• çərşənbə axşamı, 19 mart, 09:08
  • Baku Bakı 8°C

Qızıl bazarında əl yandıran qiymətlər

18.04.18 10:30 2150
Qızıl bazarında əl yandıran qiymətlər
Çox az xanım tapmaq olar ki, qızıla maraq göstərməsin. Əgər kişilərin ürəyinə gedən yol mədədən keçirsə, əminliklə deyə bilərik ki, qadınların ürəyinə gedən yol bər-bəzəkdən, daş-qaşdan keçir. Bəziləri qızıl alarkən öz zövqünü oxşayır, digəri isə yatırım etməklə "qara günləri” düşünür. Çünki qızıl, istənilən vaxt satıb pula çevirə biləcəyimiz ən dəyərli əşyalardan biridir. Ailə qurmağa hazırlaşan cütlüklərin də ən böyük mübahisəsi, söz-söhbəti məhz bu məsələdə düyünlənir. Bəzən iş hətta o yerə çatır ki, məsələ ailə münasibətlərinə də təsir edə bilir. Çünki bəzən kiminsə bahalı qızıl almağa imkanı çatmır və beləcə, araya söz-söhbət düşür. Elə bu günlərdə də qızılın qiymətinin qalxdığına dair söz-söhbət gəzir. Biz də hazırda qızıl bazarında qiymətlərin nə yerdə olduğunu öyrənmək üçün yolumuzu Mərkəzi Univermaqdan saldıq. İlkin ab-hava vəziyyətin əvvəlki durumda olmadığı təsirini bağışladı. Satıcıların əksəriyyəti bir fincan çayı qarşısına qoyub mobil telefonla qurdalanır. Bu durum qızıl bazarındakı durğunluqdan da işarə ola bilərdi. Müştəri qıtlığı diqqət çəkirdi. Tək-tük mağazalara müştərilər yaxınlaşır və qiymətlərlə maraqlandıqdan sonra başını bulayaraq uzaqlaşırdı. Onlardan biri də Reyhan xanımdır. Deyir ki, qiymətlər əl yandırır: "Oğluma toy etməyə hazırlaşıram. Gəldim ki, qiymətlərlə maraqlanım. Adi bir nişan üzüyünə əl uzatdıq, qiyməti min manatdan bahadır. Hələ bunun boyunbağı dəsti var. Bilmirəm nə edəcəyəm”.
Gülşən isə nişanlısı ilə gəlib. Deyir ki, büdcəsinə uyğun bir neçə üzüyü artıq gözaltı edib: "Bir neçəsini bəyənmişəm. Amma hələlik seçim etməmişəm. Qiymətlər baha olsa da, axtarıb münasib qiymətə tapmaq olur”.
Alıcı olaraq bir neçə vitrinə yaxınlaşıb qiymətlərlə maraqlandıq. Əksər mağazalarda brilyant qaşlı nişan üzüklərinin qiyməti minimum 1000 manatdan başlayır. Düzdür, müəyyən mağazalarda bir qədər aşağı qiymətlərə rast gəlsək də, ümumilikdə üzüklərin qiymətləri 1000 manatdan başlayır və 8 minə qədər yüksəlir. Satıcıların sözlərinə görə, qızılların əksəriyyəti İtaliyadan və Türkiyədən gətirilir. Məsələn, satıcı Nigar xanım deyir ki, son günlərdə qiymətlərdə artım müşahidə olunur. Bir çox mağazalarda isə ümumiyyətlə, bütün məhsullar brilyant qaşlıdır. Təkcə qızıl olanların sayı çox azdır. Sadə qaşlı üzüklərin qiyməti isə 200 manatdan başlayır. Satıcı Zəminə xanımın sözlərinə görə, hər modelin dizaynından və işlənməsindən asılı olaraq, qiymətlər də müxtəlif ola bilər. Satıcının sözlərinə görə, gömrük haqları qaldırıldığından son günlər qızılın qiyməti xeyli artıb. Dünya bazarında qızılın dəyərinin artması da qiymətlərə təsirsiz ötüşmür.
Digər bir vitrinə yaxınlaşdıqda isə ilk eşitdiyimiz sual «brilyant, yoxsa sadə» sualı olur. Əvvəlcə büdcəmizi soruşurlar, ona uyğun məhsulları qarşımıza düzürlər. Satıcı xanım deyir ki, əgər büdcəniz 1000 manatdan yuxarı deyilsə, brilyant qaşlı məmulatlara yaxınlaşmağa dəyməz. Sadə üzüklərin qiyməti isə 300-400 manatdan başlayır: "Qızıl almaq istəyərkən əlində olan məbləğə uyğun məhsullara baxmaq lazımdır. Məsələn, əgər müştərinin büdcəsində 2000 manat varsa, biz ona uyğun məhsul təqdim edirik”.
Səbinə xanım isə deyir ki, onların məhsulları İtaliyadan gətirilir: "İlk növbədə nişan üzüklərinin qiymətini soruşduq: "Burada bütün məhsullar brilyant qaşlıdır. Üzüklərin qiymətinə gəlincə, deyə bilərəm ki, ən sadələri 800 manatdan başlayır və 5000 manatadək yüksəlir. Boyunbağı, qolbaq və sırğadan ibarət dəstlər isə 3200 manatdan başlayır. Hətta 50 min manata təklif olunanı da var. Sadə, tək brilyant qaşlı üzüklərin qiyməti əksərən 1300-1500 arası dəyişir”.
Nisbətən ucuz məhsulların qiyməti ilə də maraqlandıq. Səbinə xanım deyir ki, əgər ucuz mal axtarırsınızsa, qiyməti 800 manata qədər olan məhsulları tövsiyə etmək olar. Satıcının sözlərinə görə, modellər çox tez-tez dəyişir: "Hər modelin də qızılına və dizaynına görə müxtəlif qiyməti olur. Dolların qiyməti qalxdıqca, qızılın da qiymətində artım olur. Yeni gələn modellər nisbətən bahadır. Demək olar ki, eyni məhsulda 100-200 manat bahalanma var. 2-3 gün olar ki, qiymətlər artıb. Bu, təkcə bizdə yaşanmır, bütün dünyada qızılın qiyməti qalxıb”.
Satıcı deyir ki, bəzən hətta, 30-40 min qiyməti olan məhsullar da satılır: "Hər kəs öz büdcəsinə uyğun mal axtarır. Adətən, alıcıların simasından bilmək olur ki, o, hansı qiymətə qızılı almaq istəyir. Amma önəmli olan, məhsulun qiyməti deyil. Məsələn, elə məhsul var ki, qiyməti 20-30 min manat olsa da, zövqü oxşamır. Ondan daha ucuz qiymətə daha zərif və daha gözəl məhsullar almaq olar. Qızıl elə bir şeydir ki, gərək paltar kimi özünə yaraşanı seçə biləsən. Bütün məhsullar hər insana eyni cür yaraşmır. Ona görə də seçim edərkən diqqətli olmalısınız. Önəmli olan qiymət yox, keyfiyyət və insana yaraşmasıdır. Əgər taxdığın bəzəklər zövqünü oxşamırsa, demək, ona o qədər pul verməyinə dəyməz. Adətən, öz alıcılarıma da sadə, amma eleqant məhsulları məsləhət görürəm. Bəzən elə olur ki, sırf "qiyməti bahadır deyə bunu istəyirəm” deyənlər də olur. Başa salmağa çalışıram ki, bu model sənə yaraşmır. Ondansa digərlərinə nəzər yetir. Mağazamızda real alıcılara müəyyən endirimlər də olur. Endirim isə ümumi qiymətdən asılıdır. Böyük məbləğdə alış-veriş etdikdə, nisbətən çox endirimlər edirik. Çünki etdiyimiz endirimlər bizə daha çox müştəri qazandırır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər