• cümə, 19 Aprel, 16:10
  • Baku Bakı 25°C

Qızıla hərislik Paşinyanın sonu ola bilər

20.08.19 17:51 13454
Qızıla hərislik Paşinyanın sonu ola bilər
Yerevanın mərkəzi yenidən etirazlara meydan olub. Bu dəfə insanlar "Lydian Armenia” Britaniya şirkətinin "Amulsar” qızıl mədənində istismar işlərinə yol verilməməsi tələbi ilə meydanlara çıxıblar. "Kommersant” yazır ki, ölkənin ikinci qızıl yatağının istismarı, ilk növbədə sianidlərin tətbiqi Sevan gölü (Göycə) və Cermux kurort şəhərciyi üçün təhlükə riski yaradır. Aksiya zamanı fəallarla polis arasında qarşıdurma yaşanıb. Nümayişçilərə parlamentin parkına daxil olmağa icazə verməməsi qarşıdurmanı daha da gücləndirib. Bundan sonra hüquq-mühafizə orqanları, fəalların, Baqramyan prospektini bağlamaq cəhdinin qarşısını alıblar. Altı nəfər polis tərəfindən saxlanılıb. Polisin hərəkətlərini şərh edən Yerevan Ağsaqqallar Şurasının keçmiş üzvü Sona Areqyan bildirib ki, baş verənlər qanunsuz güc tətbiqidir: "Bütün vətəndaşların hüquqları pozulub. Beynəlxalq ictimaiyyət buna qiymət verməlidir”.
S.Areqyan əlavə edib ki, bu gün Ermənistanda diktator rejimi mövcuddur: "İcra, məhkəmə, və yerli idarəetmə orqanlarına bir nəfər rəhbərlik edir”.
Artıq uzun müddətdir ki, Ermənistanın gündəmi "Amulsar” qalmaqalı ilə tutulub. Bu mədənin işlənməsi ilə bağlı ötən ilin yayından gərginlik yaşanır. ELARD beynəlxalq ekspert qrupunun hesabatının dərcindən sonra fəallar yatağın işlənməsinin qarşısını alıblar. Sənədə görə, yataqda qrunt suları Cermuxun qrunt suları, Göycə gölü ilə bağlı deyil. Əlavə edilib ki, əgər şirkət beynəlxalq təşkilatın təklif etdiyi 17 yumşaldıcı addımları atsa, onda mümkün ekoloji risklər idarə oluna bilər.
Bütün bunlar və Ermənistan hakimiyyətində təmsil olunanların bəyanatı belə bir təsəvvür yaradıb ki, hakimiyyət yatağın işlənməsinə razılıq verib. Bu məsələ dəfələrlə Paşinyanın ABŞ və Böyük Britaniya səfirləri ilə görüşündə də müzakirə olunub. Onlar hakimiyyəti normal işləyə bilmələri üçün zəruri addımlar atmağa çağırıblar. Hakimiyyət ehtiyat edir ki, işlərin dayanması ölkənin maliyyə itkilərinə səbəb olacaq. Etiraz aksiyası da baş nazirin iştirakı ilə ekoloji fəallar və hökumət üzvlərinin toplantısı ilə bağlı olub. Görüşün sonunda Paşinyan bildirib ki, ELARD nüfuzlu şirkətdir və ona etibar etmək olar. Onun sözlərinə görə, "Amulsar”ın istismarı zamanı Ermənistan üçün presedentsiz ekoloji standartlar tətbiq olunacaq. "Cermuxdan guya müzakirə aparmaq üçün məmurları dəvət ediblər. Kiminlə aparırsınız müzakirələri? Bu, bütün ermənilərə aiddir, öz gələcəyimi özüm həll etməliyəm. Yerevanda yaşaya-yaşaya heç kim mənim yerimə qərar verə bilməz”, - deyən vətəndaşlardan biri qəzetə bildirib. Əlavə edib ki, əgər Paşinyan xalqın səsini eşitməməkdə davam edəcəksə, onda onu da özündən əvvəlki rəhbərin taleyi gözləyəcək: "Nikol Paşinyan öz xalqının səsini eşitmir. "Serjizm” davam edir və bu gün mən tam məsuliyyətimlə deyirəm ki, əgər qarşısını almasa, onda onu Serj Sarkisyanın taleyi gözləyəcək, ola bilsin bundan da pisini yaşaya bilər”.
"Amulsar” qalmaqalının əleyhdarları baş nazirin rəhbəri olduğu "Mənim addımım” blokunun sıralarında da var. Erməni nəşrləri yazır ki, yatağın işlədilməsinə icazə verilməməsi ölkənin bir neçə yüz min dollar cərimə ödəməsinə gətirib çıxara bilər. Eyni zamanda Ermənistan Qərb investorları üçün etibarsız bir ölkəyə çevirə bilər. "Bir məsələ də var – məntiqsizlik odadır ki, dəyəri 400 min dollar olan bahalı ekspertiza etmək nəyə gərək idi”, -deyə, erməni mediası yazır. Hakim blokdan olan deputat Babken Tknyan hesab edir ki, "Amulsar” qızıl yatağının istismarının dayandırılması üçün əsas yoxdur. Onun qənaətincə, işlərin dayandırılması mənfi nəticələrə gətirib çıxara bilər: "Bu, bütün investorlar üçün çox pis siqnaldır. Faktiki olaraq bu, onlar üçün əyani bir misaldır. Onlar üçün heç bir əhəmiyyəti yoxdur ki, ölkəni kim idarə edir – Robert Koçaryan, Serj Sarkisyan və yaxud Nikol Paşinyan”.
"Amulsar yatağının işlənməsi özlüyündə geosiyasi fon yaradır, çünki orada çox ciddi uran yataqları aşkar olunub”. Bu sözləri "Vahid sağlamlıq” ictimai hərəkatlarının koalisiya rəhbəri Qriqor Qriqoryan bildirib. Onun sözlərinə görə, hökumət sadəcə güzəştə getməyə məcbur oldu. Çünki ona, ABŞ səfirliyi tərəfindən ciddi təzyiq var idi. Ona bildiriblər ki, əgər yataqda işləri dayandırsa, onda ABŞ investisiyasına ümid etməsin: "Müəyyən dairələr tərəfindən Paşinyan qarşısında dəqiq və konkret tapşırıqlar qoyulub. O da onun öhdəsindən gələ bilməyib. Bu səbəbdən də ona olan etimadı doğrultmaq üçün şans verilib”. Öz növbəsində Erməni Ekoloji Cəbhəsinin üzvü Silva Adamyan bildirib ki, yatağın işlənməsi ətraf mühitə və insanların sağlamlığına ciddi təsir edə bilər.
Qeyd edək ki, erməni ekoloqlar dəfələrlə xəbərdar ediblər ki, "Amulsar” qızıl mədəni yerləşdiyi ərazinin, ilk növbədə isə Göyçə gölünün biomüxtəlifliyinə təhlükə yaradır. Onların fikrincə, kurort şəhəri Cermuxdan cəmi 13 km aralıda yerləşən bu mədənin istismarının mənfi təsirləri özünü çox gözlətməyəcək. Erməni Ekoloji Cəbhəsinin üzvü Levon Qalstyanın sözlərinə görə, ilk zərbə Göyçə gölünün şirin suyuna dəyəcək: "Bu mədəndən təqribən bir kilometr aralıdan Vorotan-Arpa-Göyçə tuneli keçir. Bu turş sular təkcə tunelin özünə ziyan vurmayacaq, həm də tunelin içinə girib oradan axan suların keyfiyyətini dəyişdirəcək. Bundan sonra Göyçə gölünə daxil olub göldəki suyun keyfiyyətinə təsir edəcək”. Ekoloqun sözlərinə görə, hazırda Göyçə gölündə suyun keyfiyyətinin necə dəyişəcəyini heç kim deyə bilməz. Belə ki, risklərin dəqiq qiymətləndirilməsi aparılmayıb, ona görə də, həm ekoloqların, həm də qarşı tərəfin iddiaları dəqiq olmaya bilər. "Biz bunun çox ciddi və nəzarətə tabe olmayan təhlükə ola biləcəyinə inanırıq. Gölün suyunun keyfiyyəti ciddi dəyişə, turşlaşa bilər”, - ekspert söyləyib. Ekoloqlar "Amulsar” mədəninin istismarı layihəsində qanun boşluqları da aşkarlayıblar. Cermuxdan olan ekoloq və hüquqşünas Nazeli Vardanyan deyib ki, "Göyçə gölü haqqında” qanun gölün hövzəsində hər hansı formada ovlamanı, tullantıların yerləşdirilməsini, emalı və s. qadağan edib. Ekspertin sözlərinə görə, 2012-ci ildə gölün mühafizə komissiyası mədənin istismarı layihəsinə mənfi rəy versə də, sonradan hökumət komissiyanın müsbət rəyini əldə etməyə nail olub.
Ancaq Vardanyan rəyin dəyişdirilməsinin arxasında "dövlət sifarişi”nin olduğunu deyir. O, iddia edir ki, bütün hökumət qərarları və ekspert rəyləri mədənin istismarı layihəsinə uyğunlaşdırılıb. "Hökumət cəmiyyətin ağzını yummaq və bu problemin həll olunduğunu deməkdən ötrü əlindən gələni edir”, - xanım Vardanyan deyir. Amma "Amulsar” mədəninin istismarı ilə məşğul olan "Lydian Armenia” şirkəti ekoloqların narahatlığını bölüşmür. Bu şirkət Britaniyanın "Lydian International” şirkətinin törəməsidir. Şirkətin davamlı inkişaf üzrə baş meneceri Armen Stepanyan bildirib ki, onlar risklərin dəyərləndirilməsini aparıblar və Göyçəyə heç bir təhlükənin olmadığı qənaətinə gəliblər. O, əlavə edib ki, dəyərləndirmənin nəticələri gölün mühafizəsi komissiyasına təqdim olunub və layihəyə zəruri dəyişikliklərin edilməsindən sonra iki dəfə müsbət rəy alınıb. Şirkət nümayəndəsi həmçinin bildirib ki, yatağın istismarı layihəsi qanunauyğun şəkildə həyata keçirilir.
Ancaq ekoloqlar hesab edirlər ki, ictimai etiraz dalğası qaldırmaqla, layihəni ləğv etmək mümkündür.
"Vətəndaş etirazı formalaşdırılmalı, nəticədə bu layihə ləğv olunmalıdır”, - "Ecolur” ictimai təşkilatının sədri İnqa Zarafyan deyib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər