• cümə axşamı, 18 aprel, 14:08
  • Baku Bakı 22°C

Qız qalası qızıla dönüb - Reportaj Fotolar

07.03.14 10:34 8921
Qız qalası qızıla dönüb - Reportaj Fotolar
Öz sehri, qədimiliyi ilə hər kəsi cəlb edən Qız qalasını uşaq vaxtlarımda “Sehrli xalat” filmindəki qalaya bənzədirdim. Dənizkənarı Milli Parkdan keçərkən bu qalaya baxar, öz-özümə onunla bağlı olan əfsanələrin doğru oub-olmamasını sual edərdim. Bu abidə haqqında müxtəlif versiyalar irəli sürülsə, rəvayətlər danışılsa da, onun nə zaman və hansı məqsədlərlə tikilməsi tam dəqiq məlum deyil. Bəzi alimlərin qənaətinə görə, qala hərbi təyinatlı olub və Azərbaycanın şimal sərhədlərindən – Dərbənd qalasından başlanan müdafiə–istehkam tikililəri kompleksinin (Gilgilçay müdafiə istehkamı, Çıraqqala və s.) bir hissəsidir. Lakin alimlər hələ də Qız qalasının əsl sirrini aça bilməyiblər.
Məsud ibn Davudun qalası...

Ötən il restavrasiya – təmir-bərpa işləri ilə əlaqədar qalaya giriş qadağan edilmişdi. Bu prosesdən sonra elə-hey bu qalaya gəlmək, daxilində baş vermiş yenilikləri izləmək istəyirdim. Nəhayət, istəyimi gerçəkləşdirdim.
Qalaya daxil olanda gözlərimə inanmadım. Bu mənim uşaqlıdan bəri gördüyüm həmin qala idimi, yoxsa nağıllar aləminə düşmüşdüm? Qalanın içərisində tarixilik qorunmaqla, yeni monitorlar, qədim dövrə aid əşyalar və işıq effektlərinə insan heyran olmaya bilmir. Təmirdən əvvəl mərtəbələr qaranlıq olsa da, indi işıqlıdır, həm də maraqlı materiallarla zəngin muzeyə bənzəyir. Hər mərtəbədə nəzarətçi qızlar və oğlanlar dayanıb, gələnlərə Qız qalasının tarixi barədə məlumat verirlər. Eyni zamanda, qala ilə bağlı fərziyyələri, rəvayətləri diqqətə çatdırırlar. Qalanın divarlarına yerləşdirilən şüşə lövhələrdə də buranın tarixi barədə zəngin məlumat tapmaq mümkündür.
Qalada illər boyu çox sadə bərpa işləri aparılıb və indi qala qədim və yeni tikinti işlərinin qarışığından ibarətdir. Səkkiz mərtəbənin hər biri dairəvi dəlikli günbəz ilə tamamlanır. Mərtəbələr bir-birinə divarların içində tikilən daş pilləkənlərlə birləşir. Gün işığı qalaya içərisi daha geniş olan dar pəncərəyə bənzər mağzallardan düşür...
Qalanın cənub-qərb hissəsində kufi (ərəb) əlifbası ilə bunlar yazılıb: “Məsud ibn Davudun qalası”. Daşların növünə və vəziyyətinə görə alimlər belə güman edirlər ki, bu kitabələr Qız qalasının divarlarına təxminən XII əsrdə bərpa işləri zamanı əlavə edilib. 1960-cı ildə qalada sonuncu dəfə bərpa işi aparılıb. Qalanın qeyri-adi forması və orijinallığı bu gün də Azərbaycan alimlərinin böyük marağına səbəb olur.
Qız qalasının qatlarında nələr var?

Birinci mərtəbədə qalın divarların içərisində oyuqlar var, bunlar daxili diametri 30 sm olan dulusçuluq borularıdır. Burada bir neçə əsr əvvələ aid nimçənin qalıqları, dolçanın hissələri, taxta qaşıq, həmçinin digər məişət əşyaları divara yerləşdirilən dolaba qoyulub. Üstündə də hər birinə aid məlumatlar yer alıb.
İkinci mərtəbədə 3 monitor yerləşdirilib. Monitorlarda qala haqqında maraqlı məlumatlar verilir. Divarda əks olunan video görüntülərdə isə bir neçə fərziyyə nümayiş olunur. Həmin monitorların da hərəsi bir istiqamətdən bəhs edir. 1-ci monitorda rəsədxana, 2-cidə qalanın müdafiəsi, 3-cüdə isə ibadətgah kimi təsvir olunur.
Üçüncü mərtəbədə 3 maket qoyulub. Orada diametri 13.5 sm olan quyu var. Burada dərin su quyusu da mövcuddur. 3-cü mərtəbədən 21 metr, 1-ci mərtəbədən isə həmin quyunun dərinliyi 13 metrə çatır. Ziyarətçilər quyunun üzərinə bərkidilmiş möhkəm şüşənin üzərinə çıxıb rahatlıqla adrenalin ala bilərlər.
Dördüncü mərtəbədə İçəri şəhərin böyük maketi quraşdırılıb. Möhtəşəmliyi ilə göz oxşayan maket girintili-çıxıntılı formadadır. Maketdə işıqlanan obyektlər haqqında məlumat verilir və video görüntülər əks olunur. Monitorda isə köhnə Bakının həyatı nümayiş olunur.
Beşinci mərtəbədə isə elektron kitablarla tanış olmaq mümkündür. Həmin kitablar müxtəlif mövzulara həsr olunub. Bunlara şəkillərlə təsvir olunan “Qız qalası incəsənətdə”, “Qız qalası Beynəlxalq incəsənət festivalı” və “Qız qalası əfsanələri” kitablarını göstərmək olar.
Altıncı mərtəbə qalanın müdafiə xarakteri kimi təsvir olunur. Orada Bakının tarixi ni təsvir edən 8 guşəli maket hazırlanıb. Maketdə monitorlar yerləşdirilib. Orada Bayıl qəsri, qədim döyüş alətləri, “Babək” filmindən qısa fraqmentlər əks olunur. Mərtəbələrdə qədim dövrlərdə istifadə olunan döyüş ləvazimatları, müxtəlif sursatlar da sərgilənir. Dəmirdən, tuncdan, poladdan hazırlanan silahların istehsal tarixi və digər məlumatlar yanındakı lövhədə əksini tapıb.
Gün ərzində 250-dən çox ziyarətçi olur

7-ci mərtəbə ibadətgah kimi istifadə olunur. Divarda işıq effektləri ilə təsvir olunan günəş şüalarında od əks olunur, rəvayətə görə qadının əllərinə günəşdən bir parça od düşür. Bu da əvvəllər Azərbaycanda oda deyil, birbaşa günəşə sitayiş olunmasına dəlalət edir. Sonradan isə insanlar odu günəşin bir parçası hesab ediblər.
Səkkizinci mərtəbədə qala qədim rəsədxana kimi nümayiş olunub. Burada quraşdırılmış eksponatda göstərilir ki, qədim astronomlara görə bu qaladan rəsədxana kimi də istifadə olunub. Elə burada qabaqcıl texnologiyanın köməyi ilə hazırlanan süni ulduzları da izləmək olar.
Doqqunuzuncu mərtəbədə isə Bakının gözəl mənzərəsini seyr etmək mümkündür. Qalanın üstünün yuxarı kənarları isə şüşə ilə əhatələnərək qoruyucu funksiyası daşıyır. Burada mühafizəçi ətrafa nəzarət edir.
Restavrasiya binanın bayır hissəsini də əhatə edib. Burada köhnəlmiş daşlar bərpa edilib, bir neçə yerdən yamaq kimi görünən rəngləmə aradan qaldırılıb, nəticədə qala normal görünüşə sahib olub. Müşahidələrimiz zamanı gördük ki, qalaya daha çox xaricilər axın edir. Onlar tarixi abidələrimizi bəyəndiklərini və bunlardan “Qız qalası”nın misilsiz olduğunu dedilər. Aldığımız məlumata görə, qalanı həftə sonları 250-dən çox insan ziyarət edir. Yerli əhalinin daha çox yuxarıdan şəhəri seyr etdiyini, xaricilərin isə əsasən qalanın çertyojuna, tikintisinə maraq göstərdikləri bildirilir.
Qeyd edək ki, qalada bərpa işləri Avstriyanın bərpaçı mütəxəssisi Erix Pummerin başçılıq etdiyi “Atelier Erich Pummer” şirkəti tərəfindən aparılıb. Təmir və bərpa işlərinə dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb.
Xəyalə Rəis
Fotolar müəllifə məxsusdur

banner

Oxşar Xəbərlər