Qız uşaqlarını qorumağın “stimullaşdırma yolu”
Azərbaycanda
qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını
stimullaşdırmaq təklif edilir. Trend-in məlumatına görə, bu təklif BMT-nin
Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti
cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə
sənədində qeyd edilib. Sənəd layihəsində yalnız qız övladı olan ailələr üçün
onlara dəstək verəcək proqramların yaradılması və icra edilməsi təklif edilir.
Eyni zamanda, qeyd edilir ki, həmin dəstək ya qızların özünə (məsələn, təhsil
təqaüdləri, yaxud tibbi imtiyazlar kimi), yaxud valideynlərinə (pensiya dəstəyi
kimi) verilməlidir. Layihəyə görə, bu tədbirlərin 2019-2022-ci illərdə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Ombudsman tərəfindən həyata
keçirilməsi nəzərdə tutulur.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət
Qəhrəmanova qız uşaqlarının doğulması üçün ailələrə xüsusi stimullaşdırıcı
yardımların verilməsini düzgün saymır. Sədr müavini bunun üçün insanların
şüurlarının dəyişməsini vacib hesab edir: "Əgər bu gün "Ailəyə dəstək daha
çox qız, yoxsa oğlan tərəfindən gəlir?" deyə bir təhlil aparılsa, inanıram
ki, üstünlük qız övladlarına veriləcək. Bu gün qızlar ata-anasına daha çox
dəstək verirlər, nəinki oğlanlar. Qız uşaqlarını saxlamaq üçün ailəyə pul,
yaxud başqa yardım edilsə, daha çox qız uşaqlarının doğulmasına meyil
yaranacaq”.
S.Qəhrəmanovanın
fikrincə, belə yardımların edilməsindənsə, ailələr üçün dəstək proqramlarının
genişləndirilməsi daha faydalı olar: "Azərbaycanda ailələrə, özünüməşğulluğun
təmin edilməsi üçün vəsait verilir. Bu vəsait ailəyə öz biznesinə başlamağa
yadım edir. Bunu inkişaf etdirmək lazımdır. Biz komitə olaraq, belə məsələlərlə
də rastlaşırıq ki, hansısa bir kənddən qız uşağı ali məktəbə qəbul olunur,
ailənin isə ona maddi dəstək verməyə imkanı çatmır. Məsələn, Qaxın kəndlərindən
birində yüksək balla ali məktəbə qəbul olunan qızın təhsil almaq imkanı yox
idi. Komitənin müraciətindən sonra onun qəbul olunduğu universitet qıza dəstək
verdi və o, təhsilini davam etdirə bildi. Qız uşaqlarının inkişafı üçün müvafiq
orqanlar tərəfindən onlara belə dəstəklər göstərilməlidir”.
"Təmiz Dünya
Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeydetdi ki, təklif müxtəlif formalarda həyata
keçirilə bilər: "Belə bir təklifin irəli sürülməsi müsbət hal
kimi qiymətləndirilməlidir. Amma hələlik bu təklifin hansı formada olacağına
dair məlumat yoxdur. İstənilən halda, stimullaşdırıcı tədbirlər ölkədə
disbalansın bərpasına gətirib çıxara bilər. Əslində, bu təklif müxtəlif
formalarda həyata keçirilə bilər. Qızların cəmiyyətdə irəli çəkilməsi, bacarıq
və qabiliyyətinə görə seçilənlərin uğur hekayələrinin paylaşılması, xaricdə
yaşayan uğurlu qızlarımızın həyat hekayələri stimullaşdırıcı tədbirlərin bir
hissəsi ola bilər. Amma məsələ burasındadır ki, gərək bu proqram
hazırlananda mexanizm elə qurulsun ki,
gender balansı pozulmasın. Ona görə də, vacib məqamlara diqqət yetirmək
lazımdır. Hansısa ayrı-seçkilik məqamları diqqətdən yayınmamalıdır. Əsas məsələ
cəmiyyətdə olan stereotiplərin aradan qaldırılmasıdır. Köhnə adətlər,
mövhumatçılıq, qızların təhsildən yayınması kimi məqamlara xüsusilə diqqət
yetirilməlidir”.
Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadəbildirdi ki, təkcə təqaüd
verməklə problemlərin öz həllini tapacağını gözləmək düzgün deyil: "Məncə, hər
şeydən əvvəl, cəmiyyətdə deqradasiyaya uğrayan ailə
dəyərləri üzərində işlənilməlidir. Hesab edirəm ki, cəmiyyətdə qızlara və
oğlanlara fərqli münasibət olmamalıdır. Bu mənada, cəmiyyətimizdə ailə
dəyərlərinin formalaşdırılmasına əhəmiyyət vermək lazımdır. Əgər bu problem öz
kökündən həll olunarsa, belə xırda məsələlərə ehtiyac qalmayacaq. Hər şey
maariflənmə və təbliğatdan asılıdır. Ailə modelinin təməlini düzgün formada
qurmaq lazımdır ki, sonradan belə məsələlər problemə çevrilməsin. Kiməsə
müəyyən məbləğdə pul verməklə hansısa problemi həll etmək olmaz. Hər bir
təklifin reallaşdırılması ona olan yanaşmadan asılıdır. Əsas məsələ cəmiyyətin
buna necə yanaşmasıdır. Hesab edirəm ki, bu gün Azərbaycanda artıq ailə
institutu sarsılıb. Ona görə də, biz bu problemin üzərində çalışmalıyıq. Yalnız
bu halda qızlar arzu olunan övlad hesab olunacaq. Qızların təhsildən
kənarlaşdırılma halları, erkən nikahlar bu gün cəmiyyətdə ciddi problem kimi
qalmaqdadır. Təqaüd verməklə bu problemlər öz həllini tapmır. Əgər ailədə
problem varsa, o təqaüd o qıza lazım olmayacaq. Bu mənada hesab edirəm ki,
məsələyə ciddi yanaşmaq lazımdır”.
Sosioloq Lalə Mehralısöylədi ki, stimullaşdırıcı təklifin həyata keçirilməsi problemlərə yol aça
bilər: "İlk baxışda, belə bir təklif hər bir insana müsbət təsir bağışlayır.
Ola bilsin ki, bu təklif selektiv abortların qarşısının alınması istiqamətində
ciddi tədbir olsun. Amma cəmiyyətdə bu məsələyə birmənalı yanaşma olmaya bilər.
Qız uşaqlarına hansısa formada və məbləğdə təqaüdlərin və yardımların edilməsi oğlan
uşaqlarının abortunu artıra bilər. Düzdür, biz xalq olaraq oğlan uşaqlarına
daha çox meylliyik. Nadir hallarda oğlan uşaqları abort etdirilir. Qız
uşaqlarının abortu isə dəhşətli səviyyəyə gəlib çıxıb. Belə məqamda
stimullaşdırıcı tədbirlərin nə dərəcədə effektiv olacağını demək bir qədər
çətindir. Əslində bu təklifin işlənmə mexanizmi burada xüsusi əhəmiyyət kəsb
edir. Qız uşaqlarının təhsil alması və gələcəyi üçün təqaüdlər və yardımlar
ayrılarsa, bu, layihənin müsbət tərəfi olar. Amma qız uşaqlarının sayının çoxalması
naminə edilən təkliflər bir qədər şübhə yaradır. Belə olan təqdirdə, digər məsələlər də ciddi
şəkildə araşdırılmalıdır. Bu mənada, təklif bir tərəfdən yaxşı olsa da, digər
tərəfdən müəyyən problemlərə yol aça bilər. Ona görə də, təklif işlənərkən onun
mexanizmi üzərində dəqiqliklə düşünmək lazımdır. Qız uşaqlarını asanlıqla öldürən
bir cəmiyyət, onlara verilən təqaüdə görə, oğlan uşaqlarını da rahatlıqla
öldürə bilər. Ümid edirəm ki, təklif reallaşarkən neqativ halların qarşısı
alınacaq”.
Şəbnəm Mehdizadə