• cümə axşamı, 25 aprel, 17:15
  • Baku Bakı 23°C

Qışa belə hazırlıq?

06.11.14 11:33 1536
Qışa belə hazırlıq?
Bu günlərdə Qubanın Qamqam kəndində qonaq oldum. Rayon mərkəzindən təxminən 15 kilometr məsafədə yerləşən kənddə diqqətimi çəkən əsas məsələ qazın olmaması idi. Kənd sakinləri hələ də odun peçindən istifadə edirdilər. Sakinlərlə söhbətdən o da aydın oldu ki, odunun maşınını 230 manata alırlar: “Əgər evdə bir peç yanırsa, qış uzunu maşın yarım odun bəs edir, iki peç yanarsa, iki maşın yarım-üç maşın odun lazım olur”. Qısası, kənd sakinləri bir qış üçün oduna 350-700 manat arası pul verirlər.
Odunun meşələrdən tədarük edildiyini nəzərə alsaq, bu, tək vətəndaşların deyil, dövlətin də büdcəsinə kifayət qədər ziyan deməkdir. Üstəlik, qazla təminata birbaşa məsul olan “Azəriqaz”ın işində problemlərin olduğunu ortaya qoyan amildir. Ümumiyyətlə, Azərbaycanın qaz operatorunun işi heç ölkə rəhbərliyini də qane etmir desək, yanılmarıq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında “Azəriqaz”ın və Dövlət Neft Şirkətinin bu istiqamətdə apardığı işlərin lazımi səviyyədə olmadığını bəyan etmişdi. İ.Əliyev çıxışında qazlaşdırma ilə bağlı prosesin ləng getdiyini vurğulamışdı. Sitat: “Qazlaşdırma prosesi əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar var. Dövlət büdcəsində də vəsait nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu işləri daha da sürətlə aparmalıdır”.
Digər tərəfdən, qazlaşdırmanın sürətinin aşağı düşməsi “Azəriqaz” la bağlı problemin ancaq bir hissəsidir. Hər gün bir neçə rayonun qazını kəsmək, yaxud abonentlərə verilən qazın təzyiqini aşağı salmaq isə heç nə ilə izah olunmayan bir problemdir. Xüsusilə, soyuqlar başlayandan bəri hər il olduğu kimi, yenə də həmişəki problemlər tez-tez gündəmə gəlir. Son bir neçə ildir ki, ölkənin qaz operatoru müntəzəm olaraq “təmir-quraşdırma, profilaktika və ya yeni xətlərin birləşdirilməsi” kimi standart səbəblər göstərərək az qala hər gün bir neçə, hətta onlarla rayonun, yaxud yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır.
Ölkənin qaz təchizatı sistemində problemlər təkcə hər dəfə eyni səbəb göstərərək bir neçə rayonda qaz verilişinin müvəqqəti dayandırılması ilə məhdudlaşmır. Bir çox rayonlarda, o cümlədən Bakıətrafı qəsəbələrdə qazın təzyiqi həddən artıq aşağıdır. Günün bir çor vaxtlarında təzyiq o qədər azalır ki, qaz cihazları işləmir. “Azəriqaz” isə bunu qışa hazırlıqla izah edir. Halbuki qaz təchizatı haqqında qanunda xidməti yay və qış variantları barədə danışılmır. Qanunda aydın deyilir ki, şirkət fasiləsiz və keyfiyyətli təchizatı təmin etməlidir.
Qeyd edək ki, 2009-cu ilin iyulunda Prezident İlham Əliyevin fərmanı ilə “Azəriqaz” ARDNŞ-nin tərkibinə qatılıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban virtualaz.org-a açıqlamasında “Azəriqaz”ın təmir adı ilə rayonlarda və paytaxtda qazı kəsməsi hallarının real olduğunu qəbul edir, ancaq bunun qaz xətlərində aparılan qaynaq və təmir işləri ilə bağlı olduğunu düşünür: “Bir mühəndis kimi deyə bilərəm ki, hər hansı bir yaşayış məntəqəsinin qaz xəttinin modernləşdirilməsi yüksək təzyiqli qaz xətlərinin kiçik təzyiqli qaz xətlərinə keçirilməsidir. Bunu edərkən yaşayış məntəqələrinə gələn qaz xətləri kəsilir və bu zaman daha böyük yaşayış məntəqələri qazsız qalır. Bəzən “Azəriqaz” məlumat yayır ki, 16 rayon birdən qazsız qalacaq. Bu zaman qaz xətləri kəsilir, qaynaq işləri aparılır. Bu kəsintilərin izahı başqa cür mümkün deyil”.
İ.Şabanın fikrincə, qazlaşdırma və təmir işlərinin ləng aparılması bu işləri görən podratçı şirkətlərin işindən, podratçı şirkətlərin işi isə Dövlət Neft Şirkətindən asılıdır: “Dövlət Neft Şirkəti podratçı şirkətlərlə müqavilədə hansı məbləğə, hansı zamana bu işlərin görülməsinə razılaşırsa, həmin podratçı şirkətlər də işlərini müəyyən edilən zaman ərzində görür”.
“Azərenerji” ASC-nin ünvanına tənqidlər də az deyil. Elə Qubanın Qamqam kəndində insanların narazı olduğu qurumlardan biri də məhz bu ASC-dir. Kənd sakinləri bildirirlər ki, işıqları tez-tez sönür, xətlərdə yaranan nasazlıqlar xüsusilə qış aylarında günlərlə aradan qaldırılmır. Kəndin Rusiyaya tez-tez gedib-gəldiyini deyən sakinlərinin sözlərinə görə, bu ölkənin vətəndaşlarına həsəd aparmağa başlayıblar: “Ən ucqar nöqtəsində belə, 14-15 dərəcə şaxtada insanlar öz işində-gücündə olur. Bizdə havalar bir az soyuyan kimi istiliksiz, işıqsız qalırıq. Prezident əhalinin tərəfindədir, hər çıxışında onlara tapşırır ki, vətəndaşların problemlərini həll etsinlər”.
Əslində, qışa hazırlıq mütləq havalar soyuyanda yada düşməməli, tədbirlər daha öncədən alınmalıdır. Bu zaman tək ucqar kəndlərdə deyil, paytaxt Bakının özündə də belə ciddi problemlər yaranmaz.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər