Qışda başıaçıq gəzmək sağlamlığa nə kimi ziyan vurur? - Gənclərə məsləhət
Fəsillər
dəyişdikcə, geyimlərimiz də dəyişir. Hər fəslin öz geyim tərzi var. Yayda daha
rahat, yüngül geyimlərə üstünlük veririk, qışda isə əksinə, daha qalın
geyinirik. Amma nədənsə, qış geyimlərini bəzi insanlar sevmir. Həmin geyimlərin
onları narahat etdiyini və buna görə də imtina etdiklərini deyirlər.
"İnsanların
ilk imtina etdikləri qış geyimi papaqdır”
desək, yanılmarıq. Bədənlərinə nə qədər qalın geyinsələr də, bir çox
gənclər papaq taxmaq istəmir. Kimisi başını narahat etdiyini, kimisi yaxşı
görünmədiyini, yaraşmadığını, kimisi də saçlarına ziyan etdiyini bildirir. Bu aylarda əsasən də xanımlar saçlarını
düzləşdirdikdən, yaxud dahər hansı bir formaya saldıqdan sonra dağılmasın
deyə, baş üçün hər hansı örtükdən istifadə etmirlər. Hətta zarafatyana "gözəllik
qurban tələb edir”deyərək, sağlamlıqlarını böyük təhlükə altına alırlar. Amma
hər dəfə qışda evdən başıaçıq çıxanda, valideynlər sağlamlığımıza böyük ziyan
vurduğumuzu deyirlər. Bu, doğrudanmı belədir? Görünüş gözəl olur, bəs
sağlamlığımıza nə kimi ziyan vururuq?
Həkimlər
bildirirlər ki, soyuq və
sərt qışda bayırda qalacağınız müddəti əvvəlcədən nəzərdən keçirib, buna uyğun
olaraq qalın geyinmək lazımdır. Çünki soyuq havada çox qaldıqda, orqanizmin
müdafiə qüvvəsi aşağı düşür və xəstələnmək üçün şərait yaranır. Papaq taxmaq və qulaqlara soyuq havanın daxil olmasını
əngəlləmək qışda qorunmağın ən əsas yollarından biridir. Soyuq havalarda başıaçıq gəzmək üz
iflicinə səbəb ola bilər. Soyuq hava sinirlərin gərilməsinə şərait yaradır və
üzdəki əzələlərin idarə edilməsinə maneçilik törədir. Buna görə də, əzələlər
hərəkətsiz qalır. Üz hərəkətlərini təmin etmək üçün beyindən gələn əmrləri
əzələlərə çatdıran üz sinirlərindəki problemlər bu xəstəliyə səbəb olur. Üz
iflici insandan asılı olaraq özünü fərqli formada göstərir. Bəzən çox yumşaq
olur və yalnız insan güldüyü zaman bəlli olur. Üzün yarısı qismən hərəkətsiz və
ifadəsiz qalır. Ətraf sinir sistemi səbəbindən, üz iflici alını qırışdırmağa
mane olur, gözlər yumulmur, dişləri göstərmək mümkün olmur, dodaqlar büzülmür, ağzın
kənarları düz qalır.
Tibb üzrə ekspert,
professor Adil Qeybulla deyir ki, baş örtükləri
hər fəsildə istifadə oluna bilər: "Yayda günəş şüalarından, qışda isə soyuqdan
qorunmaq üçün papaq və şərfdən istifadə etmək lazımdır. Əks halda, insan,
müalicəsi çətin olan bəzi xəstəliklərə tutula bilər. Lakin bəzi insanlar baş
örtüyündən çox istifadə edir. Bir tərəfdən, bu da ziyandır. Çünki başın dərisi
nəfəs almalıdır, saç diblərini çox havasız saxlamaq olmaz. Əks halda, saçlar
tökülə bilər”.
Həkim deyir ki, baş dərisinin soyuqlaması tez bir
zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur: "Bunun nəticəsində insanın
immuniteti kəskin zəifləyir və insan soyuqdəymə və infeksiya xəstəliklərinə
daha tez tutula bilər. Qulaqlar soyuğa xüsusilə, həssasdır. Qulaq sinirinin
iltihabı eşitmənin pisləşməsinə, qulaqlarda ağrılara, vaxtında müalicə
olunmadıqda, karlığa da gətirib çıxara bilər. Orta qulağın iltihabı olan otitin
əsas səbəbi də məhz soyuqlamadır”.
Müsahibimiz bildirir ki, papaq qoymamaq bəzi
xroniki xəstəlikləri olan insanlar üçün daha təhlükəlidir: "Burun-udlaq da
soyuqlamaya çox tez reaksiya verir. Nəticədə insanda zökəmin, tonzillitin
(angina), bronxitin və s. iltihabların riski xeyli artır. Xüsusilə, bu, xroniki
tonzillit, xroniki haymorit kimi xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
İstənilən soyuqlama onlarda xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər”.
"Papaqda saçlar əzilir, düzümü korlanır deyə, bir
çoxları saçlarını "qorumaq” məqsədi ilə papaqdan imtina edir” deyən ekspert
bildirir ki, əksinə, soyuq, saçların sağlamlığına çox ciddi ziyan vurur:
"Soyuqda baş dərisinin kapilyar damarları daralır, saç follikullarının
qidalanması kəskin pozulur. Bu isə saçların vəziyyətinə mənfi təsir edir -
saçlar zəif, nazik, cansız olur, tökülür. Başın soyuqlaması üz sinirlərinin
iltihabına səbəb ola bilər. Bu, çox ciddi, güclü ağrılarla müşayiət olunan,
çətinliklə müalicə olunan pozulmalardır. Üz sinirinin iltihabı nəticəsində
insanın üzü əyilə bilər. Həmçinin, başın soyuqlaması güclü baş ağrılarına, kəllədaxili
təzyiqin artmasına səbəb ola bilər”.
Müsahibimiz deyir ki, başın
soyuqlaması miqren tutmasına da gətirib çıxarır. Bir çox insanlarda ağır baş
ağrıları ilə müşayiət olunan miqren xəstəliyi məhz başın güclü soyuqlamasından
sonra meydana çıxıb.
Günel Azadə