• cümə axşamı, 18 aprel, 12:13
  • Baku Bakı 22°C

Qızıl, brilyant, mirvari, bahalı saatlar... - Reportaj

28.04.17 11:30 6088
Qızıl, brilyant, mirvari, bahalı saatlar... - Reportaj
Mirvari, muncuq, bahalı daşlar, nadir incilərdən hazırlanan zinət əşyaları... Göz qamaşdıran, könül oxşayan, qiymətləri ilə də dodaq uçuqladan əşyalar... Qızılın bütün çalarları – ağ, sarı, çəhrayı, iri brilyantlar və rəngli daş-qaşlar, qeyri-adi dizayn və nadir naxışlar - bütün bunlar "Dünyanın zinət əşyaları”nın təqdimat mərasimində iştirakçılara təqdim olundu.
İştirakçıları özünə heyran qoyan bu nadir sənət inciləri, əl işləri "zərgərlik və incəsənət” mövzusuna həsr olunan "Jewels of the World” tədbirində sərgilənirdi. Beynəlxalq tədbirin dördüncü buraxılışı bu il Four Seasons hotelində baş tutdu. Biz də dünyanın qeyri-adi sərgisi ilə tanış olmaq üçün sözügedən ünvana yollandıq.

Hotel nömrələrini bəzəyən parıltı

İldən-ilə ən füsunkar zinət əşyaları və sənət əsərləri kolleksiyalarının təqdimatı yeni konseptual yanaşma ilə qonaqlar arasında böyük maraq doğurur. Dünyanın ən gözəl və zərif zərgərlik məmulatlarının yaradıcıları, qeyri-adi saat istehsalçıları sərgi iştirakçılarını qarşılamaq üçün səbirsizlənirdilər.
Bütün ölkələrdən zərgərlik məmulatları hotelin nömrələrində nümayiş olunur. Brendlərin hər biri xüsusi olaraq təchiz edilmiş və hazırlanmış lüks nömrələrdə qonaqları qəbul edir və hər brend haqqında ətraflı məlumatlar verilirdi.

Sərginin ən bahalı brendi

Bu il əsas diqqət yüksək keyfiyyətli qiymətli daşlar və Cənub dənizinin mirvarilərindən ibarət kolleksiyalar arasındakı ahəngi və onların zərif kombinasiyasını, habelə əl işi olan qol saatlarını təqdim etməyə verilir.
Sərginin ən bahalı brendləri xüsusi əl işləri olan qol saatları idi. De Laneau, Greubel Forsey saatlarının ən sadəsi 150 min dollara, daha çox funksiyalara malik olanı isə 1 milyon dollara təklif olunurdu.
Saata heyranlıqla baxan Murad deyir ki, ona bir könüldən min könülə vurulsa da, bu qiymətə onu yuxusunda belə ala bilməz: "Bu saata ancaq heyranlıqla baxa bilərəm. Alsam belə, onu üstümdə gəzdirmək böyük məsuliyyət tələb edər. Saatı bilmək üçün telefonuma baxıram, kifayət edir (gülür)”.

Dünyanın heç bir ölkəsində olmayan mirvarilər

Ən çox diqqət çəkən zinət əşyalarından biri də Hindistan mirvariləridir. Mirvarilər haqqında məlumat verən hind biznesmen deyir ki, burada sərgilənən mirvarilər dünyanın heç bir ölkəsində yoxdur. Hindistanda belə, nadir tapılan sənət əsərləridir: "Mirvarilərin qiymətləri 10 min dolardan 30 min dollara qədər dəyişir. Qiymətlər ölçüsünə, daşın ağırlığına və nadir tapıntı olduğuna görə fərqlənir”.
Jalə Hindistan mirvarilərinin vurğunudur. Sərgiyə də məhz mirvarilərə baxmaq üçün gəlib: "Dünya brendlərinin ölkəmizdə sərgilənməsi çox yaxşı haldır. Eşidəndə ki dünyanın zərgərlik inciləri ölkəmizdə nümayiş olunacaq, düşünmədən gəldim. Çünki biz qadınlar qızılın, zinət əşyalarının həvəskarıyıq. Amma bunları almaq büdcəmə uyğun gəlmir”.

565 min avroluq üzük

Sərginin ən diqqət çəkən zinət əşyaları isə Fransa stendinə məxsus idi. Gözalıcı parlaqlığı ilə iştirakçıları özünə cəlb edən zinət əşyaları öz fərqliliyi ilə digərlərindən seçilirdi. Xüsusi brilyant qaşlarla hazırlanan üzüklər böyütücü altında sərgilənirdi. Fransa stendinin qızıllarının qiymətləri 50 min dollardan başlayıb 150 min dollara qədər davam edir. Burada da qiymətlər daşlara və işləmələrinə görə fərqlənir. Bahalı daşdan hazırlanmış üzüyün qiyməti 565 min avrodur. Bu üzüklərin nadir daşları var. Qırmızı daş-qaşla hazırlanan kolye isə 160 min avrodur. Sapfirdən istifadə olunan üzüklər isə 22 min avroya təklif edilirdi.

Elitanın sevdiyi qeyri-adi kolleksiya

Amerika stendi də başına tamaşaçı toplayan stendlər arasındadır. Amerikanın Yvel şirkətinin işləri əsasən mirvari üzərində olur. Yvel şirkətinin məhsullarının qiymətləri 1-5 min dollar arasındadır. 5 min dollardan 30 min dollara qədər isə daha unikal zinət əşyaları nümayiş olunur.
"Dünyanın zinət əşyaları”nın prezidenti Valentina Vasilyeva deyir ki, incəsənət hər zaman "dünyanın ləl-cəvahiratları” konsepsiyasının ayrılmaz və mühüm tərkib hissəsi hesab olunub: "Sərgidə ağlı başdan çıxaracaq qədər heyrətamiz müasir incəsənət kolleksiyası təqdim edirik. Bizim üçün bu beynəlxalq sərginin Bakıda keçirilməsi təşkilatçı kimi uğurumuzun əsas göstəricilərindəndir. "Dünyanın zinət əşyaları”nın hərəkət konsepsiyası dünyanın seçilmiş yerlərində ən nüfuzlu müştəriləri hər zaman unikal imkanlarla təmin etməkdən ibarətdir. Başlıca məqsədimiz yüksək bədii dəyərə malik ən yaxşı zərgərlik, saatsazlıq və incəsənət nümunələrini bir araya gətirmək və qeyri-adi kolleksiyaları yerli elitaya təqdim edən ilk təşəbbüskar olmaqdır”.
Valentina Vasilyevanın sözlərinə görə, əsas diqqət yüksək keyfiyyətli qiymətli daş və Cənub dənizinin mirvarilərindən ibarət kolleksiyalar arasındakı ahəngi və onların zərif kombinasiyasını təqdim etməyə yönəlib: "Brendlərin hər biri qonaqları xüsusi olaraq təchiz edilmiş və hazırlanmış lüks nömrədə qəbul edir, bu isə öz növbəsində təkrarolunmazlıq hissini gücləndirir”.
Qeyd edək ki, iki gün davam edən sərgidə De Laneau, D’ Joya, Greubel Forsey, Lydia Courteille Creations, Magnificent Hong Kong, Tenzo, Urwerk, Yvel brendlərinin qeyri-adi kolleksiyaları Azərbaycan auditoriyasına nümayiş olunur.
Aygün ƏZİZ








banner

Oxşar Xəbərlər