• cümə axşamı, 25 aprel, 16:17
  • Baku Bakı 23°C

Qırğızlar “itən” 10 milyardı axtarırlar

10.10.18 16:44 520
Qırğızlar “itən” 10 milyardı axtarırlar
Qırğızıstanda yaşanan iqtisadi böhran, deputatları ölkənin 27 illik müstəqilliyi ərzində aldığı kredit və qrantların effektiv istifadə olunub-olunmadığını araşdırmağa məcbur edib. Alınan vəsait isə nə az, nə çox, 10 milyard dollar təşkil edib. Ölkənin əsas kreditorları Rusiya, Çin, Asiya İnkişaf Bankı və Dünya Bankıdır. Ölkənin xarici borcu 4,4 milyard dollar təşkil edir ki, bu da ümum daxili məhsulun təqribən 60 faizi deməkdir. Bu da dövlətin təhlükəsizliyinə ciddi zərbə vura bilər. Parlamentin maliyyə və büdcə komitəsi ölkənin maliyyə yardımı kimi aldığı kreditlərin effektiv sərfiyyatını, eləcə də onların necə geri qaytarılmasını araşdırmaq üçün işçi komissiya yaratmaq barədə qərar qəbul edib. Müvafiq araşdırmanın aparılması barədə təşəbbüs deputat Akılbek Japarovdan gəlib. Müzakirələr zamanı deputat Marlen Mamataliyev kreditlərin mənimsənilməsi məsələsini qaldırıb. Onun həmkarı Ziyəddin Jamaldinov isə bildirib ki, qrant vəsaitləri əhaliyə kredit formasında verilib, milyonlarla dollar vəsait isə qeyri-rentabelli müəssisələrə təqdim edilib. Məsələnin araşdırılmasına səbəb maliyyə naziri Adılbek Kaslmaliyevin hesabatı olub. O, parlamentdə bildirib ki, 1992-ci ildən bu günə kimi Qırğızıstan 10 milyard dollar kredit alıb və bu vəsaitin 72 faizi kredit, yerdə qalanı isə qrant formasında olub. "Ölkənin əsas kreditorları Çin, Rusiya, Asiya İnkişaf Bankı və Dünya Bankıdır. Alınan vəsaitlərin əsas hissəsi – 25 faizi yolların inşasına, 21 faizi enerji sektoruna, 27 faizi büdcənin dəstəklənməsinə, 6 faizi isə kənd təsərrüfatına sərf olunub”, - deyə Kasımaliyev bildirib. Əlavə edib ki, hökumət tərəfindən kredit vəsaitlərinin geri qaytarılması üçün tədbirlər həyata keçirilir. Deputatlar dövlət borcunun qaytarılması üçün düzgün siyasət yürüdülməsinin zəruriliyini bildiriblər. Xarici borcun böyük bir hissəsi – 2,2 milyard dollar ikitərəfli razılaşmalara əsaslanır. Onların arasında Çinin İxrac-İdxal Bankının ayırdığı 1,7 milyard və Yaponiyanın ayırdığı 248 milyon xüsusi seçilir. Nazir deputatların diqqətini ona yönəldir ki, dövlət borclarının ödənməsinin pik dövrü 2027-ci ili əhatə edir. Həmin il Qırğızıstan 400 milyon dollar ödəməli olacaq. "2018-ci il büdcədən borcun ödənməsinə 190 milyon dollar ayrılıb”, - deyə nazir vurğulayıb. Parlamentarilər hökuməti ölkənin suverenliyinin təhlükə altına salmamaq üçün qısamüddətli kreditlər almaq praktikasından çəkinməyə çağırıblar. Kreditorların çoxu Qırğızıstanın borcunu yeni qaydalarla hesablayıblar. Yalnız Rusiya borcları silib. Yerdə qalan donorlar isə xeyirxahlıq missiyasını öz üzərilərinə götürmək niyyətində deyillər. Yay ayında baş nazir Muxammedkalıy Abılqaziyev əhalindən, borcu ödəmək üçün kömək etməyi xahiş edib. Hətta vətəndaşları, dövlətin xarici borcunu ödəmək üçün yaradılmış xüsusi hesablara vəsait köçürməyə də çağırıb. Əgər hər bir vətəndaş 700 dollar ödəsə, dövlət xarici borcu qapada bilər. Lakin məslə ondadır ki, hesaba vəsait köçürən azdır. Prezident Sooronbay Jeenbekovun korrupsiya ilə mübarizə çağırışı da effekt verməyib.
Parlamentin söz azadlığı komitəsinin sədri Adil Turdukulov "Nezavisimaya qazeta”ya bildirib ki, deputatların belə bir təşəbbüsü yeni deyil: "Hər bir çağırışda kredit və qrantların rasional istifadəsi məsələsi qaldırılır. Lakin bu məsələnin real öyrənilməsi ortada yoxdur. Və indi də nəsə olacağını gözləmirəm. Müzakirələr zamanı deputatlar Askar Akayevin prezidentliyi dövründə alınan vəsaitlərin məqsədəuyğun şəkildə istifadə olunmadığı barədə də məsələ qaldırıblar. Lakin heç kim Bakiyevin prezidentliyi dövründə alınan vəsaitlərlə bağlı məsələni qabartmaq istəməyib. Ola bilsin, bir çox deputatlar kredit vəsaitlərinin istifadəsinin boz sxemi ilə bağlıdırlar. Daha dəqiq desək, bu məsələ iqtisadi yox, siyasi məsələdir. Prezident korrupsiya ilə mübarizə məsələsini elan edib, parlament də göstərmək istəyir ki, vergiödəyiciləri hesabına onlara elə-belə əmək haqqı verilmir”.
Müstəqil ekspert Kubat Rahimov hesab edir ki, ilin əvvəlindən başladılan antikorrupsiya dalğası boş bir şeyə çevrilir və bu mövzunu gündəmdə saxlamaq üçün yeni "yanacaq” gərəkdir. "Ən böyük korrupsionerləri həbs ediblər. Bütün məlumatlar Maliyyə Nazirliyində var. Yeri gəlmişkən, məhz Maliyyə Nazirliyi siyasi dalğanın ilk qurbanına çevrilə bilər. Pulların sadəcə, yoxa çıxdığını desək, bu, sadəlövhlük olardı. Bütün layihələr faktiki və yaxud formal hesabatlarla bağlanılıb”, - deyə Rahimov bildirib. Bəziləri isə ölkəyə daxil olan kreditlərin nəzarət və hesablanması nöqteyi-nəzərindən heç bir problem görmürlər. Onların qənaətincə, vəsaitlər hesaba daxil olur. Bu səbəbdən də maliyyə resursları hərəkətini hər zaman izləmək mümkündür. Lakin məsələ ondadır ki, bu vəsaitlərə hansı yolla nəzarət edəsən? Burada məsələ metodikada və daha çox deputatların və hökumətin siyasi iradəsindədir. Üst təhqiqat aparıb vəsaitlərin bu və digər istiqamətdə olduğunu yoxlamaq olar. Eyni zamanda effektivlik nöqteyi-nəzərindən dərin bir tədqiqat aparıb müəyyən nəticələr əldə etmək olar. Lakin gəlinən qənaət budur ki, bu və digər tədbirlərlə ölkə iqtisadiyyatının vəziyyətini yaxşılaşdırmaq mümkünsüz görünür.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər