• cümə axşamı, 28 mart, 22:08
  • Baku Bakı 13°C

Qısa ömrün əbədi sevgisi

05.06.18 10:30 2396
Qısa ömrün əbədi sevgisi
"Böyük şairlərin yaşı olmur, onların yaşı əsrlərlə ölçülür. Mikayıl Müşfiq təkcə Azərbaycan dünyasının şairi deyil, o, bütün türk dünyasının, insaniyyətin şairidir. Nə qədər ədəbiyyat, nə qədər poeziya varsa. Müşfiqin şerləri də yaşayacaq». Görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinin qeyd edildiyi gündə haqqında səslənən bu fikirlər nakam şairin ədəbiyyat aləmində yüksəldiyi ucalıqdan xəbər verir. Akademik, ədəbiyyatşünas alim Rafael Hüseynovun dediyi kimi: "Ən böyük yazıçının doğulduğu gün həmin xalqın ədəbiyyatının ad günüdür. İyunun 5-də böyük Azərbaycan şairi Mikayıl Müşfiq doğulub. Onun 110 yaşı tamam olur. İyunun 4-də isə Müşfiq həbs edilib”.
On illik poetik fəaliyyət
Mikayıl Müşfiqin həyat yoluna nəzər salanda, istedadlı olduğu qədər də nakam bir ömrün hekayəti ilə üz-üzə qalırsan. M.Müşfiq Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlib. Hələ ayyarımlıq olarkən anasını, 6 yaşında isə atasını itirən gələcək şair bacı və qardaşları ilə birlikdə yetim qalıb, yaxın qohumlarının himayəsində böyüyüb. Onun atası Mirzə Qədir İsmayılzadə "Səadət” məktəbində müəllim işləməklə yanaşı, "Vüsaqi” təxəllüsü ilə şerlər yazırdı. Görkəmli bəstəkar M.Maqomayev "Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yazmışdı.
M.Müşfiq nənəsi Qızqayıtın tərbiyəsi altında böyüyüb. O, çoxlu nağıl, əfsanə, xalq şerləri və mahnıları, bayatı və laylaları əzbər bilirdi. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alan Müşfiq sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində davam etdirib.Əmək fəaliyyətinə pedaqoq kimi başlayan gənc şair 7 il Bakının orta məktəblərində müəllimlik edib. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc İşçi” qəzetində çap etdirdiyi "Bir gün” şeri ilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir və eyni zamanda, bədii tərcümə ilə də ciddi şəkildə məşğul olur. A.S.Puşkinin "Qaraçılar” (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun "Demon” poemalarını (R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini, T.Şevçenkonun şerlərini və başqa şairlərin irsindən nümunələri tərcümə edən Mikayıl Müşviq M.F.Axundovun A.S.Puşkinin ölümünə yazdığı məşhur "Şərq poeması”nı da Azərbaycan dilinə çevirir.
M.Müşfiq həbs edilməmişdən əvvəl "Çağlayan” şerlər toplusunu tərtib edib nəşriyyata verir. Topluya şair son illərdəki şeirləri ilə birlikdə bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdi. "Çağlayan” bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı ki, 1937-ci ildə şair "xalq düşməni” damğası ilə həbs edilir. 1938-ci il yanvarın 6-da qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur.
Həmin il iyun ayının 3-dən 4-ə keçən gecə təkcə Mikayıl Müşfiq deyil, Hüseyn Cavid və o dövrün bir çox görkəmli yazıçıları, ədibləri, şairləri həbs edilir. Bir çox Azərbaycan şairləri sovet dövlətinin apardığı siyasətin və bütövlükdə "xalqın düşməni” kimi təqdim olunur. Bütün varlığı ilə xalqının olan Müşfiq də həmin «xalq düşmənləri»ndən biri idi. Akademik R.Hüseynovun fikirləri: "Əslində həmin gün bir şair və insan kimi onun həyatının son anı idi. Düz 19 il Mikayıl Müşfiqin adı Azərbaycan insanı üçün qapalı qaldı. Adı, əsərləri yasaq oldu, Müşfiqin üzərində "xalq düşməni” damğası qaldı. Ona görə də bu gün Müşfiqin işıq üzü görən hər bir kitabı, onun haqqında danışılan hər bir söz, sözlərinə bəstələnən hər nəğmə bu böyük şairin Azərbaycan xalqına qayıdışı deməkdir”.
Elə rəvan, gözəl, mənalı oxuyardı ki...
Mikayıl Müşfiqlə həm yaxın dost, həm də qonşu olan yazıçı-dramaturq Sabit Rəhmanın xatirələri maraqlı olduğu qədər də təsirlidir: "Mikayıl Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən dağlı məhəlləsində yaşadığım müddətdə demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi. Müşfiq hər səhər qardaşıgildən çıxanda mənim pəncərəmin qabağından keçib gedirdi və təbii ki, pəncərədən otağıma baxmamış olmurdu. Otağımın böyük, barmaqlıqsız bir pəncərəsi vardı, yaz-qış onu həyətdən hərlənib gəlməyə tənbəllik eləyən dostlarım qapı əvəzinə işlədirdilər. Müşfiq də pəncərədən otağıma adlayırdı və biz çox vaxt bir yerdə səhər yeməyi yeyərdik. Müşfiq qardaşıgildə yalnız gecələyərdi.
Mənim dünəndən qalma boyat, yavan çörəyim və dişləmə çayım ona halva kimi şirin gəlirdi. Qarşılıqlı atmacalarla yeyib-içərdik. Xeyli danışıb-güldükdən sonra Müşfiq əlini cibinə atıb ortadan bükdüyü bir kağızı çıxarardı.Köhnə əlifba ilə gözəl, xırda xətti vardı. Titrək, həyəcanlı səslə şeirini oxuyardı. Əslində əlində tutduğu kağız yalnız ehtiyat üçün idi. Müşfiq əsərlərini əzbər bilərdi və mətnə baxmadan oxuyardı, elə də rəvan, gözəl, mənalı oxuyardı ki, dinləyicini özünə valeh edərdi.O vaxt Müşfiqin 23-24 yaşı olardı (məndən bir yaş böyük idi). Özü danışardı ki, şer yazmağa lap kiçik yaşlarından başlamışdır. Yetim böyüməsinə, küçələrdə iris, tum satmaqla dolanmasına baxmayaraq, şer oxumağa və yazmağa da imkan tapırmış.O vaxtlar "Eynim” markalı iris vardı. Müşfiq danışardı ki, bu irisdən satanda tində dayanıb bu cür səsləyirmiş: "Eynim” iris eynim a, alan yoxdur, neynim a!..”.
Sabit Rəhmanın xatirələrində Mikayıl Müşfiqin Dilbərlə bağlı sevgisi də yer alıb: "Bizim tez-tez görüşdüyümüz illər, Mikayıl hələ çox sevdiyi Dilbərini tapmamışdı. Sevgi dəryasında üzür, ancaq hara üzdüyünü, necə üzdüyünü bilmirdi. Rast gəldiyi, tanış olduğu gənc gözəl bir qıza platonik məhəbbət bağlayırdı. Onun xəbəri olmadan həyəcan keçirirdi. "Hicran atəşinə” yanırdı və bu proses mütləq yeni lirik şerlərin meydana çıxması ilə bitirdi. Ürəyində adi, bayağı hisslərə yer yox idi, qadına şəhvət gözü ilə baxanlara nifrət edərdi. Yüksək romantik bir sevgi ilə yanıb yaxılırdı. Redaksiyalardan birində makinaçı işləyən bir qıza "könlünü vermişdi”. "Gündə bir şeir” adı ilə qıza otuza qədər şeir yazdı. Hər gün səhər bu silsilədən yazdığı yeni şeiri dostlarından birinə oxuyar, sonra aparıb qızın özünə verərdi. Vəssalam. Ayrı heç bir təşəbbüs göstərməzdi. Qızla yaxından tanış olmağa, onunla gəzməyə çıxmağa heç bir cəhd göstərməzdi. Mən ona deyərdim ki, bu sevgi deyil, sevgi şeri yazmaq üçün bəhanədir.
Təəssüflər ki, "Gündə bir şer" başlığı ilə yazılan o əsərlərin heç biri çap olunmadı. Harda isə itib-batdı. İzi tapılmadı”.
"Yeni günün şairi”
Akademik Rafael Hüseynov Mikayıl Müşfiqi "Yeni günün şairi” adlandırır: «O, yeni dövrün ritmini tutmuşdu. Yeni dövrün, sosialist həyatının ayrı-ayrı nailiyyətlərini də tərənnüm edirdi. Bəzən deyirdilər ki, o, Stalin haqqında da şeir yazıb, niyə onu həbs elədilər? Müşfiqi ona görə məhv eləmədilər ki, o hansısa sovet dövründən şeir yazmırdı və ya yeni həyatı tərənnüm etmirdi. Onu düşüncəsinin tərzinə, millətin ruhunu ifadə elədiyinə görə məhv elədilər. Müşfiqlər qalsaydı, onlar Azərbaycan ədəbiyyatından, ziyalılığından qoparılmasaydı, bugünkü Azərbaycan tamam başqa Azərbaycan olardı. Bugünkü Azərbaycan indikindən daha yüksək, qat-qat mənəvi zəngin Azərbaycan olardı”. Akademik Mikayıl Müşfiqi sevgi şairi adlandırır: "Müşfiq kimi insanların yaratdıqları yalnız oxumaq, zövq almaq üçün deyil, millətin keçmişi, indisi və gələcəyi haqqında düşünmək üçün bir fürsətdir. Ona görə də bu kitab Müşfiqin həyata yenidən qayıdışıdır. Müşfiq həyatı sevən bir insandır. Onun yalnız məhəbbətdən yazdığı şerlər sevgiyə aid deyil. O ümumiyyətlə, nədən yazırdısa-yazsın, orada sevgi, məhəbbət vardı. Daşdan, torpaqdan, güldən-çiçəkdən nə yazıbsa, içərisi məhəbbətlə dolu idi. Həyata, insana, bütövlükdə kainata məhəbbətlə dolu idi. Təsadüfi deyildi ki, Müşfiq «Mən gündən-günə gözəlləşən, işıqlı dünyadan necə əl çəkim» - deyirdi. O, həyatdan əl çəkmək istəmirdi. O, bu dünyada yaşamaq, yaratmaq istəyirdi. Heyf ki, onu məhv etdilər, bu dünyadan qopardılar».
R.Hüseynov Müşfiqi, həmçinin istedadlı tərcüməçi kimi dəyərləndirir: "Müşfiq Azərbaycan dilindən başqa rus və fars dillərini də yaxşı bilirdi. O, Ömər Xəyyamın şerlərini Azərbaycan dilinə tərcümə edirdi. Sonradan Müşfiqin tərcümə etdiyi təxminən 500 rübai əlyazma halında əldə edilərək nəşr olundu. Onları oxuyanda görürsən ki, Müşfiq sanki həmin şerləri Xəyyam Azərbaycan dilində yazmış kimi səsləndirib. Müşfiq təkcə Azərbaycan dilində danışmırdı, o, zamanında bir çox Qərb və Şərq şairlərini Azərbaycan dilinə çevirmişdi. Onun öz əsərləri də bir sıra dillərə tərcümə olunub. Düşünürəm ki, Müşfiqin danışdığı dillərin sayı artdıqca, onun əsərləri dünyanın müxtəlif ölkələrinə yayıldıqca, o, bir şair kimi dünya tərəfindən də daha yaxşı tanınacaq, onun böyüklüyü bəlkə Azərbaycan üçün də daha artıq görünəcək».
Ədəbiyyatşünas alim Mikayıl Müşfiqin qısa – cəmi 29 il yaşamasını təəssüflə dilə gətirir: "Böyük yaradıcıları düşünərkən yalnız onların yaratdıqları haqqında deyil, onların yaratmağa macal tapmadıqları haqqında da istər-istəməz fikrə dalırsan. Müşfiq nə yaradıbsa, Azərbaycan xalqına hansı yadigarları qoyubsa, bu 29 ilin içərisində yazdıqlarıdır. Heyf ki, bu gün Müşfiqdən qalan yadigarlar onun qısa ömrü içərisində yaratdıqlarıdır. Onların hamısı Azərbaycan ədəbiyyatının çox qiymətli parçalarıdır. Azərbaycan xalqı var olduqca, Müşfiq yaşayacaq. Müşfiqdən 100 il əvvəl də şairlər yeni-yeni sözlər qoşublar, Müşfiqdən min il, on min il sonra da yeni-yeni sözlər qoşacaqlar. Yeni şairlər yaranacaq, yeni-yeni əsərlər üzə çıxacaq. Amma Müşfiqdən əvvəlki və sonrakı bütün Azərbaycan poeziyasında Müşfiqin yeri həmişə ən ucalarda olacaq”.
Mikayıl Müşfiq Nargin adasında güllələnərək cəsədi Xəzər dənizinə atılıb. Nakam şairin qəbri olmadığından onun öldürüldüyü ərazidən götürülən bir ovuc torpaq rəmzi olaraq xatirə muzeyində qorunur. Mikayıl Müşfiqin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və meydana adı verilib. Şairin əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. Şerləri, sözlərinə yazılan mahnılar həmişə dillərdə dolaşır. Şairin ölməzliyi də budur...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər