• cümə, 29 Mart, 17:22
  • Baku Bakı 14°C

Qiymətli ağacları kəsib satan mütəşəkkil dəstə ifşa olunub, vəzifəli şəxslər tutulub - Video

14.03.20 14:25 1582
Qiymətli ağacları kəsib satan mütəşəkkil dəstə ifşa olunub, vəzifəli şəxslər tutulub - Video
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Oğuz və Qəbələ rayonlarında meşələrdə qiymətli ağacları kəsən mütəşəkkil dəstəni ifşa edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib.
Belə ki, hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olub.
Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülüb.
Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir.
Həmin şəxslərin cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-nəzarət tədbirləri görülmüş, onların cinayət əməlləri qeydə alınaraq dəstə rəhbəri və üzvlərinin qanunsuz fəaliyyətləri hərtərəfli öyrənilmişdir. Vəzifəsi meşə sahələrinin qorunması və inkişaf etdirilməsi olan mərkəzin direktoru İlqar Qəribovun və qeyrilərinin cinayət əməlləri təkzibedilməz sübutlarla təsdiq edilib.
Araşdırmalarla məlum olmuşdur ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub.
Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib.
Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi, hətta məhv edilən ağaclardan bəzilərinin yaşının 200-250 il olduğu da məlum olub.
Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər