• cümə axşamı, 28 mart, 17:31
  • Baku Bakı 16°C

Qışı yayından gözəl Gürcüstan - Fotolar

23.01.19 09:00 3450
Qışı yayından gözəl Gürcüstan - Fotolar
Gürcüstanı Qara dənizi, Batumisi, Borjomisi, Kabuletisi ilə məşhur bir ölkə olaraq tanıyırıq. Hər il yay aylarında istirahət üçün əsasən qonşu ölkənin bu bölgələrinə üz tuturuq. Amma qonşu ölkənin həm də gözəl və sərfəli qış turizmi imkanları var.
Ötən həftə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Beynəlxalq Turizm Təşviqi İdarəsinin təşkilatçılığı ilə Gürcüstanın qış turizmi ilə yaxından tanış olduq. Bir qrup azərbaycanlı jurnalistin iştirak etdiyi tur zamanı aydın oldu ki, Güctüstanı gəzməklə, görməklə bitmir. Gəzdikcə insanlarının xoş rəftarını, zəngin mətbəxini, tarixi abidələrini, istirahət üçün ucqar bölgələrində belə yaradılan şəraiti gördükdə, bu ölkəyə daha çox bağlanırsan.
Səfərimiz Tbilisi beynəlxalq hava limanından başladı. Oradan 5 saatlıq yolla Kutaisiyə çatdıq. Kutaisidə müəyyən yerləri gəzdikdən sonra qış turizmi üçün daha çox turist cəlb edən Mestiaya yollandıq. Mestiada gördüklərimiz bizi əmin etdi ki, bir ölkənin mədəniyyətini və istirahət məkanlarını araşdırmaq üçün onun daxilinə girmək və ucqar bölgələrini gəzmək əsas şərtlərdən biridir. Mestia da məhz belə diyarlardandır.
Tarixi diyarın qoynunda qış turizmi
Mestia Qafqaz dağlarında, 1500 metr yüksəklikdə yerləşir. Svaneti bölgəsində yer alan Mestia çox möhtəşəm qış mənzərəsinə malikdir. Qonağı olduğumuz ərazidə etnik svanlar yaşayır ki, onların özlərinə məxsus mədəniyyəti və dilləri var. Svanlar 1000 illik mədəniyyətlərini qorumağa davam edirlər.

Burada keçmişdən qalan orta boylu, möhtəşəm görünüşlü tarixi Svan qüllələri yerləşir. Bələdçinin dediyinə görə, bu qüllələr XIII yüzilliyə məxsusdur. Həmin qüllələrin tarixi orta çağ dövrünə qədər gedib çıxır. Həmin illər bu qalalar döyüş zamanı müdafiə və soyğunçulardan qorunmaq məqsədi ilə tikilibmiş. 25 metr hündürlüyü, 4 və 7 mərtəbəsi olan bu qüllələr daşdan inşa edilib. Onun yuxarı hissəsi isə əsas gövdədən bir az enlidir. Beləcə, düşmənlərin üst tərəfdən hücum etməsinin qarşısı alınıb. Hətta deyilənlərə görə, bu bölgədə qan davası çox yayılıb. Və insanlar öz davalarından qorunmaq üçün bu qüllələrə sığınıb. Savaş bitdikdən sonra insanlar qüllələri tərk edib. Sonralar bu qüllələr tövlə və heyvanlara yem saxlamaq üçün anbar kimi istifadə edilib. Bəziləri isə hələ də boşdur.

Bu qüllələri görmək üçün dünyanın müxtəlif yerlərindən turistlər buraya axın edir. Mestiaya qonaq olduğumuz gün aramsız qar yağmağa başladı. Hər tərəfi bürümüş qalın örtüklü qar Mestiaya ayrı bir ab-hava bəxş edirdi. Məhz qarın çox yağması səbəbindən qüllələrin üzərinə çıxaraq şəhəri yüksəklikdən izləmək şansımız olmadı. Mestia böyük dağların arasında olduğu üçün bura çox soyuq idi. Burada tikilən kiçik hostellər, otellər turistlə dolu idi. İnsanlar buraya daha çox xizək sürmək və kanata minmək üçün gəlirlər.
Yaxınlıqdakı Hatsvali kəndində yeni istifadəyə verilmiş xizək mərkəzi fəaliyyət göstərir. Mestianın mərkəzindən Hatsvaliya qədər asfalt yol çəkilib. Bu qış turizmi mərkəzi Svaneti bölgəsində yerləşən yeni xizək mərkəzlərindən biridir. Yayda bura sıx meşələr və tarixi abidələrə görə gələn turistlər, qışda da xizək turizmindən bəhrələnə bilərlər. Orada olduğumuz gün daha çox yerli vətəndaşların burada xizək sürdükləri və kanatdan istifadə etdiklərinin şahidi olduq. Şam ağaclarının üzərindəki bəyaz qar ümumi mənzərəni daha da gözəlləşdirirdi. İkitərəfli kanatın olduğu bu məkanda restoranlar, otellər də fəaliyyət göstərir.
Bir sözlə, Hatsvalinin möhtəşəm təbiəti və şam ağacları bu turizm obyektini daha da maraqlı edir, turistləri özünə cəlb edir. Burada böyüklərlə bərabər, uşaqlar da əylənir, xizək sürür və kanat vasitəsi ilə sıldırım qayaları görmək imkanı əldə edirlər.

Gürcüstanın digər bir qış turizm məkanı isə Uşqulidir. Uşquli Avropanın ən yüksək dağlıq ərazisidir. Svanetinin şərqində, 2,200 metr hündürlükdə yerləşir. İnguri çayının mənbəyində, Şıxara dağının ətəyində (5068 metr) qərar tutub. Mestia rayon mərkəzindən - əsas yol boyunca şərqdən təxminən 33 km məsafədədir. Uşquli dörd kənddən - başı qarlı dağları ilə insanları valeh edən Zhibiani, Chvibiani, Chazhashi və Murkmelidən ibarətdir.

İki ildir istifadəyə verilən Qoderdzi Passı görənə qədər elə hesab edirdik ki, Hatsvali qış turizm komleksi Gürcüstanın ən gözəl və ən müasir texnologiyalarla hazırlanmış qış turizm kompleksidi, Uşquli isə ölkənin ən hündür dağlıq ərazisi...

Mestiadan 4 saat yol qət edərək Batumiyə, oradan da 4 saata Goderdzi qış turizm komplesinə üz tutduq. Əvvəllər dağ yürüşçülərinin üz tutduğu bu ərazi hazırda dinamik şəkildə inkişaf etdirilərək müasir xizək kurortuna çevrilib.
Bəyaz səhra və soyuq Qoderdzi
Qoderdzi Acariyanın ən yüksək nöqtəsidir və nisbətən dənizə yaxın olması səbəbiylə bura tez-tez yağış yağdığını deyirlər. Qoderdzi Pass Gürcüstanda görüləcək qış istirahət mərkəzlərinin yəqin ki, ən birincisidir. Yeni xizək mərkəzi ölkənin qərb bölgəsindəki Acara şəhərində, Qoderdzi Pass-da, dəniz səviyyəsindən 2366 metr yüksəklikdə, Qara dəniz sahilindən 100 kilometr uzaqlıqda nadir bir iqlim zonasında yerləşir.
Qoderdzi qış turizm mərkəzi olaraq Hatsvalidən çox fərqlənir. Əvvəla ona görə ki, bura sıx meşələrlə örtülməyib. Qoderdzidə səhraya bənzəyən qar örtüyü mövcuddur. Burada müasir, bağlı kabinəli kanatlar fəaliyyət göstərir, xizək sürmək üçün uzun, ucu-bucağı görünməyən ərazi ayrılıb. Bu da onu Gürcüstanda yerləşən digər qış turizm bölgələrindən fərqləndirir. Burada xizək sürən polislər də fəaliyyət göstərir ki, onlar xarici turistlərin və bu turizm kompleksinə üz tutan yerli vətəndaşların təhlükəsizliyini təmin edirlər. Bu ərazidəki kanatlarda turistlərin təhlükəsizliyi üçün nəinki polislər, eyni zamanda tibb xidməti də fəaliyyət göstərir.

İkinci kanat yüksəkliyə doğru qalxdıqca hava daha da soyuyur. Yüksəklikdə kanatdan endikdə isə, sanki ucsuz-bucaqsız bir qar səhrasına düşürsünüz. Külək Günəşin şüasından parıldayan qar dənələrini havaya sovurur, əllərində xizək çubuqları olan uşaqlar ətrafımızda qaçışırlar.

Burada qiymətlər də çox münasibdir. Belə ki, əgər gün ərzində bütün kanat yollarından istifadə edəcəksinizsə, 25 larinizdən (təxminən 16 manat) keçməli olacaqsınız. Bura həftə içi saat 10:00-dan 16:00-a qədər fəaliyyət göstərir. Həftə sonları isə 10:00-dan 17:00-a qədər açıqdır.
Tetnuldi - xizəkçilərin məkanı

Gürcüstanda yeni xizək kurortlarından biri də Tetnuldidir. Qafqaz dağlarının əsas zirvələrindən biri olan Mount Tetnuldi (Mavi Dağ) Gürcüstanın ən maraqlı yeridir. Bura Mestia kəndindən 20 km məsafədə yerləşən Upper Svaneti ərazisində yerləşir. Onun hündürlüyü 4869 metrdir. Bura xizək sürmək üçün ən ideal məkan kimi qiymətləndirilir.

Bələdçi deyir ki, Gürcüstan əfsanələr diyarıdır. Tetnuldi dağının tez-tez qalın sis, dumanla örtülməsi ilə bağlı buranın insanları əfsanələr danışır. Deyilənlərə görə, Tetnuldi çox utancaqdır və daim ondan sonra görünən ikinci dağ zirvəsi Uşbadan gizlənir. Sis, duman Tetnuldinin üzünü Uşbadan gizlədirən örtükdür. Biz də bələdçinin söylədiyi hekayələri dinləyərək, başı qarlı həmin dağları seyr edirik. Gözəl təbiət mənzərələrindən doymaq mümkün olmasa da, buradan ayrılmaq məcburiyyətindəyik.

Qış ab-havasından çıxmamış, yenidən Batumiyə geri dönürük. Gecə görünüşü ilə bizi özünə valeh edən Batumiyə.
Ardı var...
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər