• cümə, 29 Mart, 02:18
  • Baku Bakı 7°C

Qızıl Qapı - İntiharlar körpüsü Fotolar

23.05.13 10:51 4538
Qızıl Qapı - İntiharlar körpüsü Fotolar
Bu asma körpü 1937-ci ildə açılıb və 27 illik bir müddətdə (1937-ci ildən 1964-cü ilə qədər) dünyanın ən böyük asma körpüsü olub. Körpünün uzunluğu 1970 m, əsas gözünün uzunluğu 1280 m, sudakı dayaqlarının hündürlüyü 230 m, ağırlığı isə 894500 tondur. Suyun dibindən səthinə qədər olan məsafə isə 67 m-dir.
Körpünün tikintisinə 1933-cü il yanvarın 5-də başlanılıb. Tikintinin ilkin layihəsi mühəndis Cozef Strauss və məsləhətçi-arxitektor İrvinq Morrou tərəfindən hazırlanıb. Strauss körpünün tikintisinə rəhbərlik edirdi, lakin əslində, onun layihələndirilməsi işi odessalı yəhudi mühacir Lev Moiseyevə məxsus idi. (O, həmçinin Nyu-Yorkdakı Manhetten körpüsünün də layihəsini vermişdi.) İşin layihələndirilməsində daha bir şəxsin – Çarlz Alton Ellisin də adı çəkilir. Lakin bu üç şəxsin aralarındakı pis münasibət körpünün tikilməsi tarixində onların adlarının çəkilməməsinə səbəb olub. Belə ki, körpünün cənub qülləsindəki lövhəcikdə onların adları qeyd edilməyib.
1937-ci ilin may ayının 27-də səhər saat 6-da Qızıl Qapı körpüsü piyadalar üçün açıldı. İlk 12 saat ərzində körpü yalnız piyadalara məxsus oldu. Səhəri gün prezident Ruzveltin Ağ Evdən gələn siqnalı ilə körpüdə birinci avtomobil göründü.
1987-ci ildə, körpünün 50 illiyi zamanı xüsusi bayram təşkil edildi. Mayın 24-də körpünün üzərindəki bayram tədbirində təxminən 300 min nəfər adam iştirak etdi.
Avtomobil hərəkəti
San-Fransiskodan şimala tərəfə yeganə çıxış olan Qızıl Qapı körpüsü 101 saylı federal şosenin bir hissəsidir. Körpü üzərindəki avtomobil hərəkəti altı zolaqlıdır. Orta hesabla, sutka ərzində körpüdən yüz min avtomobil keçir. Zolaqların sayı maşın axınından asılı olaraq, dəyişilir. Adi iş günlərində səhərlər cənub tərəfdən dörd, şimaldan isə iki zolaq görmək mümkündür. Həmin ayırıcı zolaqlar plastmas dirəklərdir ki, onların yerlərini asanlıqla dəyişdirmək mümkün olur. Orta hesabla, burada il ərzində cəmi bir dəfə avtomobil qəzası baş verir.
Keçid haqqı
2011-ci ildən körpüdən cənub istiqamətinə keçmə pulludur. Şimal tərəfə isə keçmə pulsuzdur. Piyadalar üçün pul ödənilmir. 2011-ci ilin iyulun 31-dən yüngül avtomobillər üçün ödəniş 6 ABŞ dolları dəyərindədir. İş günləri zamanı əgər maşında 3-dən artıq sərnişin varsa, şəhərə keçid pulsuzdur. Həmçinin, təcili yardım, polis və yanğınsöndürənlər üçün də keçid haqqı ödənilmir.
İntiharlar körpüsü
Qızıl Qapı körpüsü həm də intiharlar yeri kimi məşhurdur və dünyadakı intiharlar yerinin ən populyarı sayılır. Ondan sonrakı yeri Yaponiyanın Aokiqaxar meşəsi tutur. Orta hesabla, bu körpüdə hər iki həftədən bir kimsə həyatına qəsd edir.
Körpünün açılışından ötən yeddi on illik ərzində qeyri-rəsmi məlumata görə, özünü buradan suya atmaqla 1200 nəfər intihar edərək həyatla vidalaşıb. 1995-ci il «rekord» göstəriciyə malikdir: məhz həmin il 45 intihar qeydə alınmışdı. Kaliforniyanın patrul xidməti il ərzində təxminən 70 nəfərə qədər şəxsi özünü körpüdən ataraq, öldürmək istəyindən yayındırır.
Burada baş verən intihar sayının dəqiqliyini müəyyən etmək mümkün deyil, belə ki, həmişə hadisənin şahidi olmur. Havanın çox vaxt dumanlı olması və ya intihar hallarının gecə baş verməsi baxımından, bəzən qeydə alınmayan intihar hadisələri də olur. Hətta belə hallar da olub ki, insanlar San-Fransiskoya məhz özlərini öldürmək üçün gəliblər. Körpünün altındakı axın o qədər güclüdür ki, suyun buradan özünü atanları açıq dənizə aparmasını görmək həmişə mümkün olmur. Suyun hərarəti isə 8 dərəcəyədək düşə bilir.
2006-cı ilin məlumatına əsasən, körpüdən özünü atanlardan yalnız 26-ı sağ qalıb. Körpüdən tullanaraq intihar etməyə çalışan və bu zaman ciddi zədə almayan yalnız bir nəfər olmuşdu: 1985-ci ildə 16 yaşlı «restler» körpüdən özünü atmış və özü də sahilə qədər üzmüşdü. Deyilənə görə, onun ilk sözləri bu olmuşdu: «Mən lazım olanı edə bilmədim». Belə bir hal da olmuşdu ki, 1979-cu ildə körpüdən atılmaqla intihar etmək istəyən şəxs sağ qalaraq, sahilə üzmüş və özü də xəstəxanaya getmişdi. Suya dəyəndə, onun fəqərə sümüyü bir neçə yerdən çatlamışdı. Kaliforniya ştanının Pidmont şəhərindən olan bir qız isə körpüdən iki dəfə atılmışdı. 1988-ci ildə o, sudan çıxarılaraq xilas edildi, aldığı zədələrdən müalicə olunaraq həyata qaytarıldı. Lakin müalicədən sonra o, intihara ikinci dəfə cəhd etdi və buna müvəffəq oldu…
İntihar hallarının artmasının qarşısını almaqdan ötrü bir neçə təklif irəli sürülürdü. Bunlardan biri – gecə vaxtlarında piyada keçidini bağlamaq idi. Körpüyə yalnız velosipedçilər keçə bilərdi; belə ki, onların gedişi elektron-nəzarət qapısının köməyi ilə izlənilirdi.
Anti-suisid məsələsi
Anti-suisid təklifi ilə körpü üzərində hasar tikilməsi planlaşdırılırdı. Lakin bu, mümkün olmadı. Buna iki səbəb - həm maliyyə məsələsi, həm də ictimai müxalifət mane oldu. Hasar inşa edilməsinin təxmini dəyəri 15-20 milyon dollar həcmində idi.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Qızıl Qapı körpüsünə münasibət dəyişdi. Körpü ABŞ-ın gözəl simvollarından, gəzib-görməli yerlərindən birinə çevrildi. Milli Qvardiyanın müdaxiləsi ilə burada təhlükəsizlik tədbirləri həyata keçirilməyə başladı. 2004-cü ilin aprelində Kaliforniyanın qubernatoru A.Şvarsenegger iqtisadi baxımdan münasib sayılmayan mühafizənin götürülməsi göstərişini verdi. Milli Qvardiyanın körpüdə və onun ətrafında yerləşdirilmiş postları ləğv edildi. Hazırda körpüdə yerli polis və onunla əməkdaşlıq edən mühafizə strukturları keşik çəkir.
Körpü boyunca xüsusi telefonlar quraşdırılıb. Bu telefonlarla potensial intihar edənlər Mərkəzi Krizis Məsləhətxanası ilə bağlana bilərlər. Telefonların yanında belə bir yazı var: «There is hope. Make the call. The consequences of jumping from this bridge are fatal and tragic» («Ümid var. Zəng et. Bu körpüdən özünü atmanın nəticəsi məşum faciədir»).
Zeynəb Əliqızı

banner

Oxşar Xəbərlər