Qırğızlarla taciklər arasında qanlı sərhəd münaqişəsi

Qırğızlarla taciklər arasında qanlı sərhəd münaqişəsi

Siyasət
23 İyul 2019, 17:28 16472
Mərkəzi Asiyanın iki qonşu dövləti - Tacikistan və Qırğızıstan arasında sərhəd münaqişəsi yenidən qızışıb. Maraqlıdır ki, gərginlik region dövlətlərinin Qərblə, xüsusən də Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi barədə qərarların qəbulundan dərhal sonra yenidən güclənib. Yaşanan toqquşmalarda azı bir nəfər ölüb və bir neçə nəfər yaralanıb. Tacikistandakı Vorux bələdiyyəsinin Tocikon ərazisinin icra başçısı Qafurjon Jurayev deyib ki, iyulun 22-də baş vermiş toqquşmalar zamanı bir nəfər öldürülüb, 7 nəfər yaralanıb. O deyib ki, qırğız kəndlilər zorakılıq vaxtı ov tüfənglərindən atəş açırdılar, taciklər isə daş atırdılar. Gərginlik Tacikistana məxsus olan, amma Qırğızıstandakı Fərqanə vadisi ərazisində yerləşən Vorux anklavında taciklər yol boyunca Tacikistan bayraqları düzəndə yüksəlib. Bu hadisə qırğız kəndliləri qəzəbləndirib. Bu ərazini Tacikistanla birləşdirən yol hazırda qırğızlar tərəfindən kəsilib. Əraziyə qoşun yeridildiyi və sakitliyin bərpa olunduğu xəbər verilir. Qırğızıstanın Dövlət Sərhəd Xidməti insident zamanı 5 nəfərin xəsarət aldığını təsdiq edib. Bu sərhədin hər iki tərəfində prezidentlərin gəlişi ərəfəsində dövlət bayraqları düzülür. Bəzi dəqiqləşdirilməmiş məlumatlara görə, Xoca Əlo kəndində də toqquşmalar olub.
Xatırladaq ki, Sovet İttifaqı 1991-ci ildə çökəndən bəri Mərkəzi Asiyada dövlətlərarası sərhədlərin bir çox sektorları mübahisəli olaraq qalır. Fərqanə vadisində yerləşmiş çoxsaylı anklavlar xüsusilə narahat ərazilərdir. Burada Tacikistan, Özbəkistan və Qırğızıstan həmsərhəddirlər. Rusiya nəşrləri yazır ki, Tacikistan və Qırğızıstan prezidentləri – Emomali Rahmon və Sooronbek Jeenbekovun görüşü iki ölkənin sərhədlərindəki gərginliyə son qoya bilər. Məlumata görə, İsfarda baş tutacaq danışıqlarda mübahisəli sərhəd zonalarında demarkasiya və delimitasiya mübahisələrinin həllini nəzərdə tutan sənədlərə imza atılacaq. O cümlədən tacik anklavı Voruxda dəhliz yaradılması da nəzərdən keçirilir. İki ölkənin rəhbəri sərhəd problemi ilə bağlı ilk dəfə deyil ki, görüşürlər. Lakin dövlət başçılarının cəhdlərinə baxmayaraq, problem dondurulmuş vəziyyətdə qalır. Bu ilin martında iki qonşu dövlətin sakinlərinin bir-birilərini öldürmələrindən sonra işçi komissiya yaradılıb. Bu qrup da mübahisəli məsələlərin həlli ilə bağlı tez-tez görüşmək barədə razılığa gəlib. Qeyd edilir ki, sovet dövründə insanlar sərhəd məsələlərinə elə də ciddi önəm vermirdilər. Lakin imperiyanın süqutundan sonra vəziyyət köklü şəkildə dəyişdi. Nəinki müstəqil dövlətlər, o cümlədən anklavlar da peyda oldu. Tacik-qırğız sərhədi 976 km-ə qədər uzanır və bunun yalnız 504 km-i demarkasiya etmək mümkün olub. Yerdə qalanlar mübahisəli sayılır. Dövlətlərarası komissiya yekun mövqeyə hələ də gələ bilmir. Belə ki, Tacikistan 1924-1927-ci illər xəritəsini təqdim edir. O xəritəyə görə Vorux Tacikistanın sərhədləri daxilində idi. Qırğızlar isə 1958 və 1989-cu illərin xəritəsini təqdim edir. Orada isə Vorux onların anklavıdır. Əziyyət çəkən isə Vorux sakinləridir. Bu səbəbdən də tərəflərin ümidi prezidentlərin görüşünədir. "Ozodi” radiosuna müsahibəsində Vorux kənd sovetinin rəhbəri Mehrinnisə Rahmatova bildirib ki, Rahmon şəxsən bu qəsəbəyə gələcək. Tacikistan sakinləri şikayət edirlər ki, münaqişə nəticəsində qırğızlar İsfar-Vorux yolunu bağlayırlar. Bu yol qırğız kəndlərindən keçir. Taciklər dəhliz və yaxud ərazi mübadiləsi təklif etsələr də, qarşı tərəf buna qarşıdır. Bu zaman Vorux ankav kimi qalmayacaq.
Qırğızıstanda torpaqların verilməsi ağrılı mövzudur. "Bişkek Çinə torpaqları verdikdən sonra respublikada neqativ informasiya mühiti formalaşıb. Əgər hakimiyyət orqanları beş hektarlıq xeyir müqabilində bir hektar torpağı versə belə, öz hökmünü oxumuş olacaq. Bişkek yalnız sərhədlərin delimitasiyası nəticəsində kompromisə gedəcək”, - deyə qırğız politoloq Denis Berdakov bildirib. Özü də Qırğızıstanda da analoji vəziyyətdir. Batken vilayəti ölkəni iki yerə bölüb. "Qırğızıstan sakinləri 2013-cü ildə alternativ Koktaş-Aksay-Tamdık yolunun inşasına başlayıblar. Hazırda isə mübahisəli Aksay-Vorux ərazisində ilişib qalıblar. Səbəb də 2014-cü ildən burada gərginliyin yaşanmasıdır. Gah tacik tərəfindən minatanlarla atəşə tutulur, gah da mütəmadi qarşıdurma və davalar yaşanır. Yeni yol Vorux anklavına sərf etmir. Bununla onlar özlərinin ticarət üstünlüyünü itirir”, - deyə politoloq bildirib.
Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev "Nezavisimaya qazeta”ya bildirib ki, sərhəddəki problemlər tək torpaq və su ilə bağlı deyil. Burada hər iki tərəfin həddən artıq güclü kriminal maraqları da toqquşur: "Qırğız Batken və tacik İsfarda yerli iqtisadiyyat güclü inkişaf edib. Qaçaqmalçılıqla məşğul olan qruplaşmalar heç bir halda sərhəd ərazidə adi elementar qaydaların qurulmasına yol vermək istəməzlər. Yerli qaçaqmalçılıq transsərhəd, regional, sözün həqiqi  mənasında beynəlxalq əhəmiyyət kəsb edir. Bu onlara Əfqanıstandan narkotik daşınmasında gərəkdir. Eyni zamanda, Qazaxıstandan Rusiyaya, ilk növbədə Tacikistana və qonşu Özbəkistana, oradan isə Əfqanıstana yanacaq-sürtgü materiallarının daşınması üzrə "boz” marşrutlar da burdan keçir. Bütün bu proseslərdə hüquq-mühafizə orqanları və digər güc strukturları mühüm rol oynayır”. Onun sözlərinə görə, İsfar və Batken beynəlxalq radikal dini qruplaşmaların da aktiv olduğu ərazilərdir. Bura qırğız və tacik əhali arasında etnik millətçilik faktorunun güclü olduğunu da daxil etsək, onda problemi həll etmək elə də asan deyil. Ekspertlərin gəldiyi qənaət bundan ibarətdir ki, problemin həlli istiqamətlərindən biri mübahisəli ərazilər mübadiləsi, birgə iqtisadi zonaların yaradılması ola bilər. Lakin hər iki variant barədə danışmaq hələ tezdir. Qırğızıstanın keçmiş xarici işlər nazirlərindən biri bildirib ki, ilk növbədə ümumi dil tapmaq gərəkdir. Buna isə hələ də nail olmaq mümkün olmayıb. Bu səbəbdən də ilkin olaraq danışıqlar prosesinin özündə aqressiyanı aradan qaldırmağa nail olunmalı, mütəmadi olaraq əhaliyə bunun zəruriliyi başa salınmalıdır.
 
Azər NURİYEV