• çərşənbə, 17 Aprel, 03:20
  • Baku Bakı 14°C

Qısamüddətli zəlzələ proqnozu vermək mümkün deyil

19.03.19 10:30 2246
Qısamüddətli zəlzələ proqnozu vermək mümkün deyil
Hər il dünyada yüz minlərlə zəlzələ baş verir. Onların çoxu zəif olduğu, yerin dərin qatlarında, okean və dənizlərdə baş verdiyi üçün insanlar bundan, adətən, xəbər tutmurlar. Amma yerüstü qatı silkələyən zəlzələlərdən 20-yə qədəri fəlakətlə nəticələnir. Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar tərpənməsi – yəni zəlzələ ən dəhşətli təbii fəlakət kimi tarixdə qanlı izlər qoyub. Elm inkişaf etdikcə zəlzələnin öyrənilməsi və təbii ki, onun fəsadlarının minimuma endirilməsində xeyli irəliləyiş var. Amma bu təbii fəlakətin proqnozlaşdırılması hələ ki mümkünsüz sayılır. Azərbaycan da əsrlər boyu zəlzələnin fəsadlarından zərər çəkmiş regionlardandır. Ölkəmizin zəlzələ tarixinə qısa ekskurs etmək və indiki seysmik durumla bağlı bir neçə sualla Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin(RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü , professor, Əməkdar elm xadimi, Azərbaycan Seysmoloqlar Assosiasiyasının prezidenti Qurban Yetirmişliyə müraciət etdik.
- Qurban müəllim, ölkə tarixində İlk güclü zəlzələlər nə vaxt baş verib? Ümumiyyətlə, respublikamızın hansı zonası seysmik baxımdan aktiv sayılır?
- Azərbaycan ərazisində məlum olan ən qədim güclü zəlzələlər 427-ci, 1139-cu, 1235-ci illərə təsadüf edir və Gəncə bölgəsində baş verib. 1139-cu il zəlzələsi zamanı Göygöl əmələ gəlib. Həmin zəlzələlərin baş verdiyi ərazidə (Zurnabad yaxınlığında) 1867 və 1868-ci illərdə episentrdə intensivliyi 7-8 bal, 1900-cü ildə isə intensivliyi 6 bal olan güclü zəlzələlər qeydə alınıb.
Şamaxı rayonu da güclü və dağıdıcı zəlzələlərin baş verdiyi bölgələrdən biridir. Bizə məlum olan ən qədim Şamaxı zəlzələsi 1192-ci ilə təsadüf edir. Bu zəlzələnin maksimal intensivliyi 7-8 bal, maqnitudu M≈4.5 qiymətləndirilir. Şamaxıda 1667-ci ildə baş vermiş zəlzələ 9-10 bal olub ki, bu da Qafqazın indiyə qədər olan zəlzələlərinin ən güclüsü hesab edilir. O dövrdən gəlib çatan məlumatlar zəlzələ zamanı 80.000-dən çox insanın tələf olduğunu göstərir. Bu təbii fəlakət sonrakı bir neçə il ərzində episentrdə intensivliyi 8 bala çatan güclü afterşoklarla müşayiət olunub. 1828, 1859, 1869, 1872-ci illərdə də Şamaxı bölgəsində yüksək intensivlikli zəlzələlər qeydə alınıb.
Şamaxı rayonunu 1902-ci ildə silkələmiş zəlzələ kifayət qədər yaxşı öyrənilib. Onun maqnitudu pleystoseyt zonasındakı maksimal intensivliyi 9 bal qiymətləndirilir.
Azərbaycan ərazisi yüksək seysmik aktivliklə səciyyələnir. Lakin burada seysmiklik qeyri-bərabər yayılıb. Böyük Qafqazın Azərbaycan hissəsində, Talış, Şirvan-Sabirabad-Zərdab, Gəncə-Kəlbəcər zonalarında yüksək aktivlik müşahidə olunduğu halda, bəzi qərb və cənub-qərb rayonlarında azsaylı seysmik təkanlar qeydə alınır. Belə seysmik cəhətdən aktiv olmayan ərazilərə həmçinin Abşeron yarımadası və ondan cənubda yerləşən Ələt-Neftçala zonası da aiddir.
- Azərbaycan ərazisində seysmikliyin öyrənilməsi tarixində hansı dövrlər olub?
- Ümumiyyətlə, Azərbaycan ərazisinin seysmikliyinə həsr edilmiş ilk yazılar XIX əsrin ikinci yarısında meydana gəlmiş və bu işlər əsasən 1859, 1861, 1872-ci illərdə Şamaxı ərazisində baş vermiş, intensivliyi 8 bala çatan güclü zəlzələlərin təzahürü və nəticələrinə həsr edilib. Həmin yazılarda bu zəlzələlərin baş verməsi pleystoseyst sahələrin geoloji quruluşu ilə əlaqələndirməyə cəhd edilir.
Azərbaycan ərazisində ilk seysmik stansiya Şamaxı zəlzələsindən sonra 1902-ci ildə elə hmin rayonda yaradılıb. Qısa zaman ərzində -1899-1905-ci illər müddətində Qafqazda seysmik stansiyaların sayı 9-a çatıb, onlardan 4-ü ( "Şamaxı”, "Bakı”, "Balaxanı” və "Zurnabad”) Azərbaycan ərazisində olub. Bu stansiyalardakı cihazların böyütmələri yüksək olmadığından (V=15÷50) ancaq güclü zəlzələləri qeydə almaq mümkün idi. Bundan əlavə, seysmik stansiyalar müntəzəm işləmədiyindən və ümumiyyətlə, Birinci Dünya müharibəsi illərində işlərini tam dayandırdığından seysmik tədqiqatlar əsasən, makroseysmik məlumatlara əsaslanırdı.
Müxtəlif illərdə respublika ərazisində yeni seysmik stansiyalar açılıb. 1949-1951-ci illər ərzində "Gəncə”, "Naxçıvan” və "Lənkəran” stansiyaları, 1966-1968-ci illər ərzində "Jiloy” (indiki Çilov adası ), "Mingəçevir” və "Pirqulu” stansiyaları, 1973-1979-cu illər ərzində "Şəki”, "Zaqatala” və "Quba” stansiyaları təşkil olundu.
1981-ci ildə İsmayıllı rayonu ərazisində indiki Şamaxı zəlzələsi kimi maqnitudu M=5, episentrdə intensivliyi 7 bal olan, rayon mərkəzində və episentrə yaxın yaşayış məntəqələrində çoxlu sayda dağıntılarla müşayiət olunan zəlzələ baş verdi. Zəlzələdən dərhal sonra dövlət başçısı, Ümummilli lider H.Əliyev fəlakət zonasında oldu. Zəlzələnin fəsadları ilə yaxından tanış olan Heydər Əliyev onların tezliklə aradan qaldırılması haqqında göstəriş verdi və bütün işləri öz nəzarətində saxlamaqla həmişə xalqın yanında olduğunu göstərdi. İsmayıllı zəlzələsi həm də Azərbaycanda seysmologiyanın inkişafına yeni təkan verdi. Heydər Əliyevin göstərişi ilə qısa zaman ərzində respublika ərazisində daha səkkiz yeni seysmik stansiya ("Lökbatan”, "Sumqayıt”, "İmişli”, "Cəbrayıl”, "Kəlbəcər”, "İsmayıllı”, "Cəlilabad” və "Nardaran”) yaradıldı.
Əvvəlki illərdən fərqli olaraq yalnız güclü zəlzələlərin deyil, həm də bir çox zəif zəlzələlərin dərinliklərini müəyyən etmək mümkün oldu. Azərbaycan ərazisinin seysmikliyinin yalnız keyfiyyətcə deyil (episentrlər xəritəsi), həm də kəmiyyətcə araşdırılmasına geniş yer verilib. Bir sıra müəlliflər müxtəlif dövrlər üçün respublika ərazisinin seysmik aktivlik xəritələrini qurmuşlar. Azərbaycan ərazisini seysmik cəhətdən ən təhlükəli bölgələrə ayırmaqla yanaşı, seysmikliklə bir sıra geofiziki sahələrin anomal dəyişmələri arasında qarşılıqlı əlaqələr axtarılmasına və digər seysmoproqnoztik tədqiqatlara geniş yer verilib.
2000-ci il noyabrın 25-də baş vermiş Xəzər (Bakı) zəlzələsindən sonra dövlət başçısı ölkənin seysmik stansiyalarının yeni və ən müasir avadanlıqlarla təchiz olunması ilə əlaqədar göstəriş verdi və 14 dəst ABŞ-ın "Kinemetrics” şirkətinin istehsalı olan telemetrik, peyk rabitə kanallı, müasir seysmik monitorinq sistemi yaradıldı. Bununla da Azərbaycanda seysmologiyanın inkişafında yeni dövr başlandı.
Seysmik stansiyalardan əlavə Yerdə gedən horizontal və maili hərəkətlərin sürətlərini təyin etmək üçün 25 GPS və 15 Tiltmetr stansiyaları fəaliyyət göstərir, müxtəlif geofiziki (qravimetrik və maqnitometrik) cihazlar respublikanın ayrı-ayrı məntəqələrində quraşdırılıb. Hazırda AMEA nəzdində RSXM-də olan müasir seysmoloji, geofiziki və geodezik stansiyalar şəbəkəsinə dünyanın aparıcı dövlətlərinin mütəxəssisləri həsəd aparır. Həmin ölkələrdə seysmoloji, geofiziki və geodezik stansiyalar şəbəkəsi ayrılıqda fəaliyyət göstərirsə, Azərbaycanda bu müşahidələr kompleks şəkildə aparılır.
- Bu tədqiqatların nəticələri haqqında nə demək olar?
- Azərbaycanda aparılan kompleks müşahidə materialları əsasında ölkə ərazisində yerin dərinlik quruluşu, iri dərinlik qırılmalarının aktiv hissələri, torpaq sürüşmələri, palçıq vulkanları və s. tədqiqat işləri aparılır. Aparılan tədqiqatlar göstərir ki, 1991-ci ildə tərtib olunmuş "Azərbaycanın müvəqqəti-sxematik seysmik rayonlaşdırma xəritəsi” respublika ərazisindəki seysmik şəraiti adekvat əks etdirmir. Məlum olub ki, iri dərinlik qırılmalarının aktiv hissələri potensial zəlzələ ocaqları zonalarıdır. Bu, respublika ərazisinin seysmik rayonlaşdırılmasının düzgün tərtib olunmasının və ya seysmik balın dəqiqləşdirilməsinin əsas şərtlərindən biridir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları bu problemin həlli, respublikanın yeni, elmi cəhətdən əsaslandırılmış və dəqiqləşdirilmiş seysmik rayonlaşdırma xəritəsinin tərtib edilməsi üçün Dövlət Proqramı hazırlayaraq 2015-ci ildə Nazirlər Kabinetinə təqdim ediblər.
- Azərbaycanda seysmik hadisələrin öyrənilməsi üzrə dövlət proqramı barədə daha nə demək olar?
- Real zaman miqyasında seysmik hadisələri qeydə alan seysmik stansiyalar şəbəkəsi respublika daxilində, regionda və dünyada istənilən zəlzələnin parametrlərini, xüsusilə də onların dərinliyini (əvvəlki dövrlərdə zəlzələlərin dərinliyini təyin etmək həmişə mümkün olmurdu) qısa zaman ərzində təyin etməyə, seysmik dalğaların spektral analizlərini aparmağa, zəlzələ ocaqlarının mexanizmini, dinamik parametrlərini təyin etməyə və s. seysmoloji məsələlərin həllinə imkanlar yaradır. Prezident İlham Əliyev cənabları da Azərbaycanda seysmologiyanın inkişafına xüsusi diqqət ayırır. Onun dəstəyi ilə 2008-ci ildən indiyə qədər respublika ərazisində ABŞ-ın istehsalı olan, ən müasir rəqəmsal seysmik stansiyaların sayı 35-ə çatdırılıb, güclü zəlzələ ocaqları zonalarında xüsusi tədqiqatlar üçün nəzərdə tutulan 8 mobil rəqəmsal seysmik stansiya alınıb.
- Əhali zəlzələ ilə bağlı necə maarifləndirilir?
- Zəlzələ ilə bağlı əhalinin maarifləndirilməsi üçün hər şeydən əvvəl onlara bu təbii fəlakət haqqında ümumi anlayışları çatdırmaq lazımdır. Əhali bilməlidir ki, zəlzələ təbii fəlakətlərin ən dəhşətlisidir və ona psixoloji cəhətdən hazır olmaq lazımdır. Təcrübə göstərir ki, zəlzələ baş verən zaman yer səthinin titrəməsindən çox insanların təşvişə düşmələri, həm özlərinin, həm də ətrafdakı insanların xəsarət almalarına səbəb olur. Zəlzələ vaxtı tələfata bina və qurğuların uçulub dağılması, eləcə də əşyaların düzgün yerləşdirilməməsi və düzgün mövqe seçilməməsi səbəb olur. Bu baxımdan, insanların zəlzələ ilə bağlı maarifləndirilməsi ilə yanaşı, onların zəlzələdən əvvəl, zəlzələ zamanı, eləcə də zəlzələdən sonra davranış qaydaları haqqında maarifləndirməsi zəruridir.
Bu təbii fəlakət zamanı insanların xəsarət almalarının minimuma endirilməsi görülən işlərin səviyyəsindən, əhalinin zəlzələ haqqında olan biliyindən və psixoloji cəhətdən hadisəyə nə dərəcədə hazır olmasından asılıdır. Mərkəzimizin gənc mütəxəssisləri artıq neçə ildir ki, maarifləndirmə işləri ilə məşğuldur. Maarifləndirmə işləri Bakı və respublikanın regionlarında aparılaraq məktəblilər və gənc nəslin zəlzələ ilə bağlı maarifləndirilməsi ilə başladı, daha sonra bu məsələ ilə bağlı bir sıra iaşə obyektlərində davam etdirildi.
- Qurban müəllim, zəlzələni proqnozlaşdırmaq mümkündürmü? Doğrudanmı bəzi heyvanların qeyri-adi davranışları zəlzələnin olacağına işarədir?
- Seysmologiya elminin qarşısında duran ən mühüm problem zəlzələnin proqnozlaşdırılmasıdır. Zəlzələnin başvermə vaxtını öncədən proqnozlaşdırmaq hələlik mümkün olmadığı üçün yalnız uzunmüddətli proqnoz verilir və gələcəkdə mümkün ola biləcək potensial zəlzələ ocaqlarının yeri və maksimum seysmik potensialı müəyyənləşdirilir. Uzunmüddətli zəlzələ proqnozu seysmik rayonlaşdırmadır. Seysmik rayonlaşdırma ərazilərin seysmik təhlükə səviyyəsinə görə xəritələnməsidir.
Bəzi heyvanların zəlzələdən bir neçə dəqiqə öncə qeyri-adi davranışları müşahidə edilir. Bu, onların potensial ocaq zonalarında əmələ gəlməsi ehtimal olunan şüalarla əlaqəsi ilə bağlı ola bilər. Lakin bunun tam elmi əsasları aydın deyil və belə hallar həmişə baş vermir. Ona görə də bu amil proqnoz məqsədi üçün istifadə olunmur. Əhali isə bütün hallarda zəlzələ kimi təbii fəlakəti maksimum ağrısız qarşılamaq üçün maariflənməyə özü maraqlı olmalı, bu sahədə aparılan işlərə laqeyd olmamalıdır. Unudulmamalıdır ki, qısamüddətli zəlzələnin proqnozunu vermək hələ ki mümkün deyil.
Şirməmməd Nəzərli
banner

Oxşar Xəbərlər