• şənbə, 20 Aprel, 10:01
  • Baku Bakı 14°C

Qış gəlib, qar da yağıb, amma evlər var ki, istilik görmür

25.11.16 14:16 1623
Qış gəlib, qar da yağıb, amma evlər var ki, istilik görmür
Bu il soyuq qış başımızın üstünü daha tez aldı. Havaların kəskin soyuması ilə əlaqədar əhali mənzillərə istiliyin vaxtından tez verilməsi ilə bağlı fikirlər səsləndirsə də, "Azəristiliktəchizat" ASC-dən bildirdilər ki, mənzillərin istiliklə təchizatına qanunvericilikdə nəzərdə tutulduğu kimi, noyabrın 15-dən etibarən başlanılacaq.

Ayın 15-dən 10 gün keçib. Ancaq istilik təchizatı məsələsi yenə də gündəmdədir. Çünki bəzi mənzillərə hələ də istilik verilməyib. "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisiRafiq Əliyev mətbuata açıqlamasında bildirmişdi ki, qrafikə uyğun olaraq, bütün ərazilərə xidmət göstərən istilik istismar sahələrində qazanxanalar işə salınacaq, amma tədricən. O, qeyd etmişdi ki, proses bir qədər vaxt aparacaq, amma tez olması üçün bütün zəruri tədbirləri görəcəklər: "Rayon qazanxanalarının xidmət zonasında 20-ə qədər istilik məntəqələri var ki, istilik oradan binalara paylanılır. Həmin yerlərdə tənzimlənmə işləri aparılır. Ola bilər ki, iri qazanxanalarda tam rejimə çıxmaq üçün müəyyən müddət tələb olunsun, amma xırda qazanxalarda problem olmayacaq”.

Artıq həmin vaxtdan 10 gün keçsə də, istiliklə təminat cəhətdən problem yaşanan binalar da var. Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində, 12-ci binanın 8-ci blokunda yaşayan sakinin bildirdiyinə görə, onlar yaşadıqları bloka istilik hələ də verilməyib. Sakin bildirir ki, istiliklə təminat gecikdirilsə də, adətən ödəniş noyabrın 15-dən hesablanır. Vətəndaş haqlı sual verir: "İstilik almadığımız müddətə görə niyə ödəniş etməliyik?”

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Rafiq Əliyev bildirdi ki, "Azəristiliktəchizat"ın bütün qazanxana və istilik məntəqələri normal rejimdə işləyir. Hansısa məhəllədə, binada kütləvi şəkildə istilik təminatı ilə bağlı problem yoxdur: "Düzdür, çağrı mərkəzimizə müraciətlər olur ki, hansısa binanın bir girişində istilik var, birində yoxdur. Bunlar da mənzildaxili istilik problemləri ilə əlaqəlidir. Mənzil mülkiyyətdirsə, əslində bu işi balans saxlayıcı təşkilatlar etməlidirlər. Amma abonentlərimizin istiliklə təminatında problemlərin olmaması üçün işçilərimizə göstəriş verdik ki, araşdırıb problemləri həll etsinlər. Ola bilsin ki, hansısa sakin nəyisə düzgün qoşmayıb deyə, istiliklə təminatda problem olur. Bu cür texniki dəstəyi də biz göstəririk. Amma istilik təminatı ilə bağlı problem yaşanacaq ərazimiz yoxdur. Hansı blokda, mənzildə yoxdursa, məlumat verilsin, araşdırıb həll edək. Amma bu, bütün binada istilik olmaması demək deyil”.

R.Əliyev onu da bildirdi ki, ödənişlə bağlı qəbz istiliyin verildiyi gündən hesablanacaq: "Vətəndaşlar bu kimi problemlərə görə də narahat olmasınlar”.

Aygün



banner

Oxşar Xəbərlər