• cümə axşamı, 25 aprel, 20:22
  • Baku Bakı 21°C

Qırğızlar da qazaxların yolu ilə gedir

24.09.19 18:03 596
Qırğızlar da qazaxların yolu ilə gedir
Qazaxıstanın ardınca Mərkəzi Asiyanın başqa bir türk respublikasında – Qırğızıstanda da ana dilini inkişaf etdirmək məsələsi gündəmə gəlib. Məsələ ondadır ki, rus dili uzun illərdir bu ölkədə də hegemon mövqeyə malikdir. İndi də ölkə rəhbərliyi bu təhlükəni görərək milli dildə danışılması məsələsinin zəruriliyini ortaya atıb. Rəqibi Almazbek Atambayevi sıradan çıxarıb zərərsizləşdirən prezident Sooronbay Jeenbekov ölkədə qırğız dilinin gücləndirilməsinə çağırıb. Bildirib ki, dövlət qulluqçuları ana dilini "Kırqıztest”in tələbləri səviyyəsində bilməlidirlər.
Dövlət başçısı tələb edir ki, qırğız dilinin nüfuzu və təsiri milli atributlardan biri kimi ortaya qoyulmalıdır. Ardınca vəd edib ki, rus dilinin Qırğızıstanda rəsmi statusu da qorunub saxlanmalıdır. Məsələ ondadır ki, Qazaxıstanda olduğu kimi, bu ölkədə də rusların sayı çoxdur. Rus dili Qazaxıstanda olduğu kimi, Qırğızıstanda da üstün mövqeyə malikdir. Bu səbəbdən də dövlət başçısının qəfil təşəbbüsü başadüşüləndir. Bir müddət əvvəl Nursultan Nazarbayev də qazax dilinin rolunun yüksəldilməsi, eləcə də latın qrafikasına keçilməsi barədə qərar verib.
Jeenbekov məlum qərarı ilə bağlı verdiyi bəyanatda onu da bildirib ki, rus dili dünya mədəniyyətinə, elminə, biliyinə bir pəncərədir. Dövlət dili gününün 30 illiyi ilə bağlı keçirilən bayram tədbirində çıxış edən prezident əlavə edib ki, bu müddət ərzində qırğız dili mühüm dəyişikliklərə məruz qalıb, yüksəlib və inkişaf edib. "Qırğız dilinin millətlərarası ünsiyyət dilinə çevrilməsi üçün qarşımızda çox məsələlər durur. Bununla yanaşı, bəyan edirəm ki, rus dili rəsmi dil kimi statusunu qoruyub saxlayacaq”, - deyə prezident vurğulayıb. Jeenbekov tədbirdə mühüm bir faktı da açıqlayıb və bundan narahatlığını ifadə edib. Onun sözlərinə görə, dövlət orqanlarında aparılan işlərdə, yazışmalarda 40 faiz qırğız dilindən istifadə olunur. Bununla belə, qırğız dilində aparılan yazışmalar, hazırlanan sənədlər aşağı səviyyəlidir. Bu da dövlət dilinin nüfuzuna ciddi zərbə vurur.
Bir sıra ekspertlər isə hesab edirlər ki, rus dili ölkədə mövqelərini getdikcə itirmək üzrədir. Sovet zamanında sənədləşmə işləri iki dildə aparılırdı. Lakin son illər hakimiyyət orqanları tam şəkildə qırğız dilinə keçmək qərarına gəliblər. Dövlət müəssisələrində qırğız dilini bilmək üçün məcburi imtahan tətbiq edilib. Bir sıra deputat və siyasətçilər mütəmadi olaraq qırğız dilinin qorunub saxlanılması və inkişafı üçün rus dilinin rəsmi statusdan məhrum edilməsi təklifini səsləndirirlər. Ən əsası, qırğız dilini bilməməyə görə cərimə ödənilməsini tələb edirlər. Qırğızıstan Konstitusiyasına görə, qırğız dili dövlət dili, rus dili isə rəsmi statusa malikdir. "Əksinə, Qırğızıstanda qırğız dilinin itirilməsi tendensiyası hiss olunmaqdadır. Təhsil Nazirliyinin statistikasına görə, son 16 ildə rus dilində təhsil verən məktəblərin sayı 140-dan 170-ə yüksəlib. Bununla yanaşı, rus məktəblərinə müraciət edən uşaqların sayı 127 minə çatıb. Bu səbəbdən də dövlət başçısının bəyanatı havadan götürülməyib. Lakin təəssüf ki, çıxışında məzmunlu bir şey söyləmədi. Ana dilinin inkişaf etdirilməsi istənilən ölkənin başlıca prioritetlərindən birinə çevrilməlidir”, - deyə "Vestnik Kafkaza”ya açıqlamasında prezidentliyə keçmiş namizəd, ictimai xadim Toktayım Umetaliyeva bildirib. Onun sözlərinə görə, Jeenbekovun bəyanatı bu günlərdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bəyanatına daha çox oxşayır. O da prezident seçkilərində qələbəsindən sonra qazax dilinin inkişaf etdirilməsi məsələsini əsas prioritet kimi qarşıya qoydu. O zaman bildirdi ki, dil böyük siyasətin böyük alətidir və hamını bu statusun qaldırılması üçün lazımsız söhbətləri bir kənara qoyub birgə işləməyə çağırdı. Tokayev onu da bildirir ki, qazax dili ölkədə millətlərarası ünsiyyət vasitəsi kimi işlənən rus dilini əvəzləməlidir. Jeenbekov da, həmçinin qırğız dilinin millətlərarası ünsiyyət vasitəsi kimi işlənməsini təklif edir. Vətəndaşları daha tez-tez qırğız dilindən istifadə etməyə çağırır. "Kütləvi informasiyaların genişləndirilməsi, müxtəlif ictimai tədbirlərin keçirilməsi lazımdır, müəssisələrdə və iş prosesində əsas dil dövlət dilində aparılmalıdır”, - deyə Jeenbekov bəyan edib.
Umetaliyevanın sözlərinə görə, qırğız dilinin öyrənilməsi ilə bağlı vəziyyət ölkədə ağır olaraq qalır: "Dərsliklər və vəsait mövcud deyil. Mövcud dərsliklərdə isə xeyli səhvlər var. Bu səbəbdən də valideynlər uşaqlarını rus məktəblərinə qoymağa çalışırlar. Rus dilinin itirilməsi qorxusu heç bir vaxt olmayıb və ola da bilməz. Ancaq qırğız dilinin itirilməsi göz önündədir. Mən Jeenbekovdan öz tarixini və mədəniyyətini bilən millət lideri kimi gəncləri tərbiyə etmək cəhdini eşitmək istəyirdim. Əgər biz rus, ingilis, Çin dilini biliriksə və qırğız dilini bilmiriksə, hansı birlikdən danışmağına dəyər?” T.Umetaliyeva Rusiyada rus dili ilə bağlı keçirilən total imla yazıları kimi Qırğızıstanda da analoji işlərin aparılmasını təklif edib. Yuxarı siniflər üçün isə şifahi və yazılı imtahan verilməsini təklif edib. Onun sözlərinə görə, cəmiyyətdə mütəmadi olaraq qırğız dilinin Kiril əlifbasından latın qrafikasına keçilməsi məsələsi qaldırılıb: "Qırğızlar artıq latın dilinə keçid təcrübəsini yaşayıblar – 1929-1940-cı ildə. Həmin dövrə kimi ərəb yazısından istifadə ediblər. Məhz ərəb dilində qırğız xalqının tarixi də yazılıb. Bu dildə Şərqin böyük alimlərinin əsərləri yazılıb. Bu əsərləri oxumaq üçün ərəb dilinin tədrisi də məntiqi olardı”.
Qırğız əlifbasının başqa qrafika ilə dəyişməsini populist adlandıran ekspert hesab edir ki, buna güclü maliyyə gərəkdir, ikincisi isə 80 il ərzində Kiril əlifbasından istifadə nəticəsində böyük bir ədəbiyyat, tarixi, elmi fond yaradılıb və belə bir zənginliyi qəfildən küçəyə atmaq olmaz.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər