• cümə, 19 Aprel, 23:32
  • Baku Bakı 24°C

Qızdırma qəfil qalxır, apteklər də dimedrolu reseptsiz satmır

21.11.18 09:30 2159
Qızdırma qəfil qalxır, apteklər də dimedrolu reseptsiz satmır
"Bacım həmişə qripi ağır keçirdir. İstiliyi qalxır və halsızlaşır. Bundan əvvəl də bir neçə dəfə belə olmuşdu. Halı pisləşən kimi təcili yardım çağırırıq, onlar da "smes” vurub gedirlər. Bu yaxınlarda yenə eyni hal baş verdi. Bacımın temperaturu qalxmışdı, təcili yardıma zəng vurmadıq. Tanış həkimlə məsləhətləşib, "smes” üçün lazım olan dərmanları alıb özümüz vurmaq istədik. Amma aptekdən bildirdilər ki, həmin dərmanlar reseptsiz satmırlar. Neçə aptekə getdiksə, bizə o dərmanları vermədilər. Məcbur qalıb, təcili yardım çağırdıq”.

Bu sözləri bizimlə söhbətində Aynur xanım dedi. O, bəzi dərmanların reseptsiz satılmamağından şikayət edir. Qeyd edir ki, hər dəfə həkimə gedib resept yazdırmaq və ya evə təcili yardım çağırmaq maddi baxımdan mümkün deyil. Aynur xanım onu da əlavə etdi ki, dərmanı onsuz da həkim məsləhəti ilə alırdıq, amma apteklər onları reseptsiz verməyəcəklərini dedilər.

Həmsöhbətimin şikayətini nəzərə alaraq, mütəxəssisə müraciət edib, bu məsələnin nə dərəcədə doğru olduğunu, apteklər, lazım olan dərmanı reseptsiz vermədikləri halda, çıxış yolunun nə olduğunu öyrənməyə çalışdıq.
Tibb üzrə ekspert Adil Qeybullaqeyd etdi ki, bəzi dərmanların reseptsiz satılmamağı çox düzgün addımdır: "Əslində, hər hansısa bir dərmanın həkim məsləhəti olmadan aptekdən alınması qəti şəkildə düzgün deyil. Bəzi ağrıkəsici dərmanlar var ki, onlar reseptsiz satılır. Amma digər dərmanlar, xüsusilə də psixatrop dərmanların reseptsiz verilməsi qadağandır. Əgər hansısa aptek həmin dərmanları reseptsiz verərsə, bu zaman mütləq cərimə olunmalıdır. Bu, dünya praktikasında da belədir. Bir çox Avropa ölkələrində də bu qayda tətbiq edilir. Hətta, onlar heç bir dərmanı reseptsiz vermirlər. Ölkəmizdə fəaliyyət göstərən bütün apteklərə xüsusi olaraq tapşırılıb ki, dərmanları reseptsiz satmasınlar. Reseptsiz alınan dərmanları isə təkcə apteklərdən yox, marketlərdən də əldə edə bilərsiniz. Qeyd edim ki, "smes”in tərkibində dimedrol olduğu üçün onu ümumiyyətlə, reseptsiz satmaq olmaz. Çünki dimedrol psixatrop dərmanlar siyahısına aiddir”.

Ekspert bu halda başqa dərman vasitələrindən, yəni reseptsiz satılanlardan istifadə etməyi məsləhət görür: "Əlbəttə, başa düşürəm, insanların hər dəfə xəstəxanaya getməsi onlar üçün maddi baxımdan çətinlik yaradır. Amma dövlət xəstəxanasına gedib, həkimə heç bir ödəniş etmədən resept yazdıra bilərlər. Digər tərəfdən, vacib deyil ki, temperaturu qalxan adam mütləq "smes” vurdursun. Bunun üçün apteklərdə reseptsiz satılan dərman vasitələri var. Məsələn, onlardan ən məsləhətlisi paracetamoldur. Həm reseptsiz satılır, həm də heç bir əks təsir qorxusu yoxdur. Rahatlıqla alıb qəbul edə bilərsiniz. Amma əgər vəziyyət daha ağırdırsa, bu zaman mütləq şəkildə həkimə müraciət olunmalıdır. Özbaşına hansısa xəstəyə "smes” vurmaq olmaz”.

Elektron reseptlərdən danışan müsahibimiz bildirdi ki, onlar ölkədəki dərman dövriyyəsini ölçmək üçündür: "Hələ ki, elektron resept sisteminə tam keçilməyib. Elektron reseptlərin tətbiqindəki əsas məqsəd, dərmanların ölkə üzrə dövriyyəsinə nəzarət etməkdir. Yazılan bütün reseptlər elektron bazaya köçürülür və dərmanların siyahısı tutulur və istifadəlilik səviyyəsi ölçülür”.
Günel Azadə

banner

Oxşar Xəbərlər