“Qız yükü”ndən daha tez azad olmaq “arzu”su...
"Qızı yükü, duz yükü”, "Tez evlənənlə, tez yatan uduzmaz” deyimlərini
əldə bayraq edən insanlar, erkən yaşda övladlarını ailə qurmağa vadar edir və
bununla da öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər. "Yük”lərindən
azad olub həyatdakı missiyalarını yerinə yetirmiş kimi fəxrlə toy-büsat məclisləri
qururlar. Lakin erkən nikahlar sonradan bir sıra böyük fəsadlara yol açır. Bu fəsadlar
isə məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və
fiziki-psixoloji çətinliklərlə daha çox müşahidə olunur. Belə hallara, normal
yaşda evlənənlərlə müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.
Belə "toy-büsatlar”a erkən evlilik hallarına əvvəllər Azərbaycanın Cənub bölgəsində
daha çox rast gəlinirdisə, hazırda belə faktlar Mərkəzi Aran rayonlarında daha çox qeydə
alınır.
40 nəfər məsuliyyətə
cəlb edilib
Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi
Rahil SüleymanzadəTrend-ə bildirib ki, cənub bölgəsində erkən nikahla bağlı əhalinin maarifləndirilməsi
üçün daha çox iş aparılması belə halların azalmasına gətirib çıxarıb. Hazırda
belə tədbirlərin Mərkəzi Aran rayonlarında da aparıldığını xatırladan
R.Süleymanzadə deyib ki, 2016-cı ildə erkən nikahla bağlı 440 fakt qeydə
alınıb: "Bu, yalnız aşkara çıxarılan faktlardır. Təbii ki, məsuliyyətdən
yayınanlar da ola bilər. Əvvəllər belə faktların sayı daha çox idi. Lakin
qanunvericiliyə dəyişiklik edildikdən sonra erkən nikah halları minimuma enib.
Bunun da qarşısını almaq üçün daim maarifləndirmə işləri aparılır”.
R.Süleymanzadə qeyd edib ki, 2016-cı ildə qızları erkən
nikaha daxil olmağa məcbur etdiyinə görə, 40 nəfər məsuliyyətə cəlb edilib.
Hazırda Azərbaycanda nikah yaşının 18 olduğunu söyləyən
R.Süleymanzadə, əlavə edib ki, 2011-ci ildə Cinayət Məcəlləsinə erkən yaşda
nikaha daxil olmağa məcbur etməyə görə, əlavə maddə daxil edilmişdi. CM-nin
176.1-ci maddəsinə görə, qadını iradəsinə zidd olaraq, nikaha daxil olmağa məcbur
edən şəxs 2000 manatdan 3000 manatadək cərimələnir və ya 2 ilədək azadlıqdan məhrumetmə
ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə,
3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə
cəzası tətbiq edilir: "Göründüyü kimi, erkən nikahla bağlı kifayət qədər ağır cəzalar
nəzərdə tutulub. Amma bəzən olur ki, bu məsələ ilə bağlı məlumatlar
hüquq-mühafizə orqanlarına da gəlib çatmır. Şəxslər öz aralarında qeyri-rəsmi
nikaha daxil olurlar və hüquq-mühafizə orqanları, eləcə də icra hakimiyyəti
orqanları, qəyyumluq və himayəçilik komissiyaları və digər mərkəzi icra
hakimiyyəti orqanları bundan məlumatsız olurlar. Bu səbəblərə görə də, bəzən hər
hansı tədbirlərin görülməsi mümkün olmur”.
"Bütün bölgələrdə erkən
nikahlara rast gəlmək mümkündür”
Təmiz Dünya”
Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, dini fanatizmin
artdığı bölgələrdə erkən nikahlar da özünü göstərir: "Erkən nikahların
yayıldığı bölgələrə fikir versək, görərik ki, dini fanatizmin inkişaf etdiyi
yerlərdə bu, daha çox özünü göstərir. Əgər İran İslam Respublikası ilə sərhəd rayonlarda
bu cür "ənənələr”in axdığını görürdüksə, indi bu hal aran rayonlarında özünü büruzə
verir. Ola bilər ki, biz diqqətimizi Cənuba daha çox verdik, digər rayonlar
diqqətimizdən yayındı. Amma belə nikahlara bütün bölgələrdə rast gəlmək
mümkündür. Məsələn, Gəncədə, Bakı ətrafı kəndlərdə də belə faktlar özünü göstərir”.
Həmsöhbətimizin sözlərinə görə, qızların erkən evlilik
istəyinin əsas səbəbi ailədə uşaq yaşlarından aldıqları tərbiyədir: "Belə ailələrdə
qız uşağının təhsilinə yox, o, gözünü
açandan ərə getməsi ilə bağlı müzakirələrə daha çox diqqət yetirilir. Qız
gözünü açır və özünü dərk edəndən təhsil almaq yox, ailə qurmaq istəyində olur.
Qızlarda erkən yaşlarda bu həvəsi də valideynlər yaradır”.
"Erkən nikahlar uşaq
hüquqlarının pozulmasıdır”
Sosioloq Cavid
İmamoğlu deyir ki, erkən
nikahlara uşaq hüquqlarının pozulması kimi yanaşılmalıdır: "Erkən və ya uşaq
yaşında nikahlar ən azı birinin yaşı 18 yaşdan az olan iki nəfərin rəsmi və ya
qeyri-rəsmi evliliyidir. Erkən nikah
qurmuş şəxslər nikaha şüurlu şəkildə razılıq vermək iqtidarında
olmadıqlarından, erkən nikahlara insan hüquqlarının və uşaq hüquqlarının
pozulması kimi yanaşılmalıdır. Erkən nikah göstəriciləri Azərbaycanın müəyyən
bölgələrində yüksəkdir və qadınların nikahına və analığına verilən önəm kimi adət-ənənələr,
eləcə də yoxsulluq kimi sosial-iqtisadi amillərin kombinasiyasının nəticəsidir.
Erkən evlilik qızlar və oğlanlara müxtəlif yollarla təsir edən gender halıdır.
Ümumiyyətlə, dünyada erkən nikahlara daxil olan oğlanların sayı, qızlara nisbətən
xeyli aşağıdır. Erkən nikaha daxil olan qız uşaqları həm də qeyri-bərabər
münasibətlər zəminində məişət və cinsi zorakılıqlara məruz qalır, hamilə
olduqda isə onların orqanları doğuş üçün hazır olmadığından, hamiləlik və doğuş
zamanı tez-tez ağırlaşmalarla üzləşirlər. Nikaha daxil olarkən, həm oğlanlar, həm
də qızlar işləmək və yaxud ev işləri ilə məşğul olmaq üçün məktəbdən çıxmalı
olurlar. Ailə Məcəlləsinin 11-ci maddəsinə əsasən, qeydiyyata alınacaq nikah
üçün hər iki şəxsin yazılı razılığı tələb olunur və onların nikah üçün minimum
hüquqi yaşa çatmış olduqlarını sübut edən sənəd təqdim edilməlidir. Ailə Məcəlləsinin
12-ci maddəsinə əsasən, digər səbəblər də nəzərə alınmaqla, potensial həyat
yoldaşları qan qohumları olduqda və onlardan biri və ya hər ikisi artıq evli
olduqda, nikah qeydə alına bilməz”.
"Qızların bakirəlik,
ismət və ailə "şərəfinə” də ciddi əhəmiyyət verilir”
Sosioloq
deyir ki, Azərbaycan cəmiyyətində erkən nikahların artmasına səbəb olan müxtəlif
amillər qarşılıqlı əlaqəlidir və üst-üstə düşür: "Bu amilləri iki qrupa bölmək
olar: mədəni-psixoloji və sosial-iqtisadi. Birinci qrupa evlənməyin qadının
taleyi olduğunu və nikah və uşaq doğmağın qadının həyatda əldə etməyə can
atmalı olduğu əsas uğur olmasına dair fikirlər də daxil olmaqla, ailə institutuna və gender münasibətlərinə ənənəvi
yanaşma daxildir. Qızların bakirəlik, ismət və ailə "şərəfinə” də ciddi əhəmiyyət
verilir. Azərbaycanda əksər ailələr güclü patriarxal əhəmiyyət kəsb edir və bu
da bir amildir. Bundan əlavə, bir çox insanlar yanlış olaraq İslam dininin erkən
nikahlara göz yumduğunu düşünür. Erkən nikah məktəb yaşlı uşaqları şəxsi
inkişafları üçün lazım olan təhsildən, yetkinlik üçün hazırlaşmaqdan və ailələrinin
və cəmiyyətin gələcək rifahına səmərəli töhfə vermək hüququndan məhrum edir”.
Qeyd edək ki, Azərbaycanda 15-17 yaşlı analar tərəfindən
doğulan uşaqların sayı 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə isə
4392 olub. 2012-ci ildə bu rəqəm 3236-ya, 2013-cü ildə isə 2855-ə enib, amma
2014-cü ildə bu rəqəm yenidən artaraq 3296 olub. 2015-də isə 2895 belə hal qeydə
alınıb. Rəqəmlə ifadədə ola bilsin ki, hansısa illərdə müəyyən azalma olub.
Amma istənilən halda, azyaşlı qızların ildə orta hesabla 3000 uşaq dünyaya gətirməsi
çox ciddi problemdir.
Aygün ƏZİZ