• şənbə, 20 Aprel, 00:30
  • Baku Bakı 15°C

Qızıl hələ ucuzlaşacaq...

12.11.14 11:26 1398
Qızıl hələ ucuzlaşacaq...
Dünya iqtisadiyyatında yaranan yeni böhran meyilləri qiymətli metalların da dəyərinə təsir etməyə başlayıb. Artıq dünya bazarında qızıl 1180 dollara düşüb. Proqnozlara görə, 2015-ci ilin əvvəllərində hətta 1100-1150 dollara düşmə ehtimalı da var. Bu hal banklarla bağlı da problemin meydana çıxmasına səbəb olub. Nəzərə alsaq ki, qiymətli metallardan Azərbaycan banklarında da geniş istifadə olunur, bu zaman əlvan metalın ucuzlaşmasının ölkənin maliyyə sektoruna təsirsiz ötüşməyəcəyini düşünmək olar.
Lakin ekspertlər bildirirlər ki, hələlik Azərbaycan bazarında qızılın ucuzlaşmasının təsirləri hiss edilmir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, son aylar dünya bazarında qızılın ucuzlaşması müşahidə olunur, o cümlədən qonşu Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində: “Qızılın qiyməti azalan tendensiya üzrə gedir. Buna rəğmən, Azərbaycan qızıl bazarında dəyişiklik müşahidə olunmur. Bu, bir tərəfdən Azərbaycanın nisbətən bahalı dövrdə qızıl idxal etməsi ilə bağlıdır və nəticədə belə vəziyyət ölkə daxilində qızılın qiymətinin yüksək qalmasına gətirib çıxarıb. Digər tərəfdən isə, bazardakı rəqabətliliyin aşağı olması belə vəziyyət yaradır. Dünya bazarında qızılın qiyməti düşəndə bazar buna tez reaksiya verir, bizdə isə yox. Çünki bazarda rəqabətin az olması qiymət azalmalarının baş verməsinə mane olur. Ona görə biz yalnız kəskin qiymət azalmaları baş verən zaman istehlak bazarında dəyişiklik hiss edə bilirik”.
Dünya bazarında qızılın qiymətinin dəyişməsi, onun valyuta bazarına təsiri və investorların bu dəyişiklikdən yararlanma imkanları ilə bağlı yaranmış suallara “İnvestAz” şirkətinin Risk və Aktivlərin İdarə edilməsi üzrə departament rəhbəri Rövşən Dadaşov da cavab verib. Mütəxəssis fins.az-a açıqlamasında bildirib ki, qızılın əsas xüsusiyyəti bir çox dövlətlərdə büdcənin əsas ehtiyat aləti kimi istifadə olunmasıdır: “Son illərdə qızıla tələbatın artması onun hasilatını kəskin şəkildə artırıb. Statistikaya əsasən, təkcə 2013-cü ildə dünyada qızıl ehtiyatları 160,4 min tona çatıb. Bunun 30 min tonu dövlət mərkəzi banklarının və maliyyə qurumlarının, 79 min tonu zərgərlik məmulatlarının, 25 min tonu investisiyaların, yerdə qalan 26,4 min ton isə əhalidə olan qızıl məmulatlarının payına düşür. 2008-ci ildən başlayaraq dünya iqtisadiyyatında yaranmış maliyyə böhranı qızılı investorlar üçün ehtiyat yatırım alətinə çevirib. 2011-ci ildə qızılın qiyməti 1 unsiya üçün 1920 dollara çatıb ki, bu da həmin il üçün ən yüksək hədd hesab olunur”.
2014-cü ilin əvvəlindən beynəlxalq birjalarda qızılın kəskin ucuzlaşdığını deyən ekspert bildirib ki, bu ucuzlaşmanın səbəbi bu il ərzində Amerikada inflyasiya tempinin aşağı düşməsi və Federal Rezerv sistemi tərəfindən gözlənilən faiz dərəcələrinin aşağı olmasıdır. Həmçinin Amerikada dolların dəyərinin bahalaşması isə investorlar arasında qızıla olan tələbatın azalmasına gətirib çıxarıb. R.Dadaşov qeyd edib ki, hazırda qızılın qiymətinin eniş tendensiyası davam edir və qiymət sonuncu minimum səviyyəni, yəni 1180 dolları da keçib: “Bunun səbəbi oktyabr ayının sonunda ABŞ-da FRS açıqlamaları və kütləvi dövlət istiqrazlarının alış proqramının dayandırılmasıdır. Bazarlara təsir edən fundamental faktorları (siyasi və iqtisadi göstəricilər) nəzərə alsaq, enişin davam etmə ehtimalının yüksək olduğunu qeyd etmək olar. Vəziyyəti qrafik olaraq analiz etdikdə, qızıl üçün önəmli dəstək səviyyəsinin 1 unsiya üçün 1105-1115 dollar hesab etmək olar. 2015-ci ilin əvvəlləri üçün qızılın dəyərinə olan proqnozlar 1100-1150 dollar səviyyəsindədir”.
Ekspertə görə, qızılın ucuzlaşması xarici valyutaların məzənnəsində də özünü göstərəcək: “Qızılın ucuzlaşması özünü valyuta birjalarında artıq göstərib. ABŞ dollarının bahalaşması, investorların tələbatlarının artması funt, avro, frank, yapon yenası kimi valyutaların dəyərinin itməsinə səbəb olub. Son 6 ay ərzində ABŞ-da müsbət makro iqtisadi xəbərlər dolların dəyərinin daha da bahalaşmasına təkan verib”. Mütəxəssisin sözlərinə görə, bazarda qızılın qiymət dəyişikliyi investorlar üçün aktiv bir dövr hesab olunur: “Ticarətini qızıl üzərində quran treyderlər və uzun müddətli investorlar bu qiymət dəyişikliyindən gəlir əldə edə bilərlər”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər