiyməti də aşağı düşər, keyfiyyət amili də üzə çıxar. Bütün bunları gerçəkləşdirmək üçün ilk növbədə iradə ortaya qoymaq, sərmayələrin riskliliyini öyrənmək, sahibkarları prosesə cəlb etmək gərəkdir. Bir çox hallarda sahibkar istəyir ki, yatırdığı sərmayənin bəhrəsini tez görsün, tez bir zamanda məhsulu bazara çıxarıb daha çox pul qazansın və sair. Dövlət üçün isə yalnız qızıl istehsalının üzərində dayanıb ancaq bu sahəni inkişaf etdirmək hələlik prioritet deyil. Bu sahəyə sahibkarlar maraq göstərməli, təşəbbüslə çıxış etməlidirlər”.

Ə.Əlirzayev deyib ki, sovetlər birliyində iqtisadiyyat tamam başqa prinsiplər üzərində qurulduğundan Azərbaycanda qızıl istehsalı olmayıb, bu sahədə ənənə formalaşmayıb: "Misal üçün, SSRİ dövründə Azərbaycana xammal bazası kimi baxılırdı. Burada əldə edilən xammal ittifaqın başqa bir ölkəsinə aparılır, orada emal olunur, məhsul əldə edilirdi. İmperiyanın əsas iqtisadi siyasəti ittifaqdakı ölkələri bir-birindən asılı vəziyyətdə saxlamaq idi. Bu niyyətlə də ittifaq ölkələrində aparıcı istehsal sahələri yaratmırdılar. Beləliklə də sovet respublikalarının sərbəst iqtisadi inkişafının qarşısı alınırdı”.

İqtisadçı ekspert Pərviz Heydərov isə deyir ki, qızıl sənayesi Azərbaycanda son illərdə formalaşıb. Onun sözlərinə görə, burada əsas strategiya xammal ixracı üzərində qurulub: "Qızılın emalından sonrakı proses nəticəsində əldə olunan məhsulun ölkədən ixracı, onun xammal şəklində ixracından o qədər də səmərəli sayıla bilməz. Hazırda Azərbaycana xaricdən idxal olunan qızıl məmulatlarının çeşidinə, onların mənbəyinə diqqət yetirsək görərik ki, onlar əsasən bir neçə mənbə üzrə seçilir. Bu kimi səbəblərdən qızılın məhz xammal qismində ixracı daha səmərəli hesab olunur. Qızıl məmulatları sahəsində müəyyən emaledici ənənənin formalaşması, müəssisələrin yaradılması gərək bazarın tələbatı əsasında baş versin. Yəni bazarın tələbinə uyğun təklif ortaya qoyulsun. Bundan kənar dövlət və hökumət səviyyəsində, inzibatçılıq əsasında ayrıca bir addım atılmasına ehtiyac duymuram. Əgər müasir dövrdə bazar buna tələbat duyarsa, perspektivdə bu istiqamətdə nə isə bir iş görmək olar. İndiki şəraitdə dövlətin bununla bağlı ayrıca siyasət ortaya qoymasına ehtiyac yoxdur. Bununla belə, Azərbaycanda qızıl sənayesi mövcud imkanlar baxımından kifayət qədər inkişaf etmiş səviyyədədir. Bunu xammal qismində xaricə ixrac olunan qeyri-neft məhsulu sırasında qızılın ikinci yer tutması da sübut edir. Biz bu üstünlüyü qızılı emal edib ondan hazır məhsul əldə etdikdən sonra ixrac etməklə qazana bilmərik. İndiki şəraitdə bu, daha məqbul variantdır”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər